AZ

Çinin nüfuzlu universitetlərinin dörd tələbəsi BDU da təhsil alacaq

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 19 sentyabr, AZƏRTAC

Çinin aparıcı ali təhsil müəssisələrindən olan Pekin Xarici Dillər Universiteti (PXDU) və Sun Yat-sen Universitetinin dörd tələbəsi 2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.

BDU-dan AZƏRTAC-a bildirilib ki, onlardan üçü PXDU-nun Asiya fakültəsinin “Azərbaycan dili” ixtisası üzrə təhsil alan tələbələrdir. Universitetin tədris qaydalarına əsasən, xarici dil ixtisası üzrə təhsil alan tələbələr üçüncü kursda öyrəndikləri dilin mənsub olduğu ölkədə bir semestr təhsil almaq öhdəliyinə malikdirlər. Bu çərçivədə “Azərbaycan dili” ixtisası üzrə tələbələr BDU-nun Filologiya fakültəsində bir semestr ərzində təhsil alacaqlar. Sun Yat-sen Universitetinin bir tələbəsi isə magistratura səviyyəsində təhsilini bu tədris ilində BDU-nun Sosial elmlər və psixologiya fakültəsində davam etdirəcək. Bu təşəbbüsün həyata keçirilməsində PXDU-nun Asiya fakültəsinin Azərbaycan dili kafedrasının müdiri filologiya elmləri üzrə fəlsəfə doktoru Aqşin Əliyevin mühüm rolu olub.

Rektor Elçin Babayev Çin universitetlərindən gələn tələbələrlə görüşərək BDU-nun tədris mühiti, elmi fəaliyyəti, tələbə həyatı barədə ətraflı məlumat verib. Rektor vurğulayıb ki, BDU-da təhsil alan əcnəbi tələbələr arasında Çin Xalq Respublikasından olan tələbələr xüsusi yer tutur. Onların təhsil və sosial məsələləri universitet rəhbərliyinin daim diqqət mərkəzindədir. Çinli tələbələr həm də BDU-nun sosial-mədəni həyatında fəal iştirak edirlər.

Sonda rektor tələbələrə uğurlar arzulayıb və onların gələcək fəaliyyətlərində BDU-da qazandıqları biliklərin mühüm rol oynayacağına əminliyini ifadə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
4
azertag.az

5Mənbələr