AZ

Bakıda kişi iş yoldaşının başına stəkanla vurub öldürdü - MƏHKƏMƏ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakıda iş yoldaşını öldürməkdə təqsirləndirilən Möhsün Abdullayevin məhkəməsi başlayıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə məhkəmə baxış iclası keçirilib.
Prosesdə prokuror ittiham aktını elan edib.
Möhsün Abdullayev 1970-ci ildə Gədəbəy rayonunda anadan olub. 1997-ci ildə zorlama əməlinə görə məhkum olunub, azadlığa çıxdıqdan sonra qəlibçi işləyib. Abdullayev ittiham üzrə özünü qismən təqsirli bilib.
İfadəsi zamanı Möhsün Abdullayev iş yoldaşını masanın üzərindən götürdüyü stəkanla cəmi bir dəfə vurduğunu qeyd edib. Onun sözlərinə görə, buna Bahadur Tağıyevin onu əsassız yerə söyməsi səbəb olub. Prokuror təqsirləndirilən şəxsə istintaqda fərqli ifadə verdiyini bildirib.
İttihama görə, Möhsün Abdullayev masanın üzərində olan dəstəkli stəkanı götürdükdən sonra Bahadur Tağıyevin başına 4 dəfə zərbə endirib. Nəticədə zərərçəkənin başından qan axmağa başlayıb. Sonra yumruqla ona zərbələr vurub. Məqsədi Tağıyevdən işlətdiyi nalayiq ifadələrə görə qisas almaq olub.
Amma məhkəmə zalında Möhsün Abdullayev bildirib ki, məqsədi qisas olmayıb, sadəcə Bahadurun əlindən çıxmaqdan ötrü onu stəkanla vurub:
"Yumruqla onu vurmamışam. Bizi iş yoldaşım Tofiq Əsədov ayırdı, digər iş yoldaşlarımla birgə zərərçəkmişə tibbi yardım göstərdik. Hadisə təxminən saat 16-da baş versə də, Təcili Tibbi Yardıma 2 saatdan sonra məlumat verdik".
Zərərçəkmiş şəxsin hüquqi varisi olan həyat yoldaşı məhkəmə zalında ağlayıb. O, üzünü təqsirləndirilən şəxsə tutaraq bildirib ki, kaş ki onun yoldaşını öldürməzdi, övladlarını atasız qoymazdı. Qadın Möhsün Abdullayevdən hansı səbəbə görə, ərini qətlə yetirdiyini soruşub. Təqsirləndirilən şəxs bir daha bildirib ki, Bahadur Tağıyevi nalayiq ifadələrə görə, özündən asılı olmayaraq vurub. Stəkanı əlinin ovucunda saxlayıb. Onun aldığı xəsarətdən öləcəyini düşünməyib.
Məhkəmənin növbəti iclası oktyabrın 10-na təyin edilib.
Qeyd edək ki, Möhsün Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Seçilən
17
oxu.az

1Mənbələr