AZ

Uşaqları işlənmiş şəkər tərkibli qidalardan necə uzaq tutmaq olar?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Uşaqların işlənmiş şəkərli qidalardan istifadəsi mövzusunda valideynlər çox fərqli strategiyalar tətbiq edə bilir.

Bəzi ailələr uşaqlarına dondurma da daxil olmaqla, süni şəkər olan heç bir qidanı yedirməyəcək qədər sərt ola bilir.

Bəziləri isə məhdudiyyətlərin sonrakı yaşlarda əks təsir göstərə biləcəyindən narahat olaraq, uşaqların əsas yeməklərdən əvvəl, belə şirniyyat yeməsinə icazə verir.

BBC-yə danışan mütəxəssislər bildirirlər ki, uşaqların qidalanmasında valideynlərin yönləndirməsi həlledici rol oynayır.

Uşaqların həyatının ilk min günü ərzində şəkər istifadəsinin məhdudlaşdırılması, sonrakı illərdə bir çox sağlamlıq probleminin qarşısını ala bilər.

Bu dövrdə valideynlərin müdaxiləsi də daha asan olur.

İlk min gündə şəkər istifadəsi sağlamlığa mənfi təsir göstərir

BBC News Türkcəyə danışan Uşaq Endokrinologiya və Diabet Dərnəyinin sədri Prof. Dr. Olcay Evliyaoğlu deyir ki, körpəlikdən etibarən uşaqların ilk illərində, əgər evə daxil olmazsa, işlənmiş şəkərli qidalardan xəbərləri belə olmur.

Bəs uşaqlar müstəqillik qazanmağa başladığı üç yaşından sonra valideynlər hansı strategiyanı seçməlidir?

Bu sahədə çalışan mütəxəssislərə bunu soruşduq.

Ailələr uşaqlara müdaxilə etməlidirmi və bu müdaxilə necə olmalıdır?

Həyatın ilk illərində şəkər istifadəsi sonrakı yaşlarda tip 2 diabet və yüksək təzyiq kimi xəstəliklərlə əlaqələndirilir.

Prof. Dr. Olcay Evliyaoğlu əlavə olaraq bildirir ki, bu, uşaqlar arasında getdikcə daha çox yayılan piylənmə riski ilə də bağlıdır.

İstanbul Universiteti Cerrahpaşa Tibb Fakültəsinin uşaq xəstəlikləri bölməsinin professoru deyir ki, geniş şəkildə istifadə olunan işlənmiş qidaların bir çoxunda təkcə şəkər problem deyil:

"Konfet və ya buna bənzər bir çox qablaşdırılmış qidada şəkərdən əlavə, boyalar və qatqı maddələri də olur. Orqanizmimiz bu kimyəvi maddələri tanımır və hər birinin ayrı-ayrılıqda zərəri var".

Mütəxəssislər valideynlərin, xüsusilə uşaqların erkən yaşlarında kritik rol oynadığı fikri ilə həmfikirdirlər.

BBC News Türkcənin suallarını cavablandıran Almaniyadakı Bayreuth Universitetinin Qida Sosiologiyası üzrə professoru Tina Bartelmeb deyir:

"Şəkər istifadəsini təsadüfə və ya mühitə buraxmaq, uşaqların sağlam olmayan vərdişlərə qarşı daha həssas olmasına səbəb olur".

O bildirir ki, bu, həddindən artıq şəkərli məhsulların qidalanmada çox böyük paya sahib olmasından qaynaqlanır.

Həmçinin əlavə edir ki, "Hər şey sərbəstdir" yanaşması daha yüksək şəkər istifadəsi və daha qeyri-sağlam qidalanma vərdişləri ilə əlaqələndirilir.

Bəs ailələr uşaqlarının şəkər qəbuluna nə dərəcədə məhdudiyyət qoymalıdır?

Bartelmeb-in verdiyi məlumata görə, araşdırmalar şəkər qəbulunu davamlı və həddindən artıq məhdudlaşdırmağın arzuolunmaz nəticələrə gətirib çıxara biləcəyini göstərir.

Məsələn, bu məhdudiyyətlər uşaqların şirin qidalara marağını və ya fürsət tapanda onları həddən artıq qəbul etmə ehtimalını artırır.

Bartelmeb-ə görə, ən təsirli yanaşma bu ikisinin arasında bir tarazlıq tapmaqdır:

"Balanslı qidalanma mühiti yaratmaq və sağlam seçimlər etmək, eyni zamanda uşaqlara qərar verməkdə müəyyən dərəcədə müstəqillik tanımaq lazımdır.

Bu tarazlıq uşaqların şəkər qəbulunda özünü tənzimləmə bacarığını inkişaf etdirməsinə kömək edir və bu bacarıq yeniyetməlik və yetkinlik dövrünə qədər davam edə bilər".

Müxtəlif yaş qruplarına necə yanaşmaq lazımdır?

BBC News Türkcənin suallarını cavablandıran ABŞ-dakı Cənubi Karolina Universitetindən tədqiqatçı və alim Tadeja Qratsner vurğulayır ki, valideynlər, xüsusilə uşaqlar bağçaya və ya məktəbə başlamazdan əvvəlki ilk bir neçə il ərzində onların nə yediyinə nəzarət edən əsas məsul şəxslərdir.

Həyatın ilk min günündə şəkər qəbulunun təsirlərinə dair səs gətirən araşdırma qrupunda iştirak etmiş Qratsner qeyd edir ki, bu dövrlərdə şəkər qəbulunun izlənməsi ümumi balanslı qidalanmanın və sağlamlıq faydalarından da əlavə, digər üstünlüklərə malikdir.

Qratsner bunun "yetkinliyə qədər davam edə biləcək qidalanma vərdişlərinin formalaşdırılması üçün də mühüm" olduğunu bildirir.

Prof. Dr. Tina Bartelmeb isə valideynlərin təsirinin xüsusilə erkən uşaqlıq dövründə (3–6 yaş) və orta uşaqlıq dövründə (7–11 yaş) güclü olduğunu vurğulayır.

Yeniyetməlik dövründə isə yaşıdların təsiri və xarici mühit önəm qazanır. Bartelmeß-ə görə, buna baxmayaraq, valideynlərin rol modeli olaraq təsiri və əvvəlcədən formalaşdırılmış vərdişlər hələ də öz əhəmiyyətini qoruyur.

Gracner də bu fikri dəstəkləyir:

"Uşaqlıqda əldə edilən qidalanma vərdişləri ömür boyu qalır. Deməli, valideynlər erkən yaşlarda güclü və sağlam vərdişlər formalaşdırdıqda, sonrakı illərdə yaşıdların təsiri artsa belə, bu vərdişlərin davam etmə ehtimalı daha yüksək olur".

'Təşviqedici söhbətlər'

Ailələr uşaqların sağlam qidalanma mövzusunda məlumatlı olmasına da töhfə verə bilər.

Prof. Dr. Tina Bartelmeb bildirir ki, şəkər haqqında qorxu və ya sərt qaydalar əvəzinə, balansı və yeməklərdən zövq almağı vurğulayan söhbətlər "daha sağlam nəticələrlə" əlaqələndirilir.

O əlavə edir:

"Valideynlər müəyyən qidaların enerji, böyümə və ya uzunmüddətli sağlamlıq üçün niyə daha yaxşı olduğunu izah edə bilər və uşaqları müxtəlif qidaların onlarda necə hiss yaratdığını dərk etməyə təşviq edə bilərlər".

Bartelmeb-ə görə, uşaqları yemək hazırlama prosesinə cəlb etmək və evdə təqdim olunan qidaları müxtəlifləşdirmək, onlara "nə yeməməli olduqları" barədə dərs verməkdən daha faydalıdır.

"Sağlam seçimləri asanlaşdıran siyasətlərə ehtiyac var"

Meyvə şirələrindən tutmuş ətirli südlərə, hətta körpə qidalarına qədər uşaqlar yüksək şəkər tərkibli qidalara demək olar ki, hər yerdə məruz qalır.

Tədqiqatçı və alim Tadeja Grasner bunun valideynlərin işini "lazımsız yerə çətinləşdirdiyini" düşünür.

O deyir:

"Bütün məsuliyyəti ailələrin üzərinə qoymaq əvəzinə, sağlam seçimləri asanlaşdıran siyasətlərə ehtiyacımız var".

Bunlara misal olaraq, qablaşdırmalarda daha aydın xəbərdarlıqların verilməsi, qida tərkibinin yaxşılaşdırılması və şəkərin hər gün yeyilən qarğıdalı lopaları və ya körpə qidaları əvəzinə yalnız arada bir yeyilən, məsələn, ad günü tortu kimi qidalarla məhdudlaşdırılmasını göstərir.

O əlavə edir:

"Əksər valideynlər diş qaşıma peçenyesinin şirniyyatlardan daha çox şəkər ehtiva etdiyini gözləmirlər".

Seçilən
36
bbc.com

1Mənbələr