AZ

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub

BAKI, TurkicWorld

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

Sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.

TurkicWorld xəbər verir ki, ədəbi fəaliyyətə 70-ci illərdə başlayan və türkçülük, vətəndaşlıq poeziyamızın görkəmli nümayəndələrindən olan Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. Əsərləri polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

2000-ci illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Qismət Rüstəmovun müxtəlif illərdə "Vitrin", "Meqapolis hüznləri", "Qumru əlifbası", "Tanış küçələrin birində" kimi şeirlər, "Gələcəyin tarixi" və "Güzgülü pərdə" adlı esselər kitabları işıq üzü görüb. Eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Q.Rüstəmov dünya ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.

Seçilən
27
4
turkic.world

9Mənbələr