Yeni enerji obyektləri tikilərək istifadəyə verildikdən sonra regionda elektrik enerjisi təchizatının etibarlılığı və dayanıqlılığı əhəmiyyətli dərəcədə artacaq, eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə və davamlı inkişafına töhfə verəcək.
Bununla yanaşı, "AzərEnerji" tərəfindən Naxçıvan ötürücü elektrik şəbəkəsinin modernləşdirilməsi istiqamətində də ciddi işlər aparılır.
Muxtar Respublikanın ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətləri "AzərEnerji" tərəfindən sökülərək yenidən qurulur. İlkin mərhələdə 110 kilovoltluq "Culfa", "Ordubad-1" və "Ordubad-2" yüksək gərginlikli ötürmə xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.
"AzərEnerji" tərəfindən Naxçıvan Muxtar Respublikasında 3 istiqamətdə çəkilən ötürmə xətlərində və 3 yerdə tikilən yarımstansiyalarda, o cümlədən Regional Rəqəmsal İdarəetmə Mərkəzində aparılan işlərin gələn il ərzində yekunlaşdırılması planlaşdırılır.