AZ

Paşinyana əvəz tapılmır: Revanşistlərin sonunu gətirəcək seçki

Ermənistan müxalifət dairələri növbəti sosioloji sorğunun keçirilməsini sifariş edib. 

Lakin rəy sorğusunun nəticələrini dərc edilmir. Müxalifət bunun daxili məqsədlər üçün istifadə olunacağını bildirir. “Hraparak” qəzeti bu barədə yazıb:

“Bəzi məlumatları üzə çıxara bilmişik. Bu sorğuya görə, hətta türklər Ermənistanı işğal etsə belə, sabit 12 faiz Nikol Paşinyana səs verməyə hazırdır. Sonrakı şəxsi reytinqdə təxminən 10 faizlə SamvelKarapetyandır. Amma Karapetyanın formalaşdırdığı siyasi qüvvəyə gəldikdə, bu rəqəm azalır.

Üçüncü yeri sabit 6 faizlə Robert Köçəryan tutur. 

Digər tanınmış partiyaların, o cümlədən Ermənistan Respublika Partiyası və "Çiçəklənən Ermənistan"ın reytinqi çox oxşardır - 1-1,5 faiz. Qeyd edilən məlumat 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə bağlı müəyyən proqnozlar vermək imkanı yaradır. 

Hətta müxalifətin keçirdiyi sorğuda belə, Baş nazir Nikol Paşinyanın reytinq cədvəlinə başçılıq etdiyini və qalib gəlmək şansının yüksək olduğunu göstərir. Bu isə onun sabit elektorata malik olması ilə bağlıdır. 

Xatırladaq ki, “MPG GallupInternationalAssociation” mərkəzinin avqust ayında Ermənistanda keçirdiyi sorğu zamanı respondentlərin 17,3 faizi Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasına səs verməyə hazır olduğunu bildirib. 

Müxalifətin sorğusunda bu göstəricinin 5,3  faiz azalmasına baxmayaraq, yenə də hakim partiya qələbə şansını saxlayır. Sorğunun nəticələrinə görə, respondentlərin 60 faizi Nikol Paşinyanın heç bir şəraitdə seçilməyəcəyinə inanır. 75 faiz isə ölkənin yanlış istiqamətdə getdiyini düşünərək hakimiyyətdən narazıdır". 

Əgər bu rəqəmlər reallığı əks etdirsəydi, o halda Paşinyan ən yüksək reytinqə malik ola bilməzdi. Burada yaranan əsas qənaət ondan ibarətdir ki, hakimiyyətdən narazı seçici kütləsi öz səslərini müxalifətə vermək barədə düşünmür. Çünki “MPG Gallup”un apardığı sorğunun nəticələri ilə müqayisədə müxalifətin reytinq göstəriciləri nəinki artmayıb, ümumilikdə oxşar olsa da azalıb. 

Belə ki, avqust ayında ictimai rəyin öyrənilməsi zamanı respondentlərin 13,4 faizi SamvelKarapetyana səs verməyə hazır olduğunu bildirmişdisə, müxalifətin sorğusunda rusiyalı milyarder yenə ikinciliyi qazanıb. Lakin müxalifətin yeni lideri kimi meydana çıxan SamvelKarapetyan Nikol Paşinyanı ötməyi bacarmayıb. 

Ümumiyyətlə, Karapetyanın reytinqinə görə müxalifət düşərgəsində birinci yeri tutması həm də onun həbsdə olması ilə izah edilir. Yəni Karapetyanın həbsdən buraxılması onun populyarlığna təsir göstərər və siyasi nüfuzunun azalmasına gətirib çıxara bilər. 

Artıq “MPG Gallup”un nəticələri ilə müqayisədə müxalifətin sorğusunda Karapetyan ikinci sırada yer almasına baxmayaraq,  onun reytinqinin 3,4 faiz aşağı düşdüyünü görmək olar. 

Revanşist müxalifətin lideri, eks-prezident Robert Köçəryanın da reytinqi onun seçkilərdə qalib gələcəyinə ümid yaratmır. Hətta “MPG Gallup”un sorğusu zamanı respondentlərin 6,4 faizi Robert Köçəryana səs vermək istədyini bildirmişdisə, müxalifətin ictimai rəyi öyrənməsi zamanı bu göstərici bir az da azalaraq 6 faizə düşüb. 2021-ci ilin parlament seçkilərində 21,4 faiz səslə Milli Məclisdə 29 mandat qazanan Köçəryan indi ana müxalifət rolunu itirməyə çox yaxındır. 

Sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası isə çox güman ki, yeni parlamentdə mandat qazana bilməyəcək. Çünki Sarkisyanla bərabər onun partiyasının da Ermənistan cəmiyyətində tərəfdarları hər gün azalır. Əgər “MPG Gallup”un sorğusunda ERP-yə səs verməyə hazır olanların sayı 3,4 faiz təşkil edirdisə, müxalifətin rəyi öyrənməsi zamanı həmin rəqəmlər təxminən 1 faizə bərabər olub.

Beləliklə, sözügedən sorğunun nəticələri ilə bağlı əldə olunan qənaət seçkilərdə Nikol Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" Partiyasının qalib gəlmək şansının yüksək olduğunu deməyə əsas verir. 

Ancaq Paşinyanın mövcud reytinqlə parlamentdə üçdə iki səs çoxluğuna sahib olacağını və tək partiyalı hökumət formalaşdıracağını demək çətindir. Hakimiyyətdən narazı elektorat isə öz səsini qeyri-sabit mövqedə tutur və onu müxalifətə verməkdə həvəsli görünmür. SamvelKarapetyanın yeni fiqur kimi ortaya çıxması və kilsənin dəstəyi fonunda xeyli populyarlıq qazanmasına rəğmən, onun reytinqi daha çox öz şəxsi imici ilə bağlıdır. 

Yəni Ermənistan cəmiyyətində Karapetyanın xeyriyyəçi imicinin formalaşdırılması ətrafında ciddi təbliğat aparılıb. Lakin Karapetyanın başçılığı ilə yaradılmış “Bizə görə” hərəkatı Ermənistan cəmiyyətinin sosial problemlərinin həlli ilə bağlı real proqram təqdim edə bilməyib. Karapetyanın özündən fərqli olaraq, hərəkatın reytinqinin aşağı olması bundan irəli gəlir. 

Qeyd edək ki, Ermənistan qanunvericiliyinə görə, parlamentdə yerlərin üçdə birini müxalifət qazanmadıqda, seçkilərin nəticələri ləğv edilməlidir. Bu baxımdan,  seçkilərdə üçdə biri hansı siyasi qüvvənin qazana biləcəyi əsas suala çevrilib. Köçəryanın liderlik etdiyi “Ermənistan” bloku 6 faiz reytinqlə 5 faizlik seçki barajını aşarsa, cəmi bir neçə deputat yeri qazana bilər.

1 faizlik reytinqlə ERP-nin nəinki seçki barajını aşmaq imkanı görünmür, hətta qarşıdan gələn seçkilər böyük ehtimalla, Serj Sarkisyanın siyasi karyerasının sonunu gətirəcək. 

Seçilən
15
cebheinfo.az

1Mənbələr