AZ

Azərbaycanın təşəbbüsləri AQEM-in xəritəsini genişləndirir - MÜSAHİBƏ

Bakı, 19 sentyabr, Ceyhun Xəlilov, AZƏRTAC

Sentyabrın 9-10-da Bakıda Asiya Regional Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (AQEM) 13-cü sessiyası keçirildi. Bu mühüm tədbir regionda sabitliyin möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın genişləndirilməsi və davamlı sülhün təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. AQEM təkcə siyasi dialoqu təşviq etmir, təşkilat, eyni zamanda, iqtisadi, ekoloji və təhlükəsizlik sahələrində real layihələrə dəstək verərək regionda praktik nəticələrə imza atır. Məhz bu xüsusiyyətlər AQEM-i Asiya məkanında sülh, təhlükəsizlik və dayanıqlı inkişaf üçün unikal platformaya çevirir.

Təşkilatın Hərbi-siyasi məsələlər üzrə eksperti, hərbi elmlər və təhlükəsizlik üzrə fəlsəfə doktoru Madina İqibayeva AZƏRTAC-a müsahibəsində sessiyanın əsas mesajları, regional təhlükəsizlik çağırışları və gələcək perspektivlər haqqında ətraflı danışıb. Müsahibəni təqdim edirik.

- Bu yaxınlarda Bakıda AQEM-in 13-cü sessiyası keçirildi və Siz də həmin tədbirdə yaxından iştirak etdiniz. Azərbaycanın AQEM sədrliyi dövründə həyata keçirdiyi fəaliyyətləri və təşəbbüsləri necə qiymətləndirirsiniz?

- Azərbaycanın AQEM sədrliyi xüsusilə fəaliyyətyönümlü olub, dialoqdan kənara çıxaraq konkret təşəbbüslərə keçid edib. Azərbaycan sədrliyi dövründə bir sıra mühüm təşəbbüslər irəli sürüb, o cümlədən iqtisadi və ekoloji sahələrdə etimad yaradan tədbirlərin praktik tətbiqini həyata keçirib, rəqəmsal gündəmin fəal təşviqini təmin edib. Beyin Mərkəzləri Forumundan əlavə, onun töhfəsinin əsas nümunəsi "AQEM Regional İqtisadi Əməkdaşlıq Strategiyası" təşəbbüsünə verdiyi fəal dəstəkdir. Azərbaycanın irəli sürdüyü bu təşəbbüs böyük iqtisadi potensialımızı konkret əlaqələndirmə layihələrinə çevirməyi hədəfləyir və nəqliyyat dəhlizləri, ticarətin asanlaşdırılması, investisiyaların təşviqi üzərində fokuslanır. Bu, AQEM prinsiplərini birbaşa ümumi rifah üçün nəzərdə tutulmuş çərçivəyə çevirir. Xüsusilə Bakıda keçirilmiş AQEM-in 13-cü Beyin Mərkəzləri Forumu bu kontekstdə diqqətəlayiqdir. Forum dialoqumuzun coğrafi çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirib və təşkilatın işinə yeni baxışların daxil olunmasına töhfə verib.

Bundan əlavə, Azərbaycan gənclərin təşkilatın fəaliyyətində iştirakçılığa cəlb edilməsinə xüsusi diqqət ayırıb. Bakıda keçirilən AQEM Gənclər Şurasının iclası, sadəcə, simvolik tədbir deyildi. Bu, gələcək liderlərin səsinin təşkilatın strukturlarında institusionallaşdırılmasına yönəlmişdi. Bu isə həm təşkilatın uzunmüddətli aktuallığını təmin edir, həm də üzv ölkələrdən olan “gələcək qərarvericilər” arasında ümumi məsuliyyət və sahiblik hissini gücləndirirdi. Bir sözlə, Azərbaycan regional sabitliyin və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə davamlı səylər göstərir.

- Kibertəhlükəsizlik sahəsində AQEM üzv dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün müxtəlif təşəbbüslər irəli sürülüb. Bu təşəbbüslər barədə nə düşünürsünüz? Sizcə hansı yeniliklərə daha çox ehtiyac var?

- Kibertəhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. Ən perspektivli istiqamətlərə aşağıdakılar daxildir: kibertəhlükəsizlik üzrə ixtisaslaşmış işçi qrupunun yaradılması, müntəzəm birgə təlimlər və təcrübələr keçirilməsi, təhdidlər barədə məlumat mübadiləsi mexanizmlərinin işlənməsi və üzv dövlətlərin tənzimləyici çərçivələrinin uyğunlaşdırılması.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşmış bir işçi qrupunun yaradılması ilkin mərhələdə kritik infrastrukturun qorunmasına fokuslana bilər və enerji, maliyyə, nəqliyyat kimi bütün ölkələr üçün həyati əhəmiyyət kəsb edən sahələrdə ortaq qaydalar toplusu yarada bilər.

Birgə təlimlərə gəlincə, biz uğurlu regional nümunələrdən istifadə edə bilərik. Məsələn, “AQEM Kiber Qalxan” ("CICA Cyber Shield") adlı təlimin təşkili üzv dövlətlərə maliyyə sistemlərinə qarşı kiberhücum ssenarisinə koordinasiyalı cavab addımlarını simulyasiya etməyə imkan verərdi. Bu isə kollektiv hazırlığımızı və insidentlərə cavab koordinasiyamızı praktiki və təcrübəyə əsaslanan şəkildə gücləndirərdi. Qaydaların uyğunlaşdırılması baxımından isə ilk faydalı addım milli məlumatların qorunması və kibercinayətkarlıqla bağlı qanunvericiliklərin müqayisəli tədqiqi ola bilərdi. Bu isə tərəfdaşlıq və uyğunluq sahələrini müəyyənləşdirərdi.

- Bəs iqlim təhlükəsizliyi? Bu sahədə AQEM üzv dövlətlərinin birgə təşəbbüsləri, - yaşıl enerji layihələri və transsərhəd su resurslarının idarə olunması və sair, - region üçün hansı praktiki əhəmiyyətə malikdir?

Bildiyimiz kimi, iqlim təhlükəsizliyi yalnız ekoloji deyil, həm də sosial, iqtisadi və siyasi ölçüləri olan kompleks bir çağırışdır. Bu səbəbdən, biz hesab edirik ki, səylər mövcud etimad yaradan tədbirlərə, iqlim aspektinin inteqrasiyasına yönəldilməlidir. Eyni zamanda, iqlim risklərinə qarşı erkən xəbərdarlıq sisteminin hazırlanması, yaşıl enerji və davamlı resurs idarəçiliyi sahəsində birgə layihələrin həyata keçirilməsi prioritetlər sırasına daxil edilməlidir.

Təklif etdiyimiz erkən xəbərdarlıq sistemi konkret bir bölgədə, məsələn, Mərkəzi Asiya və ya Cənubi Qafqazda pilot layihə kimi tətbiq oluna bilər. Bu sistem, xüsusilə iqlim dəyişikliyi nəticəsində artan sərhədlərarası təbii fəlakətlərə - sel, quraqlıq və sair fokuslana bilər.

Azərbaycanın coğrafi mövqeyi - Xəzər dənizindən Qafqaz dağlarınadək uzanan müxtəlif iqlim zonaları bu problemlərin ciddiliyini daha dərindən hiss etməyə imkan verir. Ölkənizin bu sahədə topladığı təcrübə AQEM üçün son dərəcə dəyərlidir. Məsələn, Azərbaycanın hidrogen, külək və Günəş enerjisinə böyük sərmayələr yatırması və Avropaya bərpaolunan enerji ixracatçısı olmağı hədəfləyən layihələri regional əməkdaşlıq üçün real və uğurlu nümunədir.

Bununla yanaşı, AQEM çərçivəsində “ədalətli enerji keçidi” strategiyalarının təqdim olunduğu bilik və təcrübə mübadiləsi sessiyalarının təşkili məqsədəuyğun olardı. Bu yanaşma həm iqtisadi inkişaf, həm də ekoloji dayanıqlılıq arasında tarazlıq yaratmağa xidmət edə bilər.

Eyni zamanda, transsərhəd su ehtiyatlarının idarə olunması sahəsində təşkilat daxilində ümumi təşəbbüs formalaşdırmaq olduqca vacibdir. Çünki bir çox üzv ölkələr eyni çay hövzələrini paylaşır və su qıtlığı, çirklənmə kimi ortaq problemlərlə üzləşirlər. Azərbaycanın bu sahədəki təcrübəsi bu istiqamətdə də faydalı töhfə verə bilər.

- Son sualım Qlobal Cənub Ölkələri ilə bağlıdır. Bildiyimiz kimi, bu ölkələr dünya siyasətində uzun illər kifayət qədər təmsil olunmayıb. Bu mövzuda Təşkilat hansı işləri görür? Sizcə, bu addımlar AQEM-in fəaliyyətinə və regiondakı əməkdaşlıq imkanlarına necə töhfə verə bilər?

- Qlobal Cənub ölkələrinin iştirakına gəldikdə isə qeyd etmək istərdim ki, AQEM daha balanslı təmsilçiliyi təmin etmək üçün fəaliyyətini davam etdirir. Planlar arasında bu ölkələrin təşkilatın işçi orqanlarında iştirakının artırılması, ixtisaslaşmış regional məsləhətləşmələrin keçirilməsi, ekspert iştirakını dəstəkləyən mexanizmlərin yaradılması və inkişaf etməkdə olan ölkələr üçün xüsusilə aktual məsələlərin gündəliyə daxil edilməsi nəzərdə tutulur.

Bu məsələnin, sadəcə, formal xarakter daşımaması üçün çoxpilləli yanaşma hazırlanır. İlk olaraq, AQEM Ekspertlər Reyestrinin yaradılması nəzərdə tutulur. Bu, məhz Qlobal Cənub ölkələrindən mütəxəssislərin namizədliyinə həsr olunacaq və onların işçi qruplara, tədqiqat layihələrinə daxil edilməsini asanlaşdıracaq.

İkincisi, biz artıq tədbirlərimizi mərkəzləşmədən çıxarmağı planlaşdırırıq. Katibliyimiz Astanada yerləşsə də, “inkişaf iqtisadiyyatı” və ya “texnologiya transferi” mövzularında ixtisaslaşmış seminarların Afrika və Cənub-Şərqi Asiya ölkələrinin paytaxtlarında keçirilməsi bu ərazilərə giriş baryerini fiziki olaraq azaldacaq və müzakirələrə yerli konteksti əlavə edəcək. Nəhayət, gündəliyimizi nəzərdən keçiririk ki, o, yalnız ənənəvi təhlükəsizlik mövzularını deyil, həm də “inkişaf təhlükəsizliyi”ni - qida təhlükəsizliyi, texnologiyaya çıxış və dayanıqlı təchizat zəncirləri kimi məsələləri əhatə etsin. Bunlar Qlobal Cənubdakı tərəfdaşlarımız üçün mütləq prioritetlərdir.

Seçilən
26
1
azertag.az

2Mənbələr