AZ

Firad Əliyevə yüksək vəzifə verildi

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev tutduğu vəzifədən azad olunub.

Oxu.Az xəbər verir ki, o, Azərbaycan Respublikası hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin olunub.

Onun yerinə ədliyyə müşaviri Samir Əzimzadə təyin olunub. Samir Əzimzadə Hərbi Prokurorluğun əməkdaşıdır.

Yeni hərbi prokuror Bəhruz Əhmədovun rəhbərliyi ilə Hərbi Prokurorluqda hərtərəfli və intensiv islahatlar, o cümlədən kadr islahatları uğurla həyata keçirilir, nəzəri bilik və peşə hazırlığı, şəxsi keyfiyyətləri tələb edilən səviyyədə olan şəxslərin yüksək vəzifələrə təyinatı təmin edilir və bu prosesslər davamlı hal alıb.

Qeyd edək ki, bir müddət əvvəl daxili işlər nazirinin müavini, Daxili Qoşunlar Komandanı, general-leytenant Şahin Məmmədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Hərbi Prokurorluq arasında ictimai əlaqələrin təmin edilməsində və informasiya əməkdaşlığı fəaliyyətində fərqləndiyinə görə baş ədliyyə müşaviri Firad Əliyevi "Daxili Qoşunlar Fərmanı" ilə təltif edib.

Xatırladaq ki, Firad Əliyevi 26 iyun 2024-cü il tarixdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə və 14 avqust 2024-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Yaranması Günü münasibətilə "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə, Azərbaycan Respublikasının baş prokuroru, l dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyev isə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə xidməti vəzifələrini nümunəvi icra etdiyinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə görə "Prokurorluğun fəxri işçisi" döş nişanı ilə təltif ediblər.

Məlumat üçün vurğulayaq ki, baş ədliyyə müşaviri Firad Fuad oğlu Əliyev Bakı Dövlət Universitetinin hüquq fakültəsinin bakalavr təhsil pilləsini 2002-ci ildə, magistr təhsil pilləsini isə 2004-cü ildə fərqlənmə diplomları ilə bitirərək, universitet rəhbərliyi tərəfindən "Hüquq fakültəsinin ən nümunəvi məzunu" adına layiq görülüb. 12 aprel 2005-ci il tarixdən prokurorluq orqanlarında qulluq keçir və xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif şəkildə təltif olunub, o cümlədən ona "ədliyyə müşaviri" və "baş ədliyyə müşaviri" rütbələri vaxtından əvvəl verilib.

Seçilən
23
3
moderator.az

10Mənbələr