AZ

Məktəbə telefon aparmaq olar, yoxsa olmaz? -Paytaxt sakinləri ilə SORĞU

Məktəblərdə uşaqların telefon istifadəsi uzun müddətdir ki, geniş müzakirə mövzusudur. Müxtəlif valideynlər, müəllimlər və ekspertlər bu məsələyə fərqli yanaşır. Bəziləri hesab edir ki, şagirdlərin məktəbə telefon aparması onlarla əlaqəni saxlamaq və təhlükəsizlik baxımından vacibdir. Digərləri isə düşünür ki, telefonlar uşaqların dərsə fokuslanmasına mane olur, diqqəti yayındırır və məktəb mühitində narahatçılıq yaradır.

Redaktor.az olaraq bu gün ölkəmizdə gündəmi məşğul edən mövzulardan biri olan “Məktəbə telefon aparmaq olarmı?” sualını Bakı sakinləri arasında sorğu ilə öyrənməyə çalışdıq. Valideynlər və ictimaiyyətin müxtəlif təbəqələrindən olan insanlar mövzu ilə bağlı fikirlərini bölüşdülər.

Valideynlərdən biri dedi:

“Telefon aparmaq mütləqdir. Çünki indi dövr çətindir, insan hər an hər şeydən ehtiyat edir. Uşağımızla əlaqə saxlamaq, onun harada olduğunu bilmək, ehtiyac olduqda dərhal yardım göstərə bilmək üçün telefon çox önəmlidir”.

7-ci sinif şagirdinin atası isə fikrini belə izah etdi:

“Övladımız məktəbə telefon aparır və bu, bizim üçün faydalıdır. Dərsdən çıxanda əlaqə saxlayıb, maraqlana bilirik. Əlbəttə, dərs zamanı telefonla məşğul olmaq olmaz. Bir neçə ildir ki, övladımın məktəbində sinif rəhbəri uşaqlar dərsə gələndə hamıdan telefonları yığıb bir dolaba qoyurdu və yalnız sonuncu dərs bitdikdən sonra telefonları onlara qaytarırdı. İndi isə deyirlər ki, smartfon olmaz, sadəcə ucuz düyməli telefon alınıb məktəbə aparılmalıdır. Bu da artıq əlavə xərcdir. Yəni gərək düyməli telefon alaq. Məncə, bu məsələdə çox sərt yanaşmaya ehtiyac yoxdur. Yəni əvvəlki kimi smartfonu alıb dolabda saxlayıb, dərs bitdikdə də özünə qaytarmaq olardı”.

Digər valideyn isə tam əks fikirdədir:

“Məktəb nədir, telefon nədir? Uşaqlar dərsə gedir, təhsil almalıdır. Telefon məktəbə aparılmamalıdır, çünki uşaqların diqqəti yayınır, dərslərdə narahatlığa səbəb olur.”

Bir başqa valideyn isə mövqeyini belə bildirdi:

“Uşaqlar aparar da, aparmaz da. Vacib vəziyyət yarananda sinif rəhbəri özü valideynlə əlaqə saxlayır. Ona görə də telefonun məktəbə aparılması elə də vacib məsələ deyil”.

Beləliklə, məktəbə telefon aparmaq məsələsi valideynlər və ictimaiyyət arasında hələ də müzakirə predmeti olaraq qalır. Bir tərəfdən uşaqların təhlükəsizliyi və əlaqə saxlaması üçün telefon vacib sayılsa da, digər tərəfdən təhsil prosesində diqqətin yayılması narahatlıq yaradır.

Nuriyyə NATİQQIZI

Seçilən
24
1
redaktor.az

2Mənbələr