AZ

“Erməni lobbiçiləri şəxsi maraqlar naminə fəaliyyət göstərir” -Politoloq

"Amerika Birləşmiş Ştatlarında erməni diasporu və lobbi təşkilatlarının fəaliyyəti həmişə olub, bu gün də var və gələcəkdə də olacağını demək mümkündür. Çünki bu erməni diasporu və lobbi təşkilatları, onların təsiri altında fəaliyyət göstərən qüvvələr sadəcə maddi maraqlar və ya digər şəxsi məqsədlər naminə fəaliyyət göstərirlər. Onların fəaliyyəti nə öz dövlətlərinin, nə də xalqlarının maraqlarına cavab verir, bu fəaliyyətlər yalnız şəxsi maraqlara xidmət edir".

Bu fikirləri Redaktor.az-a ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində təklif olunan anti-Azərbaycan məzmunlu düzəliş haqqında danışan politoloq Xəyal Bəşirov bildirdi.

"O baxımdan mən düşünürəm ki, bu cür qüvvələr hər zaman bütün cəmiyyətlərdə tapıla bilər, xüsusilə də ABŞ kimi dünyanın müxtəlif nöqtələrindən olan insanların toplandığı ölkələrdə. Bu baxımdan hesab edirəm ki, qəbul olunmuş anti-Azərbaycan düzəlişinə ilk növbədə bu prizmadan baxmaq lazımdır: bu düzəliş ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunub. Gəlin qəbul edək ki, bu, Konqresin rəsmi mövqeyi deyil. Konqresin iki qanadı - Senat və Nümayəndələr Palatası var. Həmçinin, bu düzəliş konkret olaraq Nümayəndələr Palatasının bir komitəsində qəbul olunub.

Təbii ki, bu düzəlişin qəbul olunması bizim üçün xoş olmaz, amma bu, Amerika Birləşmiş Ştatlarının rəsmi dövlət siyasəti kimi qiymətləndirilməməlidir. Bizim üçün əsas olan ABŞ dövlət başçısı, Prezident Donald Trampın və onun komandasının, eləcə də dövlət katibinin və administrasiyada təmsil olunan nüfuzlu şəxslərin mövqeyidir. Biz bu mövqeyi 8 avqust tarixində keçirilən görüşlərdə aydın şəkildə gördük. Həmin görüşlər zamanı Azərbaycanın Prezidentinə və dövlətinə olan münasibət səsləndirilən fikirlərdə və nümayiş etdirilən davranışlarda öz əksini tapdı. Mən düşünürəm ki, belə bir münasibətin fonunda komitə səviyyəsində qəbul olunan bu kimi düzəlişlər sadəcə həmin səviyyədə qalacaq və ciddi nəticələr doğurmayacaq. Əslində bunu "düzəliş" adlandırmaq da doğru deyil, lakin həmin şəxslər bu addımı elə adlandırırlar və öz məqsədlərinə uyğun istifadə etməyə çalışırlar".

Müsahibimiz əlavə etdi ki, Azərbaycan ərazisində fəaliyyət göstərmiş terrorçu qruplaşmaların bəzi nümayəndələrinin bu gün ədalət məhkəməsi qarşısına çıxarılması yalnız Azərbaycan üçün deyil, beynəlxalq hüquq, insanlıq və ümumbəşəri dəyərlər üçün müsbət bir hadisə kimi qiymətləndirilməlidir:

"Çünki həmin şəxslərin terror fəaliyyəti istisna olmaqla başqa bir fəaliyyətlə məşğul olduqlarını heç kim sübuta yetirə bilməz. Onlar çox ağır cinayətlərdə ittiham olunurlar və biz əminik ki, bu cinayətlər sübuta yetiriləcək, nəticədə həmin şəxslər layiqli cəzalarını alacaqlar. Komitədə təklif olunan bu qərar əslində ABŞ-nin konstitusion dəyərlərinə, insan hüquq və azadlıqlarına və ədalət məhkəməsi prinsiplərinə ziddir. Bu, dövlətlərin daxili işlərinə qarışmaq və məhkəmə sisteminə təsir göstərmək cəhdidir. Bu baxımdan düşünürəm ki, “düzəliş” adlandırılan bu addım ilk növbədə ABŞ xalqının və dövlətinin prinsiplərinə ziddir. Əgər bu cür addımları qəbul edirlərsə, o zaman bu, bizdən daha çox Amerika xalqını və dövlətini narahat etməlidir".

Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi ABŞ Dövlət Departamentinin yenidən icazə vermə prosesinin bir hissəsi kimi nəzərdən keçirilən qanun layihələrinə iki düzəlişi rədd edib.

Nuriyyə NATİQQIZI

Seçilən
4
1
redaktor.az

2Mənbələr