AZ

"Dövlət Suverenliyi Günü – Azərbaycanın tarixi yaddaşında əbədi iz"

"Dövlət Suverenliyi Günü – Azərbaycanın tarixi yaddaşında əbədi iz""Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Milli Məclisin üzvü Tamam Cəfərova Sonxeber.az-a açıqlamasında bildirib ki, bildirib ki, bu fikirlər "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışında (19.09.2024) öz əksini tapmışdır:

Fikirlərinin davamı olaraq deputat xatırladıb ki, düz iki il bundan əvvəl 2023-cü il sentyabrın 19-u və 20-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 23 saat 43 dəqiqə davam edən və uğurla başa çatan antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü təmin edildi:

"Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Azərbaycan xalqının əsrlərlə davam edən mübarizəsi, milli kimliyinə və dövlətçilik ideyalarına sarsılmaz bağlılığı 2024-cü ilin 19 sentyabrında imzalanan mühüm qərarla rəsmiləşdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Bu qərar, təkcə bir tarixi hadisənin rəsmiləşməsi deyil, həm də xalqımızın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı mübarizənin əbədi simvoludur"

Tamam Cəfərova onu da qeyd edib ki, Azərbaycan xalqının tarixi taleyi və dövlətçilik ənənəsi əsrlər boyunca müxtəlif sınaqlardan keçib:

"İqtisadi çətinliklər, siyasi təzyiqlər, hərbi işğallar, parçalanmalar – bütün bunlara rəğmən xalqımız öz milli kimliyini, dövlətçilik ideyalarını qoruyub saxlamışdır. Heç bir güc, heç bir təzyiq Azərbaycan xalqının müstəqillik arzularını və dövlət qurmaq əzmini sındıra bilməmişdir. Bu mübarizənin nəticəsi olaraq 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, yeni dövrdə dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində böyük yol keçmişdir. Bu yolun əsasını isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi strategiyası, dövlət idarəçiliyində yaratdığı möhkəm təməl və milli maraqlara əsaslanan konseptual yanaşması təşkil etmişdir. Müstəqillik yolunda qazanılan uğurların zirvəsi isə XXI əsrdə dövlətin suverenliyinin tam bərqərar olması, ərazi bütövlüyünün təmin edilməsi və milli dövlətçiliyin yeni inkişaf mərhələsinə qədəm qoymasıdır. Məhz bu tarixi nailiyyətlərin təsdiqi olaraq, hər il 20 sentyabr Dövlət Suverenliyi Günü kimi qeyd olunacaq. Bu gün yalnız bir tarixi hadisənin rəsmiləşməsi deyil, həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin, 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin və ölkənin tam suverenliyinin rəmzidir. Dövlət Suverenliyi Günü – xalqımızın əsrlərlə çəkdiyi mübarizənin məntiqi yekunu, milli birlik və qətiyyətin təntənəsidir.
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunmasını xüsusi vurğulayan millət vəkili bildirib ki, 2025-ci il 11 fevral tarixində sərəncamın icrası ilə bağlı müvafiq Tədbirlər Planının təsdiqi ölkədə bu istiqamətdə dövlət siyasətinin ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir. Konstitusiya və Suverenlik anlayışları dövlətin hüquqi və siyasi əsaslarının, eləcə də milli kimliyinin əsas göstəricilərindəndir. Suverenlik dövlətin varlığının, beynəlxalq münasibətlərdə qəbul olunmasının və ərazi bütövlüyünə hörmətlə yanaşılmasının başlıca şərtidir. Dövlət Konstitusiyası isə bu suverenliyin hüquqi təminatı, xalqın öz iradəsini ifadə etdiyi ali sənəddir.
Bugünkü reallıq göstərir ki, Azərbaycan artıq tam suveren, bütöv sərhədlərə malik, daxili sabitlik və davamlı inkişaf yolunda inamla irəliləyən bir dövlətdir. Bu müstəvidə "Konstitusiya və Suverenlik İli"nin elan olunması həm rəmzi, həm də praktiki baxımdan böyük önəm daşıyır. Çünki suverenliyin tam təmin olunduğu bir şəraitdə ölkəmizin qarşısında duran əsas vəzifə bu uğurları qoruyub saxlamaq, iqtisadi yüksəlişi daha da sürətləndirmək və milli dövlətçiliyi möhkəmləndirməkdir.
Bu gün Azərbaycan xalqı bütün sahələrdə yeni inkişaf tarixinə qədəm qoyub. Dövlət suverenliyimizin təmin olunması yalnız siyasi və hərbi qələbə deyil, həm də xalqın öz taleyinə sahib çıxmasının, milli iradəsinin ifadəsidir. Bu səbəbdən, Dövlət Suverenliyi Günü və "Konstitusiya və Suverenlik İli" təkcə tarixə yazılmış hadisələr deyil, həm də gələcək nəsillərə ünvanlanan böyük bir mesajdır: Azərbaycan müstəqil, suveren və güclü bir dövlətdir – bu yol dönməzdir".

Vüsalə İbrahimli

Seçilən
11
sonxeber.az

1Mənbələr