Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə Anım Gününün beşinci ildönümü ərəfəsində “Regional sülh, əməkdaşlıq və Qarabağın dirçəlişinə strateji baxış” mövzusuna həsr olunan forum keçirilib.
Forumda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da iştirak edib.
XQ xəbər verir ki, tədbir iştirakçılarını salamlayan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Forumun işinə uğurlar arzulayıb. Azərbaycan torpaqlarının müdafiəsinə, onun işğaldan azad olmasına, haqqı pozulmuş soydaşlarımızın hüquqlarının bərpasına çağırışın səsləndiyi 27 sentyabr tarixinə bir neçə gün qaldığını vurğulayan B.Muradova, son 5 il ərzində dünya miqyasında Azərbaycanın inkişafına təkan verən layihələrin reallaşdırıldığını dilə gətirib.
Bahar Muradova qeyd edib ki, son illərdə dünyanın müxtəlif bölgələrində davam edən münaqişələr və müharibələr bəşəriyyətin inkişafına ciddi maneələr yaratsa da, bu mənzərə fonunda müsbət nəticə əldə etmiş yeganə nümunə məhz Azərbaycan olub. Onun sözlərinə görə, xalqın birliyi, dövlətin əzmi və Prezident İlham Əliyevin qətiyyətli liderliyi sayəsində uzun illər bölgədə sabitliyə və inkişafa mane olan Qarabağ münaqişəsi və onun ağır nəticələri aradan qaldırılıb.
Sədr vurğulayıb ki, Azərbaycan bu tarixi addımı ilə dünya ölkələrinə və xalqlarına münaqişə və müharibə şəraitində belə əzmlə, qətiyyətlə özünü müdafiə etməyin, ədaləti və hüququ bərpa etməyin mümkün olduğunu nümayiş etdirdi. Bu uğur təkcə dövlət üçün deyil, eyni zamanda hər bir azərbaycanlı üçün qürur və mənbəyidir.
O qeyd edib ki, bir neçə aydan sonra yaranmasının 5 illiyini qeyd edəcək Qarabağ Dirçəliş Fondu əldə olunmuş qələbənin möhkəmləndirilməsi, bu qələbəni təmin etmiş insanların problemlərinin həlli və ümumilikdə Qarabağa sülh, əmin-amanlıq və dirçəliş gətirmək istiqamətində layihələrin icrası ilə məşğuldur. Fondun birləşdirici gücünün bütün tərəflər arasında əməkdaşlıq yaratmaq imkanları, həm ayrı-ayrı ölkələrin müvafiq qurumları ilə, həm də ölkə daxilində dövlət strukturları, vətəndaş cəmiyyəti, iş adamları və maliyyə mənbələri ilə qurduğu münasibətlər qarşıya qoyulan hədəflərə uyğun şəkildə böyük nəticələr əldə etməyə imkan yaratdığını qeyd edən sədr, bu sinerjinin Qarabağın dirçəlişini təkcə Azərbaycanın deyil, həm də regionun çiçəklənməsi və rifahı üçün mühüm amilə çevirdiyini əlavə edib.
Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət bütün parametrlər üzrə Qarabağın və ümumilikdə ölkənin bərpasına xidmət edir. Bu prosesdə dövlət qurumları, o cümlədən vətəndaş cəmiyyəti üzərinə böyük məsuliyyət düşür. Bahar Muradovanın əlavə edib ki, hər kəs öz yerini düzgün müəyyən etməli, resurslarını və imkanlarını bu ümummilli məqsədə yönəltməlidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də bu istiqamətdə mühüm fəaliyyət həyata keçirdiyini vurğulayan Bahar Muradova bildirib ki, Komitə bu sahədə görülən işin sosial ölçüləri - insan kapitalı ilə məşğuldur. Komitə doğma yurdlarına qayıdan vətəndaşların yeni şəraitə adaptasiyası və yeni vərdişlərin formalaşdırılması, həmçinin onların hüquqlarının qorunması ilə yanaşı bu prosesdə iştirakının və inklüzivliyinin təmin olunması ilə bağlı məqsədyönlü layihələr reallaşdırır.
Bahar Muradova qeyd edib ki, Azərbaycan postmünaqişə dövründə də nümunəvi təcrübə formalaşdıraraq bu sahədə dünyaya örnək bir model təqdim edir. Bu gün müharibə şəraitində olan ölkələr münaqişədən çıxış yollarını öyrəndikləri kimi, müharibədən sonrakı dövrdə fəaliyyətin təşkili baxımından da Azərbaycanın təcrübəsindən faydalana bilərlər. “Belə bir ölkənin vətəndaşı olmaq, bu ölkədə yaşamaq və Azərbaycanın timsalında insanlığa xidmət göstərmək bizim nəsibimə düşən böyük xoşbəxtlikdir” – deyə Bahar Muradova əlavə edib.
Bahar Muradova həmçinin vurğulayıb ki, bu uğurların mənbəyində dayanan əsas resursumuzu – torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan insanları daim böyük hörmət və ehtiramla yad etməli, onların ailələrinə, diqqət və qayğı ilə yanaşmalıyıq.
Komitə sədri Forum çərçivəsində aparılan müzakirələrin gələcəkdə konkret layihələrə çevriləcəyinə və ümumi dirçəliş prosesinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Panel müzakirələri ilə davam edən tədbirin sonunda Qarabağ Dirçəliş Fondu tərəfindən Fondun fəaliyyətinə verdiyi dəstəyə görə Dövlət Komitəsinin sədri Bahar Muradovaya kristal plaket təqdim edilib.
Qeyd edək ki, tədbirin məqsədi şəhidlərimizin müqəddəs xatirəsini yad etməklə yanaşı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini müzakirə etmək, Qarabağın dirçəlişi və Azərbaycanın dayanıqlı inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı layihələrlə bağlı fikir mübadiləsi aparmaqdır.