“Uzun müddətdir ki, Bakıda sıxlığın olması, urbanizasiya prosesi nəticəsində problemlərin yaşanması fonunda paytaxtın köçürülməsi məsələləri gündəmə gəlir. Amma hesab etmirəm ki, paytaxt Bakıdan başqa şəhərə köçürülə bilər”.
Bunu Missiya.Az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib.
O qeyd edib ki, daha çox yerli icra qurumlarının, xüsusilə nazirlik və komitələrin, eləcə də bir sıra ali təhsil və orta ixtisas təhsili müəssisələrinin işğaldan azad olunmuş ərazilərimizə köçürülməsi faydalı olar:
“Həm Bakının sıxlığının aradan qaldırılması, həm də həmin ərazilərdə məşğulluğun və digər imkanların genişləndirilməsi aktualdır. Artıq Xankəndidə Qarabağ Universiteti 1 ildən çoxdur ki, fəaliyyət göstərir. Eləcə də digər ali və orta ixtisas təhsili müəssisələrimizin də işğaldan azad olunmuş ərazilərə transfer edilməsi, bir sıra nazirliklərin – Kənd Təsərrüfatı Nazirliyinin, əlaqədar digər nazirliklərin, komitələrin köçürülməsi, orada fəaliyyət göstərməsi istisna edilmir”.
Seyranə QuliyevaMissiya.az