AZ

“ABŞ-dəki ermənipərəst addım sülh prosesinə zərbədir” – ÖZƏL

ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şerman H.R. 5299 qanun layihəsinə düzəliş təqdim edib. Düzəlişə əsasən, ABŞ Beynəlxalq İnkişaf Maliyyələşdirmə Korporasiyası (DFC) Türkiyə və Azərbaycana maliyyə dəstəyini dayandırmalıdır. Şermanın təklifinə görə, bu dəstək Türkiyə Ermənistana qarşı blokadanı qaldırana və Azərbaycan həbsdə olan erməni əsilli şəxsləri azad edənə qədər davam etməlidir. O, bəyan edib ki, bu şərtlər yerinə yetirilmədən Türkiyə və Azərbaycana heç bir maliyyə vəsaiti ayrılmamalıdır.

"ABŞ Konqresinin Nümayəndələr Palatasının ermənipərəst üzvü Bred Şermanın bu təklifi Azərbaycana və Türkiyəyə qarşı deyil, əslində Ermənistanın bölgə dövlətləri ilə münasibətlərinin normallaşmasına qarşı yönəlmiş bir ideyadır, layihədir. Mən düşünürəm ki, bu addım Azərbaycan-Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına qarşıdır. Yəni, bu addım əslində ilk növbədə Ermənistanın özünə qarşı təxribatdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, bu, Ermənistanın yenidən dalana dirənməsinə, təcrid olunmasına, Rusiyanın və İranın təzyiqləri altında yaşamaqda davam etməsinə yönəlmiş bir addımdır. Ona görə də bu məsələni çox da böyütmək lazım deyil. İlk öncə, Ermənistan hakimiyyətinə, Paşinyana Azərbaycan diplomatik kanallarla bildirməlidir ki, bu uzantıların fəaliyyətinə nəzarət etsinlər.

Siyasi şərhçi əlavə edib ki, əgər doğrudan da Bred Şerman ermənipərəstdirsə və ermənilərin mənafeyinə xidmət etmək istəyirsə, onda o layihəni geri çəkməlidir. Çünki hazırda bölgədə normallaşma prosesi gedir. Təbii ki, bu addım Türkiyə və Azərbaycanda narazılıqla qarşılanacaq. Nəticədə isə Ermənistan yenə də ortada qalacaq.

"Digər tərəfdən, bu addım son vaxtlar Cənubi Qafqazda sülhə dəstək vermək istəyən, hətta Nobel mükafatı almaq iddiasında olan Trampa qarşı atılmış bir addımdır. Bu, həm də Trampa qarşıdır, onun bölgədə sülh yaratmaq, ümumiyyətlə, Cənubi Qafqaza gəlmək cəhdlərini əngəlləmək məqsədi daşıyır. Üstəlik, unutmamalıyıq ki, hələ də Konqres və Senata nəzarət Trampın əlindədir. Yəni, bu məsələdə administrasiyanın imkanları genişdir. Bütün hallarda həm Ermənistan hökuməti, həm də ABŞ hökuməti ilə bu məsələləri müzakirə etmək lazımdır. Azərbaycan və Türkiyə tərəfi belə təxribatçı addımların qarşısının alınması üçün onların da mövqelərini ortaya qoymasını tələb etməlidir," - deyə ekspert vurğulayıb.

Ə. Mustafanın fikrincə, erməni diasporunun fəaliyyətini də araşdırmaq lazımdır. Biz bilirik ki, Rusiyadakı erməni diasporu Rusiya üçün işləyir, Kremlə bağlıdır. Amma Amerikadakı erməni diasporu kim üçün işləyir, haraya bağlıdır? Məncə, bu məsələ də araşdırılmalıdır. ABŞ müəyyənləşdirməlidir ki, oradakı erməni diasporu ABŞ üçünmü işləyir, yoxsa onlar da Rusiya maraqlarına xidmət edirlər?

"Bütün hallarda bu cəhd Azərbaycan və Türkiyə ilə Ermənistan arasında normallaşan münasibətləri pozmağa yönəlib. Deməli, bu həm də Ermənistanın özünə qarşı atılmış bir addımdır," - deyə siyasi şərhçi qeyd edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
3
olaylar.az

1Mənbələr