AZ

Yas mərasimlərinə insanlar dəvətnamə ilə çağırılır? AÇIQLAMA

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Əvvəllər yalnız toy mərasimləri üçün dəvətnamələr göndərilirdisə, indi yas mərasimlərinə də dəvətnamə göndərilir. İnsanlar bunu yanlış və qeyri-etik hesab edirlər.

Ekspertlərin sözlərinə görə, bu, cəmiyyətdə yanlış bir tendensiyadır və qıcıq yaradır. Eyni zamanda, maddi çətinlik çəkən insanlar arasında həssaslıq və hətta hədsiz həvəs, bəzən isə həddən artıq həsəd hissi də formalaşdırır.

Məsələ ilə Gununsesi.info-ya danışan ilahiyyatçı Tural İrfan qeyd edib ki, dinimizə və milli adətlərimizə görə yas mərasiminə insanları dəvət etmək ənənəsi yoxdur:

“Sadəcə, insanın vəfat etdiyini müəyyən üsullarla elan etmək olur ki, hamı bilsin ki, filankəs vəfat edib. Amma adamları bir-bir dəvətnamə ilə çağırmaq dinə uyğun sayılmır. Yasda və dəfndə iştirak İslam hüququna görə dərzi-kifayədir. Bu o deməkdir ki, bir qrup insan dəfndə iştirak edib müsəlmana vacib olan ayinləri yerinə yetirib, artıq digərlərinin üzərinə bu məsuliyyət düşmür. Adətən toy, nişan və digər şənliklərə qonaq dəvət edilir, amma yasa dəvətnamə ilə adam çağırmaq bidət və qəbahətdir”.

Tural İrfan qeyd edib ki, dində olmasa da, insanlar ölüyə qırx mərasimi edərkən tarixi bilməyən yaxınlara vaxtı və məkanı bildirmək üçün şifahi məlumat və ya ismarıc yollaya bilirlər.

“Bu, çağırış deyil, məlumatlandırmadır. Xalqımızın ənənəsində yasa dəvətnamə ilə adam çağırmaq adəti yoxdur. Qohumlar və digər şəxslərin yas yerini və dəfn məkanını bilməsi üçün zənglər və sosial şəbəkələr vasitəsilə məlumat vermək kifayətdir. Əks halda, xüsusi qiymətə dəvətnamə hazırlamaq çağırılan adamın boynuna minnət qoymaq kimi görünür və yanlışdır. Belə yanaşma sanki bir qrup adam bilmir ki, yas mərasimləri üzərindən nəyəsə səbəb çıxarsın. Dəvətnamə verilməyib yasa getmək istəməyənlər iştirak etməyəcək kimi düşünmək yanlışdır.

Necə ki, toyda belədir, dəvətnamə verilməyənlər iştirak etmir. Bu isə nə dinə, nə də milli adətlərimizə uyğundur. Vəfat edən şəxsin yasına qonşular, qohumlar, yaxınlar, iş yoldaşları və tanıyanlar gəlir və dəstək olurlar. Həmin şəxslərin iştirakını təmin etmək üçün yalnız məlumatlandırmaq kifayətdir. Dəvətnamə göndərmək rəsmi çağırış hesab olunur və məcburi dəvət kimi qəbul edilir ki, bu da yas ənənəsinə ziddir”-deyə Tural İrfan fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
8
icma.az

10Mənbələr