AZ

Gürcüstanın Azərbaycana ixracı azaldı

TBİLİSİ, 19 sentyabr. TELEQRAF

Bu ilin yanvar-avqust aylarında Gürcüstan və Azərbaycan arasında 846,3 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparılıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.

İllik müqayisədə ticarət dövriyyəsinin həcmində 0,25% azalma qeydə alınıb.

Hesabat dövründə Gürcüstanın ümumi ticarət dövriyyəsində Azərbaycan 5,2% paya sahib olmaqla qonşu ölkənin ticarət tərəfdaşları arasında Türkiyə, ABŞ, Rusiya, Çin və Qırğızıstandan sonra VI yeri tutub.

Gürcüstandan Azərbaycana 461 milyon ABŞ dolları dəyərində məhsul ixracı həyata keçirilib ki, bu da ötən ilin eyni göstəricisindən 3,2% azdır. Azərbaycan Gürcüstanın ixracında 10,4% payla qonşu ölkənin əsas ixrac tərəfdaşları arasında Qırğızıstan, Qazaxıstan və Rusiyadan sonra IV yerdə qərarlaşıb.

Gürcüstanın Azərbaycandan idxalı isə ötən ilin analoji dövü ilə müqayisədə 3,4% artaraq 386 milyon ABŞ dollarına yüksəlib.Azərbaycan 3,3% payla qonşu ölkənin idxalında ABŞ, Türkiyə, Çin, Rusiya, Almaniya və Böyük Britaniyadan sonra VII əsas idxal tərəfdaşı olub.

İlk səkkiz ayda Gürcüstan xarici ölkələrlə ticarət dövriyyəsinin ümumi dəyəri 16,2 milyard ABŞ dollarına bərabər olub.Qonşu ölkənin ixrac etdiyi məhsulların həcmi 4,44 milyard ABŞ dolları, idxal etdiyi malların həcmi isə 11,8 milyard ABŞ dolları təşkil edib.

Seçilən
27
teleqraf.com

1Mənbələr