AZ

Kolumbiya hökuməti ilə “Klan del Golfo” cinayətkar qruplaşması arasında sülh danışıqları başlayıb  

Kolumbiya hökuməti ilə ölkənin ən böyük kriminal təşkilatı sayılan “Klan del Golfo” cinayətkar qruplaşması arasında sülh danışıqları başlayıb.

Danışıqlar Qətərin paytaxtı Dohada başlayıb. Birinci mərhələdə tərəflər arasında etimadın yaradılması və “Klan del Golfo”nun fəaliyyət göstərdiyi beş regionda pilot layihələrin həyata keçirilməsi planlaşdırılır.

Hökumət nümayəndə heyətinin rəhbəri Alvaro Ximenez və qrupun nümayəndəsi Luis Armando Peres “sülh prosesi” adlanan mərhələyə keçidi elan edən birgə bəyanat imzalayıblar.

Sülh Komissiyasının yaydığı bəyanatda silahlı təşkilatın "sülhün qurulması yolunda ilk addım" olaraq mülki şəxslərin, xüsusilə də uşaqların hüquqlarına hörmətlə yanaşmağı öhdəsinə götürdüyü vurğulanır.

Sənəddə həmçinin qeyd olunur ki, qrup beynəlxalq humanitar qanunlara əməl edəcək və 2026-cı ildə Kolumbiyada keçiriləcək seçkilərə müdaxilə etməyəcək.

Yerli mətbuatın məlumatına görə, “Klan del Golfo” narkotik kartelinin 6-9 min silahlı üzvü var.

Fevralın 17-də qruplaşmanın üzvləri Seqoviya bələdiyyəsində (Antyokiya departamenti) hərbi qulluqçulara silahlı hücum edərək 4 əsgəri öldürüblər.

Kolumbiya ordusu son əməliyyatlar zamanı təşkilatdan külli miqdarda kokain və silah arsenalı ələ keçirib.

“Klan del Golfo”nun keçmiş lideri, "Otoniel" ləqəbli Dayro Antonio Usuqa David 2021-ci il oktyabrın 23-də ölkənin şimal-qərbindəki Nekokli bələdiyyəsində həbs edilib. “Osiris” əməliyyatında 22 helikopter, 650 polis və hərbçi iştirak edib.

“Otoniel” Boqotadakı Dijin həbsxanasından Katam Hərbi Hava Limanına gətirilib və xüsusi təyyarə ilə Bruklindəki federal həbsxanaya aparılıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
11
azerbaijan-news.az

1Mənbələr