"Şuşada bu gün müşahidə etdiyimiz proseslər Azərbaycanın yeni diplomatik mərkəzinin formalaşmasının bariz nümunəsidir. Əgər illər boyu rəsmi protokol tədbirləri yalnız Bakıda keçirilirdisə, artıq bu ənənə Şuşada da yüksək səviyyədə tətbiq olunur. Dövlət himnlərinin səsləndirilməsi, fəxri qarovul dəstəsinin düzülməsi, qırmızı xalça mərasimi, eləcə də Qarabağ atlarının şousu və zəngin mədəni proqramların təşkili göstərir ki, Şuşa diplomatik görüşlərin tamhüquqlu məkanıdır".
Bu fikirləri hafta.az-a açıqlamasında Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Ekspert bildirib ki, bu hadisələr təkcə rəsmi protokol qaydalarının icrası deyil, həm də Azərbaycan diplomatiyasının milli kimliklə zənginləşdirilmiş modelidir. Şuşada keçirilən hər bir tədbir dünyaya göstərir ki, Azərbaycan öz tarixi torpaqlarında yeni siyasi və mədəni mərkəz yaradır:
"Bununla yanaşı, mənim fikrimcə, gələcəkdə paytaxtın da Qarabağa, hətta Xankəndiyə köçürülməsi məsələsi müzakirəyə çıxarıla bilər. Bu, həm tarixi ədalətin təntənəsi, həm də strateji baxımdan mühüm qərar olardı. Qarabağın təbiət gözəlliyi, zəngin mədəni irsi və kommunikasiya resursları burada beynəlxalq tədbirlərin keçirilməsi üçün unikal imkanlar aça bilər. Əminəm ki, yaxın illərdə Şuşa qlobal forumların, beynəlxalq mədəniyyət və diplomatiya tədbirlərinin əsas ünvanlarından birinə çevriləcək. Bu isə Azərbaycanın gücünü, mədəniyyətini və qalibiyyət ruhunu bütün dünyaya nümayiş etdirəcək”.