Bu gün Qarabağda erməni separatizminə son qoyan 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin başlanmasından iki il keçir. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Metbuat.az-a açıqlamasında bildirib ki, 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusu, xüsusi xidmət orqanları və digər hüquq-mühafizə qurumlarının birgə keçirdiyi antiterror əməliyyatı dövlətçilik tariximizdə mühüm iz qoyan və həlledici dönüş nöqtəsi oldu: “Bu əməliyyat nəticəsində Qarabağda qeyri-qanuni silahlı birləşmələrin və müxtəlif yerlərdən gətirilmiş terror qruplarının mövcudluğuna son qoyuldu. Azərbaycan bütün ərazisində suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi, Konstitusiyaya uyğun olaraq qanunlarımız bütün ölkə ərazisində tətbiq olunmağa başladı. Eyni zamanda, 30 ildən artıq davam edən işğal dövrünün yaratdığı problemlərə də nöqtə qoyuldu. Separatizmi dəstəkləyən və ona rəhbərlik edən şəxslər həbs edildi, çoxsaylı silah-sursat ələ keçirildi. Dinc əhali üçün təhlükəsiz çıxış dəhlizi yaradıldı və heç bir mülki şəxsə zərər yetirilmədi. Məhv edilənlər əsasən Azərbaycan Konstitusiyası ilə yaşamaq istəməyən, qanunlara qarşı çıxan silahlı şəxslər idi”. Millət vəkilinin sözlərinə görə, bu əməliyyat həm Ordumuzun gücünü və peşəkarlığını, həm də xüsusi xidmət və hüquq-mühafizə orqanlarımızın imkanlarını nümayiş etdirdi: “Ali Baş Komandanın qətiyyəti, xalq-iqtidar birliyi və ordumuzun qəhrəmanlığı nəticəsində uzun sürən işğala son qoyuldu. Təbii ki, şəhidlərimiz də oldu, Allah onlara rəhmət eləsin, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmağı arzulayırıq. Ən vacib məqam odur ki, Azərbaycan dünyaya açıq şəkildə göstərdi ki, öz ərazi bütövlüyünü təmin etmək üçün bütün addımları atmağa qadirdir. BMT-nin icra olunmamış qətnamələrinə və ATƏT-in Minsk qrupunun nəticəsiz bəyanatlarına baxmayaraq, Azərbaycan xalqı və Ali Baş Komandan birgə bu məsələyə son qoydu”. A.Nağıyev Azərbaycan-Ermənistan münasibətlərinin yeni mərhələsindən də bəhs edib: “Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində mühüm addımlar atılır. Ermənistanın konstitusiya dəyişikliyi məsələsi, ATƏT-in Minsk qrupunun ləğvi, sərhədlərdə vizual müşahidəçilərin çıxarılması, delimitasiya və demarkasiya prosesləri, sülh müqaviləsinin imzalanması, regionda kommunikasiyaların açılması və iqtisadi inteqrasiya əsas müzakirə mövzularıdır. Azərbaycan bu proseslərdə sülhün tərəfdarıdır və 2023-cü ildə keçirilən antiterror əməliyyatı məhz bu məqsədə xidmət edirdi. Hazırda Azərbaycan dinc quruculuq işləri ilə məşğuldur və Ermənistanı da eyni yola dəvət edir. Zəruri hallarda Azərbaycan öz tələblərini irəli sürür və prosesləri diplomatiya müstəvisində davam etdirir. İki il əvvəlki antiterror əməliyyatı nəticəsində milli maraqlarımız tam təmin olundu, indi isə sülhün bərqərar olması üçün diplomatik danışıqlar mərhələsi ön plandadır".Sevinc İbrahimzadə / Metbuat.az