AZ

"Azərbaycan suverenliyini tam şəkildə təmin etdi" - ŞƏRH EDİLDİ

"2023-cü ilin sentyabr ayında Azərbaycanın həyata keçirdiyi birgünlük antiterror əməliyyatı Azərbaycan tarixində kifayət qədər əhəmiyyətə malikdir". Bu sözləri SİA-ya açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

Onun sözlərinə görə, bu əməliyyat nəticəsində Azərbaycan suverenliyini tam şəkildə təmin etdi: "Eyni zamanda, Azərbaycan ərazisində təqribən 200 il müddətində kök atmış erməni separatizminin kökü kəsildi. Azərbaycana qarşı təhdid yaradan və müxtəlif zamanlarda üçüncü qüvvələrin əlində alət rolunu oynayan silahlı terrorçu qruplaşmalar məhv edildi, Azərbaycan təhlükəsizlik orqanları tərəfindən zərərsizləşdirildi və həbs olundu. Bu baxımdan hesab edirəm ki, antiterror əməliyyatının nəticəsi Azərbaycan tarixində mühüm dönüş nöqtəsidir. Xüsusilə separatizmin kökünün kəsilməsi baxımından bu, ilk hadisədir. Ona görə də bu əməliyyat, mənim fikrimcə, 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdən heç də az əhəmiyyət daşımır.

Dediyim faktlar göstərir ki, bu əməliyyat Azərbaycanın uzunmüddətli təhlükəsizliyinin təmin olunması və ölkəmizə təhdid yaradan faktorların neytrallaşdırılması baxımından xüsusi önəmə malikdir. Eyni zamanda, bu, həm daxili sabitliyin qorunması, həm də digər sahələrdə davamlı inkişafın təmin olunması üçün əsas amillərdən biridir".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
22
sia.az

1Mənbələr