AZ

Türkanı qətlə yetirən əri cəzasını Türkiyədə çəkmək istəyir? - Rəsmi cavab

Plastik cərrah Türkan Gündüzü xüsusi amansızlıqla qətlə yetirən əri, Türkiyə vətəndaşı Muhammet Gündüz ölkəsinə verilməsini istəyir.

"Cebheinfo.az"  xəbər verir ki, mərhumun anası Sevda Hacıyeva bu iddia ilə “Qafqazinfo”ya müraciət edib.

Ananın sözlərinə görə, keçmiş kürəkəni cəzasının qalan hissəsini öz ölkəsində çəkmək üçün artıq lazım olan sənədləri toplamağa başlayıb. Qadın bu haqda güvəndiyi mənbələrdən məlumatlar aldığını deyir: “O insan mənim qızımı çoxsaylı bıçaq zərbələri ilə amansızlıqla öldürüb və buna görə 17 il azadlıqdan məhrum edilib. Amma indi eşidirik ki, Azərbaycan həbsxanasında qalmaq istəmir. Artıq ölkəsinə təhvil verilməsi üçün işə başlayıb. Məqsədi də Türkiyəyə gedib oradan öz adamları vasitəsilə həbsdən qurtulmaqdır. Hətta özü də bunu dilə gətirir, vəzifəli tanışlarının köməyi ilə pul verib azad ediləcəyi barədə ismarışlar göndərir. Ola bilər ki, dediklərimizi iddia kimi qəbul edəsiniz, amma bizə bu məlumatı verən çox ciddi adamdır. Düşünürük ki, bu məsələ indi üzə çıxmasa, sonra gec ola bilər. Çıxıb gedəndən sonra neyləyəcəyik ki? Ona görə indidən qabaqlayıcı tədbirlər görülməsini istəyirəm. Mən qızımın qanının yerdə qalmasını istəmirəm”.

Türkan Gündüzün ailəsi hazırda M.Gündüzün Türkiyəyə verilmə məsələsinin reallaşa biləcəyindən narahatdır. Mərhumun hüquqi varisi olan ana eyni zamanda aidiyyəti qurumlara müraciət edərək qızını qətlə yetirənin cəzasını sona qədər ölkəmizdə çəkməsinə nəzarət edilməsini xahiş edir.

Müraciətlə əlaqədar Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Türkiyə Respublikası ilə məhkumların verilməsi “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyası çərçivəsində həyata keçirilir: “Konvensiyaya əsasən, məhkumun verilməsi barədə qərar yalnız onun haqqında hökm qüvvəyə mindikdən sonra məhkum olunmuş şəxsin müraciəti əsasında sənədlərin müəyyən dövlətdaxili prosedurlardan keçirilməsindən sonra verilir”.

Qeyd edək ki, cinayət hadisəsi 2023-cü ilin yazında baş verib. Türkiyə vətəndaşı Muhammet Gündüz arvadının qətlinə görə bu ilin əvvəlində 17 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir. Zərərçəkmiş tərəf hazırda cəzanın ağırlaşdırılması üçün kassasiya şikayəti verib. Hələ ki, Ali Məhkəmə işə baxmayıb.

"Cebheinfo.az" 

Seçilən
24
11
cebheinfo.az

10Mənbələr