AZ

Sümük iliyi donorluğu təhlükəsizdirmi? Səhiyyə Nazirliyi mütəxəssisindən cavab

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

"Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur".

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Nərgiz Əliyeva deyib.

- Nərgiz xanım, öncə bilmək istərdik ki, sümük iliyi donoru olmaq nə deməkdir?

- Sümük iliyi donoru olmaq donora zərər yetirmədən müəyyən miqdarda sümük iliyinin alınması prosedurudur. Bu, həyati təhlükəli qan xəstəliklərinin müalicəsi üçün könüllü şəkildə sümük iliyi vermək deməkdir.

Uyğun donordan bəzən cərrahi üsulla, bəzən isə qandan periferik hematopoetik kök hüceyrələr xüsusi aparat vasitəsilə toplanır. Əlbəttə ki, əməliyyat yalnız könüllülük əsasında həyata keçirilir.

- Doktor, sümük iliyi kimlərə lazımdır?

- Sümük iliyi genetik və onko-hematoloji xəstələrə lazımdır. Buraya talassemiya, leykoz, aplastik anemiya və digər qan xəstəliklərini misal göstərmək olar.

Sümük iliyi transplantasiyasına ehtiyac yaranırsa, bu, xəstənin öz kök hüceyrələrinin genetik cəhətdən sağlam olmaması və ya sonradan zədələnməsi ilə bağlıdır.

Leykoz, limfoma, çoxsaylı mieloma və aplastik anemiya kimi xəstəliklərdə sümük iliyi transplantasiyası vacibdir.

Donordan alınan sümük iliyi və ya periferik qandan toplanmış kök hüceyrələr xəstənin zədələnmiş hüceyrələrini əvəzləyərək həyat qurtaran müalicə üsulu rolunu oynayır.

- Donorluq hansı hallarda həyat xilas edə bilər?

- Donorluq yalnız sümük iliyi ilə məhdudlaşmır. Qan, orqan və toxuma donorluğu da həyat xilas edən müqəddəs bir addımdır.

Qan donorluğu - talassemiya xəstələri, qəza qurbanları, xərçəng xəstələri və əməliyyat olunanlar üçün həyati əhəmiyyət daşıyır.

Böyrək, ürək, ağciyər və qaraciyər kimi orqan donorluğu orqan çatışmazlığı olan xəstələr üçün yeganə müalicə üsuludur.

Buynuz qişa, sümük və dəri kimi toxuma donorluğu isə yanıqlardan, xəsarətlərdən və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanların görmə, hərəkət və digər funksiyalarını bərpa etməyə kömək edir.

- Sümük iliyi donorluğu təhlükəlidirmi?

- Sümük iliyi donorluğu donorun həyatı üçün təhlükəli deyil. Prosedur ümumi anesteziya altında aparıldığı üçün ağrı hiss olunmur. Donorun sağlamlığının qorunması məqsədilə əməliyyatdan əvvəl və sonra xüsusi tibbi müayinələr aparılır.

- Kimlər sümük iliyi donoru ola bilər?

- Donor olmaq üçün şəxsin heç bir ciddi xəstəliyi olmamalı və yaşı, ölkədən asılı olaraq, əsasən, 18-44 və ya 18-60 aralığında olmalıdır.

Donorun sağlam olması ilə yanaşı, alıcı ilə insan leykosit antigeni (HLA, Human Leukocyte Antigens) baxımından uyğunluğu da mütləqdir.

Uyğunluq olmadığı və ya donorun sağlamlıq vəziyyətində risk yaradan hallar müşahidə olunduqda, donor olmaq imkansız olur. Bu səbəbdən hərtərəfli tibbi yoxlanış vacibdir.

- Donor və xəstənin uyğunluğu necə müəyyən olunur?

- Sümük iliyi transplantasiyası üçün əsas meyar insan leykosit antigenlərinin (HLA) uyğunluğudur.

Qan qrupunun (A, B, AB, O) uyğunluğu vacib sayılmır. HLA uyğunsuzluğu xəstənin orqanizmində immun reaksiyalara və hüceyrələrin rədd olunmasına səbəb ola bilər.

Bundan başqa, xəstənin qanında donor hüceyrələrinə qarşı əvvəlcədən mövcud olan anticisimlərin olub-olmadığını müəyyən etmək üçün çarpaz uyğunluq testi də aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
9
oxu.az

10Mənbələr