AZ

Dövlət suverenliyinin tam bərpası əməliyyatı: Azərbaycanın Zəfər tarixi

İkinci Qarabağ müharibəsindən sonra ölkəmiz haqlı narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalmasının qanunsuz olması və buna son qoyulması ilə bağlı müraciət edirdi.

2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qruplar yaradılmışdır. Danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunurdu. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşmalar baş vermişdir. Müharibədən sonra ən qanlı toqquşma 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulmuşdur.

2023‑cü ilin əvvəlindən bölgədə silahlı toqquşmalar, atəşkəsin pozulması, qanunsuz silahlı birləşmələrin fəaliyyəti, mühəndis‑istehkam işlərinin aparılması, məkanların minalanması kimi hadisələr davam edirdi. Bu da Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulması kimi risklər yaratmışdı.

2023- cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə dövlət suverenliyinin tam bərpası əməliyyatına başlanmışdır. Əməliyyat 19 sentyabr 2023‑cü ildə, təxminən günorta vaxtlarında başlamış və 20 sentyabrdan əvvəl lokal xarakterdə, cəmi 23 saat 43 dəqiqə davam etmişdir.

Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılırdı. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli əməliyyatlar müəyyən olunmuş şərtlərlə dayandırıldı.

Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən dövlət suverenliyinin tam bərpası əməliyyatı nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusu tam şəkildə tərksilah edilərək, ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Azərbaycan tərəfinin rəsmi bəyanatlarına görə, bu əməliyyatın məqsədi 2020‑ci il üçtərəfli bəyanatının müddəalarının yerinə yetirilməsi, separatçı silahlı dəstələrin tərksilahı, qanunsuz mövqelərin və hərbi istehkamların aradan qaldırılması, ərazi suverenliyinin tam bərpası idi.

Əməliyyat lokal olmaqla, böyük hərbi əməliyyatlardan fərqli olaraq qısa müddətdə və məqsədli hədəflərə yönəlmişdi. Müxtəlif silahlı birləşmələr, istehkamlar, atəş nöqtələri sıradan çıxarılmış, mühəndis‑istehkam işləri dağıdılmışdır.

Əməliyyatın nəticəsində Azərbaycan ərazilərindəki qanunsuz hərbi mövcudluq aradan qaldırıldı, üçtərəfli bəyanatda nəzərdə tutulmuş suverenlik təmin edilmişdir. Bu əməliyyat Azərbaycanın dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin etmə istiqamətində mühüm addımlardan biri sayılır. Eyni zamanda, bölgədə sülh və sabitliyin bərpa olunması, qanunsuz silahlı birləşmələrin aradan qaldırılması kimi məqsədlər üçün prioritet tədbir kimi qəbul edilir.

 

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Seçilən
12
3
qht.az

4Mənbələr