AZ

Antiterror əməliyyatı:Qısa zaman, böyük qələbə

Cənab Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan bu gün yalnız müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamır, eyni zamanda suverenliyini xalqın qəlbində ən müqəddəs dəyər kimi əbədi yaşadır. Dövlət Suverenliyi Gününün təsis edilməsi, Prezidentimizin milli iradəyə, xalqımızın azadlıq və müstəqillik yolundakı mübarizəsinə verdiyi önəmin aydın təcəssümüdür.

2020-ci il 10 noyabr üçtərəfli bəyanatına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin qalıqları üç il ərzində Qarabağdan çıxarılmadı. Əksinə, bölgəyə yeni texnika, minaatanlar, raket sistemləri gətirildi, mülki və hərbi hədəflərə qarşı ard-arda təxribatlar törədildi. Azərbaycan dövləti isə bu müddət ərzində dəfələrlə dialoqa çağırdı, reinteqrasiyanı sülh yolu ilə təmin etməyə çalışdı. Lakin separatçı rejim qondarma qurumlarını möhkəmləndirir, “seçkilər” keçirir, dövlətimizin ərazi bütövlüyünə qarşı bəyanatlar verirdi. 2023-cü ilin sentyabrında baş verən terror aktları isə vəziyyəti dözülməz həddə çatdırdı. Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda minaların partlaması nəticəsində mülki şəxslər və hərbi qulluqçular şəhid oldu. Bütün bunlar göstərdi ki, separatçılar həm Azərbaycanın suverenliyinə, həm də bölgədə sülhə ən böyük təhlükədir.

Xüsusilə qeyd etmək lazımdır ki, 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələ açdı. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində separatizmə son qoyuldu, Ermənistan silahlı qüvvələrinin qalıqları torpaqlarımızdan çıxarıldı, qondarma rejim ləğv edildi və dövlətimizin konstitusiya quruluşu tam bərpa olundu. Bu qətiyyətli addım Azərbaycanın gücünü, ərazi bütövlüyünü müdafiə etmək əzmini və xalqımızın təhlükəsizliyini təmin edən iradəsini bütün dünyaya nümayiş etdirdi.

Antiterror əməliyyatından dərhal sonra uzun müddət görüşdən yayınan erməni icmasının nümayəndələri Yevlaxda Azərbaycanla dialoqa məcbur oldular. Sentyabrın 28-də qondarma rejimin rəhbərliyi özünü ləğv etmək barədə sənəd imzaladı. Beləliklə, Qarabağda separatizmə tamamilə son qoyuldu və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Antiterror əməliyyatı zamanı Ordumuzun yüksək peşəkarlığı və mülki əhaliyə göstərilən humanist yanaşma bir daha təsdiqlədi ki, Azərbaycan dövləti beynəlxalq hüquqa və humanitar dəyərlərə sadiqdir. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təhlükəsizliyi təmin edildi, reinteqrasiya üçün yeni imkanlar açıldı. Əməliyyat zamanı Azərbaycan Ordusunun əsas göstərişi mülki əhalinin qorunması oldu. Qadınların, uşaqların, yaşlıların, xəstələrin təhlükəsizliyi təmin olundu, humanitar yardımlar göstərildi.

Qazanılmış bu zəfər təkcə hərbi əməliyyatın nəticəsi deyildi. Onun arxasında Ali Baş Komandan İlham Əliyevin dəmir iradəsi, müzəffər Azərbaycan Ordusunun şücaəti, cəsur əsgərlərimizin qəhramanlığı və xalqımızın sarsılmaz birliyi dayanır. Bu birlik Azərbaycan tarixində hər zaman ən böyük zəfərlərin açarı olmuşdur və bu gün də dövlətimizin möhkəm dayağıdır. Bu gün üçrəngli bayrağımızın Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə əzəmətlə dalğalanması yalnız hərbi-siyasi uğurun deyil, həm də milli iradənin qətiyyətli təntənəsidir. Azərbaycanın əldə etdiyi bu qələbə gələcək nəsillərə azadlıq və müstəqilliyin qiymətini daha dərindən anladacaq və dövlətçilik ideyalarına sadiqliyi gücləndirəcəkdir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan regionda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı qüvvəsinə çevrilib və bu yol davamlı olacaq. Dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi Azərbaycanın gələcəyini daha da əzəmətli edəcəkdir. 2023-cü ilin antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi tarixində dönüş nöqtəsi idi. Bu gün hər birimiz əminliklə deyə bilərik: Azərbaycanın müstəqilliyi və suverenliyi əbədi və dönməzdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda sülhün, təhlükəsizliyin və inkişafın aparıcı gücünə çevrilmişdir.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor

Seçilən
9
1
ikisahil.az

2Mənbələr