Ekvador Prezidenti etirazlara görə beş komendant saatı tətbiq edib
Ajans.az xəbər verir ki,eyni zamanda fövqəladə vəziyyət rejimi daha bir əyaləti əhatə etməklə səkkiz bölgəyə qədər genişləndirilib. Prezident Administrasiyasının rəsmi saytında dərc olunan fərmana əsasən, Kotopaxi, İmbabura, Çimborazo, Bolivar və Karçi əyalətlərində saat 22:00-dan 05:00-a qədər hərəkət azadlığına məhdudiyyətlər tətbiq olunacaq. Sentyabrın 16-da Prezident Noboa artıq yeddi əyalətdə – Karçi, İmbabura, Piçinça, Azuay, Bolivar, Kotopaxi və Santo-Domingo-da fövqəladə vəziyyət elan etmişdi. Yeni fərmanla bu siyahıya Çimborazo da əlavə olunub. Hökumət yayımladığı bəyanatda bildirib ki, “terror aktlarına, yolların qanunsuz bağlanmasına və mütəşəkkil zorakılıq aktlarına əl atanlar qanun çərçivəsində cəzalandırılacaqlar”. “Bu, repressiya deyil, qanunun aliliyinin təmin olunmasıdır. Heç kim qanundan üstün deyil”, – deyə rəsmi açıqlamada vurğulanıb. Qeyd edək ki, subsidiyaların ləğvinə qarşı keçirilən aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmalar baş verib. Hökumət ictimai asayişin bərpası və vətəndaşların hüquqlarının qorunması məqsədilə sərt tədbirlər gördüyünü bildirir.