AZ

Diversifikasiyanın ritmi: Azərbaycan iqtisadiyyatının Avropa səfəri

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Qlobal iqtisadiyyatın dərinləşən inteqrasiyası fonunda Azərbaycan üçün beynəlxalq əməkdaşlıq formatlarının genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Xüsusən də Avropa İttifaqı kimi nəhəng iqtisadi məkanla qurulan institusional tərəfdaşlıq, ölkəmizin həm regional, həm də qlobal iqtisadi sistemdə mövqelərinin möhkəmlənməsinə xidmət edir. Bu baxımdan Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması yalnız yeni əməkdaşlıq mexanizmi deyil, həm də strateji iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirilə bilər. Bu təşəbbüs, ilk növbədə, iki tərəf arasında iqtisadi dialoqun institusionallaşdırılmasına, qarşılıqlı maraqların uzlaşdırılmasına və gələcək inkişaf trayektoriyalarının müəyyən edilməsinə imkan açır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı ekspert Famil Niftiyev bildirib ki, Azərbaycan və Avropa İttifaqı arasında Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması regionda iqtisadi inkişaf və ticarət imkanlarına bir neçə istiqamətdə mühüm təsirlər göstərə bilər: 

"İlk növbədə, belə bir qurum iki tərəf arasında dialoqu sistemləşdirərək iqtisadi siyasətlərin və ticarət strategiyalarının uyğunlaşdırılmasına şərait yaradır. Bu, Azərbaycanda investisiya mühitinin şəffaflığının və stabilliyinin artırılması, həmçinin sahibkarlıq subyektləri üçün yeni imkanların açılması deməkdir. Avropa İttifaqı kimi böyük iqtisadi blokla müntəzəm iqtisadi əməkdaşlıq, xüsusilə ixrac potensialının artırılması baxımından əhəmiyyətlidir, çünki bu, yerli istehsalçıların Avropa standartlarına uyğunlaşdırılması prosesini sürətləndirir və rəqabət qabiliyyətini yüksəldir".

Famil Niftiyev: Bu, eyni zamanda ölkənin beynəlxalq iqtisadi əlaqələrini dərinləşdirərək davamlı inkişafa əsas yaradır

Onun sözlərinə görə, işçi qrupunun fəaliyyəti eyni zamanda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üçün konkret imkanlar yaradır: 

"Energetika sektoru hələ də ölkə iqtisadiyyatında dominant rol oynasa da, Aİ ilə əməkdaşlıq qeyri-neft sahələrində, xüsusən kənd təsərrüfatı, logistika, informasiya texnologiyaları və davamlı enerji layihələrində yeni perspektivlərin açılmasına şərait yaradır. Bundan əlavə, texnologiya transferi, təlim proqramları və normativ-hüquqi uyğunlaşma mexanizmləri iqtisadi infrastrukturun modernləşdirilməsinə və biznes mühitinin təkmilləşdirilməsinə töhfə verə bilər".

Famil Niftiyev onu da əlavə edib ki, regionun ümumi iqtisadi mənzərəsi baxımından, belə bir əməkdaşlıq Azərbaycanı regional ticarət mərkəzi kimi mövqeləndirməyə imkan yaradır:

"Bu, xüsusilə Cənubi Qafqaz və Xəzər hövzəsi ilə Avropa arasında ticarət əlaqələrinin inkişafında strateji rol oynayır. Eyni zamanda, Yüksək Səviyyəli İqtisadi İşçi Qrupu ikitərəfli layihələrin maliyyələşdirilməsi, iqtisadi təşəbbüslərin koordinasiyası və davamlı iqtisadi inkişafın planlaşdırılması üçün bir platforma təmin edir ki, bu da həm xarici investorlar üçün etibarlı bir siqnal, həm də yerli iqtisadi subyektlər üçün yeni əməkdaşlıq imkanları deməkdir".

Sonda ekspert vurğulayıb ki, bu addım Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyası, Avropa standartlarına uyğun investisiya və ticarət mühitinin yaradılması, regionda strateji mövqeyin gücləndirilməsi və qeyri-neft sektorlarının inkişafı kimi uzunmüddətli perspektivləri açır. Bu, yalnız iqtisadi göstəricilərə təsir etmir, eyni zamanda ölkənin beynəlxalq iqtisadi əlaqələrini dərinləşdirərək davamlı inkişaf üçün əsas yaradır.

Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
bakivaxti.az

1Mənbələr