Tural İsmayılov: “Avropa İttifaqının bu addımı labüd və qarşılıqlı faydaya əsaslanan bir qərardır”
“Mən Azərbaycan və Avropa İttifaqı arasında əlaqələri yeni səviyyəyə yüksəltməyə can atıram”. Bunu Avropa İttifaqının genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu gün maliyyə razılaşmasını imzalaya biləcək: “Hansı ki, bizə bu əraziyə, xüsusilə də səhiyyə sisteminə vəsait qoymağa imkan verəcək”.
Maraqlıdır, Avropa İttifaqı işğaldan azad edilmiş ərazilərə vəsait ayıracaqmı?
“Aİ-nin indi bu istiqamətə diqqət yetirməsi Bakının bölgədə qazandığı strateji üstünlüyün nəticəsidir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Avropa İttifaqının işğaldan azad edilmiş ərazilərə vəsait ayırmaq qərarı, gecikmiş olsa da, labüd bir addımdır. Çünki Azərbaycan uzun illərdir Avropa ilə tərəfdaşlıq münasibətlərində tarazlı siyasət yürüdür: “Aİ-nin indi bu istiqamətə diqqət yetirməsi Bakının bölgədə qazandığı strateji üstünlüyün nəticəsidir. Ağdamdan verilən mesajlar həm də Avropa İttifaqının Qarabağ həqiqətlərini qəbul etdiyini göstərir. Səhiyyə sisteminə yönəldiləcək vəsait yerli əhalinin rifahına və reinteqrasiyaya xidmət edəcək. Bu, Azərbaycan dövlətinin quruculuq işlərinə dəstək mənası daşıyır. Prezident İlham Əliyevin ardıcıl siyasəti Avropanı real addımlar atmağa məcbur edib. Əslində, Brüsselin indiyə qədər passiv mövqe tutması qeyri-adekvat idi. İndi isə Avropa, gec də olsa, Azərbaycanın mövqeyi ilə hesablaşmağa başlayır. Bu maliyyə dəstəyi həm də siyasi etimad göstəricisidir”.
Siyasi şərhçi hesab edir ki, Avropa İttifaqının Qarabağda iştirak etməsi regionda yeni əməkdaşlıq platformalarının yaranmasına səbəb ola bilər. Azərbaycanın açıq siyasəti və beynəlxalq tərəfdaşlıq xətti Avropaya geniş imkanlar açır: “Gözlənilən odur ki, bu əməkdaşlıq yalnız səhiyyə ilə məhdudlaşmayacaq. İnfrastruktur, təhsil və sosial layihələr də diqqət mərkəzinə gətiriləcək. Azərbaycanın güclü dövlət kimi mövqeyi Avropanı bölgəyə sərmayə yönəltməyə təşviq edir. Nəticə etibarilə, Avropa İttifaqının bu addımı labüd və qarşılıqlı faydaya əsaslanan bir qərardır”.
Günel CƏLİLOVA