AZ

Bakı Limanına gələn Rusiya gəmisi: Xəzərdə nələr müzakirə olunacaq?

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhəd gözətçi gəmisi "Rəsul Həmzətov" sentyabrın 23-də Bakı limanına daxil olacaq və sentyabrın 25-dək orada qalacaq.  Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib. Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında görüşlər təşkil olunacaq, Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq və təhlükəsizlik məsələləri müzakirə ediləcək. 

Bu səfərin Bakı-Moskva münasibətlərində hansı strateji mesajı daşıdığı maraq doğurur.

Məsələ ilə bağlı danışan politoloq Əziz Əlibəyli News24.az-a bildirib ki, Rusiya ilə münasibətlərin bərpası önəmlidir və bu baş verəcək:

“Bizim Rusiya ilə düşmənçilik etmək kimi bir niyyətimiz yoxdur. Bu iki dövlətə də müsbət heç nə vermir. İqtisadi münasibətlərimiz heç vaxt dayanmayıb, əksinə, kifayət qədər sıx qarşılıqlı əlaqələr mövcuddur. Azərbaycan və Rusiya arasında iqtisadi və humanitar sahələrdə olduğu kimi, təhlükəsizlik və sərhəd məsələlərində də koordinasiyalı münasibətlər mövcuddur. Sadəcə, siyasi müstəvidə zaman-zaman müəyyən gərginliklərdən danışmaq mümkündür. Bu isə münasibətlərin ümumi fonunu dəyişmir”.

Politoloqun fikrincə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FSB) məxsus “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisinin 23–25 sentyabr tarixlərində Bakıya səfəri də bu kontekstdə qiymətləndirilməlidir. 

"Burada hansısa ciddi səbəbdən söhbət getmir, sadəcə iki dövlət Xəzər dənizində məsləhətləşmələr aparacaq və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcək. Vaxtaşırı bu cür hərbi səfərlər olur. Bu əməkdaşlığın prinsipləri çərçivəsində həyata keçirilir. Bu kimi səfərlər zamanı birgə təlimlər və s. məsələlər icra olunur".

Əziz Əlibəyli qeyd edib ki, gəminin səfəri Bakı ilə Moskva arasında təhlükəsizlik və sərhəd əməkdaşlığının dərinləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir və Xəzər dənizində mövcud balansın qorunmasına xidmət edir. Bu isə həm Azərbaycan, həm də Rusiya üçün strateji əhəmiyyət daşıyır.


Aqil Qarayev

Seçilən
95
1
news24.az

2Mənbələr