AZ

Qərb Çini hədəfə ala bilərmi? Müharibənin taleyini dəyişəcək ssenari

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın son açıqlaması ictimaiyyətdə maraq doğurub. O bildirib ki, Avropa ölkələrinin Rusiyanın əsas neft alıcılarından biri olan Çinə qarşı sanksiyalar və ya rüsumlar tətbiq etməsi Rusiya-Ukrayna münaqişəsinə son qoya bilərdi.

Bu nə dərəcədə realdır? Avropa İttifaqı Çinə qarşı sanksiya tətbiq edə bilərmi? Bu prosesi necə dəyərləndirmək olar?

Globalinfo.az-a danışan politoloq Zaur İbrahimli qeyd edib ki, Rusiyanın dövlət büdcəsinin əsas gəlir mənbəyi neft ixracıdır:

“Son statistika Çinə və Hindistana neft ixracının iki dəfə artdığını göstərir. Bu, çox böyük həcmdir. ABŞ və Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın neft gəlirləri təxminən 20 faiz azalıb. Lakin Hindistan və Çinin ödədiyi maliyyə vəsaiti hesabına Kreml hələlik makroiqtisadi sabitliyi qoruyub saxlaya və hərbi xərcləri maliyyələşdirə bilir.

Rusiya Hindistana böyük qiymət güzəştləri edir, Çin də Rusiya neftini aşağı qiymətlərlə alır. Bu iki ölkənin belə yanaşması Rusiya üçün bir növ “xilasedici kəmər” rolunu oynayır.

Eyni zamanda Avropa İttifaqı da hələ də müəyyən yollarla üçüncü tərəflər vasitəsilə Rusiya neft və neft məhsullarını alır. Dünya neft bazarının özünəməxsus xüsusiyyətlərinə görə, Rusiyanı birdən-birə bu bazardan tamamilə çıxarmaq mümkün deyil.

Hindistan və Çinin Rusiyadan neft alışını dayandırması, Putin hakimiyyəti üçün ciddi çətinliklər yaradardı. Bu halda uzun müddət hərbi xərclərin maliyyələşdirilməsi demək olar ki, mümkünsüz olardı. Ancaq məlumdur ki, bu iki ölkə belə bir addım atmayacaq. Onlar Qərbin təzyiqlərini Rusiya-Ukrayna müharibəsi kontekstində qiymətləndirir və bunu öz suverenliklərinə təhdid kimi qəbul edirlər. Eyni zamanda qeyd edirlər ki, illərlə Avropa Rusiyanın ucuz neft və qaz ehtiyatlarından faydalanıb. İndi isə yaranmış tarixi fürsəti əldən vermək istəmirlər”.

Zaur İbrahimli

Zaur İbrahimlinin fikrincə, Avropa İttifaqının Çinə qarşı ciddi sanksiyalar tətbiq etməsi real görünmür:

“Çinin əsas investorları Almaniya şirkətləridir. Çin, Avropa iqtisadiyyatında əhəmiyyətli paya malikdir. Ona qarşı sanksiya tətbiq etmək Avropanı ABŞ-dan daha da asılı vəziyyətə sala bilər.

Bununla belə, zamanla Çinlə iqtisadi münasibətlərə yenidən baxılması mümkündür. Pandemiyadan sonra ixrac bazarlarının şaxələndirilməsi istiqamətində həm Avropada, həm də dünyada müəyyən işlər görülür.

Hazırda istehsal mərhələli şəkildə Çindən çıxarılaraq, daha yaxın regionlara köçürülür. Çin həm də dünyanın ən böyük istehlak bazarlarından biridir. Bu, xüsusilə emal sənayesi və gündəlik tələbat mallarına aiddir.

Çinə qarşı sanksiya tətbiq etmək Avropa iqtisadiyyatını zəiflədə, iqtisadi böhran yarada bilər. Buna görə də ABŞ belə sanksiyaları mərhələli şəkildə və ehtiyatla tətbiq edir”.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
globalinfo.az

1Mənbələr