AZ

Minatəmizləmə fəaliyyətinə dair tələblər təsdiq edilib

Müqavilə əsasında minatəmizləmə fəaliyyətinə cəlb olunan fiziki və hüquqi şəxslər tərəfindən aşkar olunan partlayıcı sursatların yerində və ya digər məhvetmə yerlərində zərərsizləşdirilməsi və ya məhv edilməsi əməliyyatının aparılması yalnız Azərbaycan Minatəmizləmə Agentliyi tərəfindən icra olunur.

Operativ Media  xəbər verir ki, bu, "Minatəmizləmə fəaliyyətinə dair tələblərdə əksini tapıb.

Sənədə əsasən, minatəmizləmə fəaliyyətinə cəlb edilmiş dövlət orqanı (qurumu) müvafiq əməliyyatların icrası üçün zəruri imkanlara malik olduğu təqdirdə, təhlükəsizlik riskləri qiymətləndirilməklə aşkar olunan partlayıcı sursatların yerində zərərsizləşdirilməsi və məhv edilməsi əməliyyatlarını icra edə bilər.

Zərərsizləşdirilmiş partlayıcı sursatlar aşkar edildiyi təmizləmə sahəsindən təhlükəsizlik qaydalarına riayət olunmaqla müəyyən edilmiş yerlərə daşına bilər. Zərərsizləşdirilmiş partlayıcı sursatların təmizləmə sahəsindən çıxarılması ilə əlaqədar qərarların icrası Agentliklə əvvəlcədən razılaşdırılmaqla həyata keçirilir. Müvafiq razılığın alınması üçün edilən rəsmi müraciətə Agentlik tərəfindən 3 (üç) iş günü ərzində baxılaraq müraciət müəllifinə rəsmi cavab verilir.

Partlayıcı sursatlar təmizləmə əməliyyatlarının aparıldığı sahələrdə və ya digər məhvetmə yerlərində partladılmaqla və ya yandırılmaqla məhv edilir. Partlayıcı sursatların partladılmaqla məhv edilməsi üçün elektrik üsuluna üstünlük verilir. Elektrik üsulunun icrası üçün zəruri vasitələr mövcud olmadığı və ya elektrik üsulunun tətbiq edilməsi məqsədəmüvafiq hesab edilmədiyi halda qeyri-elektrik üsulundan istifadə edilə bilər.

Məhvetmə işləri iş gününün sonunda və ya iş günü ərzində əməliyyatlar dayandırıldıqdan sonra aparılmalı, Agentlik, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (dövlət sərhədinin mühafizəsi aparılan ərazilərdə həmçinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti) ilə əvvəlcədən razılaşdırılmaqla SƏP-ə uyğun həyata keçirilməlidir.

Partlayıcı sursatların məhv edilməsi əməliyyatlarını həyata keçirən bölmələr üçün İcraçının müvafiq ixtisaslı tibb işçilərinin və zəruri tibbi vasitələrlə və avadanlıqlarla, habelə morfin hidro-xlorid preparatı ilə təchiz olunmuş təcili tibbi yardım avtomobilinin ayrılması, onların ən yaxın tibb müəssisələri barədə məlumatlı olması təmin edilməli, eləcə də hər bir sahə üzrə zərərçəkənlərin təxliyəsi planı hazırlanmalıdır.

Seçilən
14
1
operativmedia.az

2Mənbələr