AZ

Sərhədlərin açılması ilə bağlı Bakının mövqeyi – AÇIQLAMA

2020-ci ilin martından bağlı qalan sərhədlərin açılıb, açılmayacağı ilə bağlı qərar gələn həftə verilə bilər.
Bu əsnada İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçulu açıqlama verərək, Azərbaycanla sərhədlərin açılması istiqamətində intensiv danışıqlar apardığını açıqlayıb.

Bu barədə nə düşünürsünüz? Gürcüstanla da sərhədlərimiz açıla bilərmi?

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən siyasi ekspert Elşən Manafov bildirib ki, İranla sərhədlərimizin açıla biləcəyi mövzusu, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mustəba Dəmirçulunun sentyabrın 18-də Ərdəbilə səfəri zamanı verdiyi açıqlamalardan sonra yenidən gündəmə gəlib.

Elşən Manafovun sözlərinə görə, sərhədlərin bağlı qalması ilə bağlı məsələlərə rəsmi Bakının mövqeyi, bir qayda olaraq, epidemioloji xəstəliklərdən ölkə əhalisinin sığortalanması qayğılarından irəli gəlsə də, gerçəkdə bu, regiondakı gərginliyin hələ də davam etməsi və təhlükəsizlik problemlərinin dövlətçiliyi daha çox təhdid etməsi ilə bağlıdır.

“Ermənistanla imzalana biləcək sülh müqaviləsinin mətni Vaşinqton görüşü zamanı paraflansa da, müqavilə hələ imzalanmayıb və hüquqi qüvvəyə minməyib. Ermənistanda keçiriləcək referendumda gözləntilərin doğrulmaması, seçkilərdə isə ultra-radikal qüvvələrin qalib gəlməsi münasibətlərdəki gərginliyi azaldmayacaq. Digər tərəfdən, İsrailin Qəzza probleminin həllinə dair baxışları da regional gərginliyin daha da yüksələcəyini düşünməyə əsas verir.

Belə bir şəraitdə rəsmi Bakının birtərəfli şəkildə sərhədlərin açılması ehtimalı yüksək deyil. Bununla belə, sərhədlərin bağlı qalması tərəflər arasında ticarət münasibətlərinin genişlənməsinə mane olur, məhdudiyyətlər yaradır və qarşılıqlı faydalı əməkdaşlığın inkişafını ləngidir. Xüsusilə sərhəd bölgələrində yaşayan vətəndaşlar arasında narazılıq artır, onları güzəştli şərtlərlə əməkdaşlıq imkanlarından məhrum edir”.

Siyasətçi sonda qeyd edib ki, bütün bunlarla yanaşı, regionun digər dövlətləri artıq qapalı sərhəd siyasətindən geri çəkiliblər. Bu məsələdə rəsmi Bakının hələ də yubandığı müşahidə olunur ki, bu da vətəndaşların, xüsusilə iş adamlarının narazılığına səbəb olur və sosial gərginliyi artırır.

Düşünürük ki, bu məsələlərin doğura biləcəyi problemlərdən cəmiyyəti və vətəndaşları sığortalamaq üçün rəsmi Bakı qabaqlayıcı tədbirlər planına malik olmalıdır. Bu addım Azərbaycanın regional dövlət kimi nüfuzunun yüksəlməsinə səbəb olmaqla yanaşı, ölkəmizə investisiya və turist axınının da güclənməsinə əhəmiyyətli dərəcədə təsir edə bilər.

Dəniz Pənahova

Seçilən
29
tribunainfo.az

1Mənbələr