AZ

Taboşar dağının yeni büsatı – vaxtilə burada uran filizi hasil edən qaloş zavodu varmış

Son zamanlar Özbəkistanın sərvəti getdikcə Yaxın Şərq, Ural və Kola yarımadasının faydalı qazıntı ehtiyatları ilə müqayisə edilir.

Bu günlərdə qardaş ölkənin prezidenti Şavkat Mirziyoyev Qaraqalpaqıstanın Üstyurt bölgəsində böyük qaz yatağının kəşf edildiyini açıqlayıb.

Ola bilsin ki, bu yataq Rusiyanın Sibirdəki yataqlarından Türkmənistan və İran vasitəsilə Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri kimi ərəb ölkələrinə qədər uzanan yeraltı qaz “çayı” üzərində yerləşir.

Hazırda Daşkənd yaxınlığında, Kurama silsiləsində və Çadak filiz bölgəsində ikinci ən böyük mədən klasteri inkişaf etdirilir. Qiymətli metalların hasil olunduğu bu bölgə qədim zamanlardan tanınır, hətta onun ərazisində qızılla bağlı adlar da qalmaqdadır.

tabus.JPG

Aşağı Kuramin silsiləsi Özbəkistanı Tacikistandan ayırır və 1930-cu illərdə onun cənub (Tacikistan) yamacında uran filizi hasil etmək qərara alınıb. 1940-cı illərdə alman hərbi əsirləri tərəfindən Leninabaddan (indiki Xucənd) 45 kilometr aralıda dağlarda qapalı Taboşar (indiki İstiqlol) şəhəri salınmışdı. Oradan, bəzi məlumatlara görə, uran filizi uzunqulaqlarla Xucəndə daşınaraq, sonradan ixrac və zənginləşdirmə üçün dəmiryol vağzalında vaqonlara yüklənib. Təsdiqlənməmiş məlumatlara görə, ilk atom bombası Tacikistan uranından hazırlanıb.

Kuramin filizində uranın miqdarı o qədər yüksək olub ki, 1950-ci illərin əvvəllərində yeni Taboşar kazarmasına gətirilən dozimetrdəki göstəricilər əsgərləri təəccübləndirib.

Taboşar zavodu SSRİ dağılana qədər fəaliyyət göstərib və Rusiya bu yaxınlarda Tacikistandakı zavodun təhlükəli radioaktiv tullantılarını geri qaytarıb. Sovet dönəmində qapalı Taboşar şəhəri qaloş istehsalı müəssisəsi kimi kamuflyaj edilib, lakin generallar və ölkənin ali rəhbərliyi yeraltı zavoda baş çəkib. Sovet İttifaqının hər yerindən Taboşara göndərilən insanların təhsil və bacarıq səviyyəsi müstəsna olub.

Lakin müasir insanlar üçün maraqlıdır: niyə uran hasilatına Özbəkistanın paytaxtı Daşkənd yaxınlığında deyil, dağın o üzündə, Tacikistanda başlamaq qərarı verilib? 1940-cı illərdə Özbəkistanın uran və polimetal ehtiyatları nədənsə lazımi səviyyədə qiymətləndirilməyib. Taboşarın isə Tacikistan dağlarının qoynunda gizlənmiş olması və dəmir yoluna yaxınlığı nəzərə alınıb.

uranta.JPG

Kuramanın şimal (Özbəkistan) yamacına gəlincə, orada 1950-1970-ci illərdə aparıcı sovet geoloqları qızıl, gümüş, uran, nadir metallar və nadir torpaq elementləri aşkar ediblər. 1990-cı illərdə Tacikistanda baş verən vətəndaş müharibəsindən sonra bu ölkədə çoxlu çinli mütəxəssisi qızıl yataqlarında işləyib, Özbəkistanın qiymətli yataqları isə özbək mütəxəssisləri tərəfindən işlənilir.

1990-cı illərdən etibarən Özbəkistanın geoloqları israrla qızıl və əlvan metal yataqlarının axtarışını aparırlar. 21-ci əsrdə müasir alət və avadanlıqların meydana çıxması ilə ölkə ərazisində o qədər çox yataqlar aşkar edilib ki, bu gün Özbəkistan uran ehtiyatlarına görə aparıcı ölkələr sırasındadır və dünya miqyasında ilk on uran filizi istehsalçısından biridir. Filizin əsas hissəsi Nəvai mədən-metallurgiya kombinatında hasil edilir və bir sıra ölkələrə ixrac edilir.

Bəs Qaraqalpaqıstanda və Daşkənd yaxınlığındakı Kuramin silsiləsi yamaclarında respublika üçün hansı perspektivlər açılacaq?

Bu gün, uran filizi ilə yanaşı, Nəvai bölgəsində ümumi qızıl hasilatının təxminən 80%-i ildə 130 ton civarındadır. Qeyd edək ki, heç bir ölkə qızıl, gümüş və qiymətli daş istehsalının həqiqi həcmləri ilə bağlı məxfi məlumatları açıqlamır. Ona görə də bildirilən illik istehsal rəqəmləri mətbuat üçün sadəcə göstərici rəqəmlərdir. Bununla belə, Özbəkistanda qızılın qalan 20%-i həqiqətən də paytaxt yaxınlığında hasil edilir və hasilat həcmi əhəmiyyətlidir. Özbəkistanın zəngin mineral ehtiyatları var və onlar təkcə Almalık mədən klasterində emal edilmir.

kalmak.JPG

Həmçinin Kurama silsiləsinin şimal yamacında, Almalıq və fəaliyyət göstərən Kalmakır mədəni yaxınlığında yeni “Yoshlik-1” yatağı işlənilir. Özbəkistan prezidenti Şavkat Mirziyoyev 2024-cü ilin oktyabrında mədənə baş çəkib. Bu layihəyə qoyulan sərmayə təxminən 2 milyard dollar qiymətləndirilir, burada 6 min nəfər işləyəcək, 2035-ci ilə qədər isə mədən on milyonlarla ton qızıl, mis, gümüş, molibden, selen və digər nadir metallar və nadir torpaq elementləri hasil edəcək.

Özbəkistan neytral dövlət statusunu saxlayır – ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi-siyasi blokunun üzvü deyil və qonşu Əfqanıstanla əlaqələri inkişaf etdirir. Özünü təmin edən dövlət Şanxay Əməkdaşlıq Təşkilatında fəal iştirak edir və Avrasiya İqtisadi İttifaqında müşahidəçidir. Putin israrla Özbəkistanı Aİİ-yə dəvət edir, ancaq Mirziyoyev tələsmir.

Özbəkistan Şanxay Əməkdaşlıq Təşkilatının əsas layihəsi olan “Bir kəmər, bir yol”da əsas mövqe tutur.

Böyük insan resursuna (40 milyona yaxın) malik olan qardaş ölkənin yeraltı sərvətlərinin zənginliyi göstərir ki, bu dövlətin potensialı və perspektivi böyükdür. Rəsmi Daşkənd həmin sərvətlərdən səmərəli istifadə etsə, yeni-yeni səmərqəndlər, səmərəli kəndlər inşa edəcək və öz adını dünyaya duyuracaq.

Araz Altaylı, Musavat.com

Seçilən
12
1
musavat.com

2Mənbələr