AZ

İsrail Livana hava zərbələri endirib

Ajans.az BBC-ə istinadən xəbər verir ki,zərbələrdən əvvəl bir neçə yaşayış məntəqəsində əhaliyə evakuasiya xəbərdarlığı verilib. Hazırkı mərhələdə hücumlar nəticəsində ölən və ya yaralananlar barədə məlumat verilməyib. Bununla belə, noyabr ayında Hizbullah və İsrail arasında razılaşdırılmış atəşkəsə baxmayaraq, İsrail son dövrlərdə Livanda Hizbullahla əlaqələndirdiyi hədəflərə demək olar ki, hər gün aviazərbələr endirir. İsrail Müdafiə Qüvvələrinin (IDF) ərəb sözçüsü Aviçay Adraee bildirib ki, hücumlar Hizbullahın silah anbarlarına və bölgədə fəaliyyətini bərpa etməyə yönəlik cəhdlərinə qarşı cavab tədbiri kimi həyata keçirilib. Lakin İsrail tərəfi bu iddiaları təsdiqləyən sübut təqdim etməyib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə zərbələrə məruz qalan bölgələrdən biri – Mais əl-Cəbəldə qalxan nəhəng tüstü buludları müşahidə olunur. Adraee əlavə edib ki, bu kəndlə yanaşı, Kfar Tibnit, Debbin və daha iki kənddə də sakinlərə evakuasiya xəbərdarlığı edilib. Hadisəyə münasibət bildirən Livanın baş naziri Navaf Salam sosial şəbəkə platforması X-də ölkəsinin atəşkəsə sadiq qaldığını vurğulayıb və beynəlxalq ictimaiyyəti İsrailin “təcavüzkar fəaliyyətlərini” dayandırması üçün təzyiq göstərməyə çağırıb. O, həmçinin İsraildən Livan ərazisindən dərhal geri çəkilməsini və saxlanılan məhbusların azad olunmasını tələb edib.

Qeyd edək ki, ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunan atəşkəs razılaşması Hizbullahla deyil, İsrail və Livan hökumətləri arasında imzalanıb. Razılaşmaya əsasən, Livan hökuməti ərazisində fəaliyyət göstərən silahlı qrupların İsrailə qarşı hərbi əməliyyatlar aparmasına mane olmalı, İsrail isə Livan hədəflərinə qarşı hər hansı hücumdan çəkinməlidir.
Livan hökuməti orduya ölkə daxilində silah üzərində tam nəzarət qurmaq tapşırığını versə də, Hizbullah bu qərarı tanımayacağını bəyan edib.

Seçilən
4
Ajans.az

1Mənbələr