AZ

Qarabağda son nöqtə qoyuldu Böyük tarixdən 2 il keçir…

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Bu gün antiterror əməliyyatlarının ikinci ildönümüdür. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri ölkəmizin suverenliyi və ərazi bütövlüyünün tam təmin olunması istiqamətində son və həlledici addım oldu.

Bu iki gün ərzində Qarabağda qeyri-qanuni silahlı birləşmələrə və bölgəyə müxtəlif vasitələrlə gətirilmiş terror qruplarına qəti şəkildə son qoyuldu. Azərbaycan Respublikasının qanunları bu ərazilərdə tam şəkildə tətbiq olunmağa başladı. Beləliklə, ölkənin dövlət suverenliyi və konstitusiya quruluşu bərpa olundu.

Globalinfo.az-a danışan Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədri Arzu Nağıyev bildirdi ki, 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ təşkil edir:

“Bu, həlledici dönüş nöqtəsi idi. Əməliyyat nəticəsində Qarabağdakı qeyri-qanuni silahlı birləşmələrə və terrorçu qruplara son qoyuldu. Azərbaycan bütün ərazilərində suverenliyini bərpa etdi və konstitusiyamızın tələblərinə uyğun olaraq qanunlarımız işləməyə başladı. 30 ildən artıq davam edən işğal dövrünün yaratdığı problemlərə nöqtə qoyuldu. Separatizmi dəstəkləyən və ona rəhbərlik edən şəxslərin həbsi ilə nəticələnən bu əməliyyat zamanı çox sayda silah-sursat da ələ keçirildi. Əməliyyat zamanı dinc əhali üçün dəhlizlər yaradıldı ki, mülki şəxslər zərər görməsin. Əsas hədəf terrorçular idi. Yəni Azərbaycan konstitusiyası çərçivəsində yaşamaq istəməyən, dövlətə qarşı çıxan şəxslər”.

Arzu Nağıyev həmçinin qeyd edib ki, bu əməliyyat Azərbaycan ordusunun peşəkarlığını, xüsusi xidmət və hüquq-mühafizə orqanlarının gücünü bir daha nümayiş etdirdi:

Arzu Nağıyev

“Ali Baş Komandanın qətiyyəti və xalq-iqtidar birliyi sayəsində uzun sürən işğala son qoyuldu. Əlbəttə, şəhidlərimiz də oldu.

Biz bütün dünyaya göstərdik ki, öz ərazi bütövlüyümüzü beynəlxalq təşkilatların deyil, öz gücümüz hesabına bərpa etdik. İllərdir qəbul olunan, lakin icra olunmayan qətnamələrin əslində heç bir hüquqi və siyasi çəkisi olmadığını da sübut etdik”.

Deputat qeyd etdi ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində yeni bir mərhələ başlayıb:

“Sülhün bərqərar olunması istiqamətində ciddi addımlar atılır. Bunu Vaşinqtonda keçirilən görüşlərdə, Prezident İlham Əliyevin çıxışlarında, Ermənistan rəsmilərinin bəyanatlarında da görmək mümkündür. Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsi, ATƏT-in Minsk Qrupunun fəaliyyətinə son qoyulması, sərhəddə yerləşdirilmiş vizual kəşfiyyat vasitələrinin aradan qaldırılması da vacib məqamlardandır”.

Arzu Nağıyev əlavə edib ki, hazırda ən önəmli məsələlərdən biri Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, eləcə də sülh müqaviləsinin imzalanmasıdır:

“Regionda kommunikasiyaların açılması və inteqrasiya prosesləri də olduqca vacibdir. Azərbaycan sülhün tərəfdarıdır. 2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra ölkəmiz dinc quruculuq işləri ilə məşğuldur və bu yolu Ermənistana da tövsiyə edir. Müəyyən hallarda isə konkret tələblər irəli sürür. Məsələnin diplomatik müstəvidə həlli üstünlük təşkil edir.

2023-cü ilin sentyabrında baş verən əməliyyatla Azərbaycanın milli maraqları tam şəkildə təmin olundu, hərbi-siyasi mərhələ başa çatdı və indi əsas prioritet təhlükəsizlik, regional əməkdaşlığın möhkəmləndirilməsidir”.

Safura Bənnayeva

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
9
globalinfo.az

1Mənbələr