BMT-nin Əfqanıstandakı Qadınlar üzrə Xüsusi Nümayəndəsi Syuzan Ferqyuson bildirib ki, ölkənin şərqində baş verən güclü zəlzələ nəticəsində həyatını itirən və yaralananların yarısından çoxunu qadın və qızlar təşkil edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əsas afterşoklar artıq səngisə də, bölgədə qadınlar təcili yardımsız uzunmüddətli fəlakətlə üzləşirlər.
“Təəssüf ki, ölənlərin və yaralananların yarıdan çoxunu, həmçinin itkin düşənlərin 60 faizini qadın və qızlar təşkil edir”, - Ferqyuson Cenevrədə keçirdiyi brifinqdə deyib.
Xüsusi nümayəndə əlavə edib ki, ötən həftə Kunar əyalətinə səfəri zamanı o, bir çox ailənin hələ də çadırlarda və ya açıq havada yaşadığını müşahidə edib. İnfrastrukturun dağıdılması səbəbindən bölgədə içməli su, kanalizasiya və qadınlar üçün ayrıca tualet problemi davam edir.
Xatırladaq ki, avqustun 31-də Hindukuş dağlarında 6,2 bal gücündə zəlzələ baş verib. Əsədabad şəhərindən 27 kilometr cənub-qərbdə qeydə alınan təkanlar bütün kəndləri dağıdıb. Son məlumatlara görə, ölənlərin sayı 2200 nəfəri keçib, 3600-ə yaxın insan yaralanıb. Sentyabrın 2-də isə bölgədə 5,5 bal gücündə daha bir zəlzələ qeydə alınıb.