AZ

Neftin qiyməti düşsə, müharibə bitəcək? -

ABŞ prezidenti Donald Tramp bildirib ki, neftin qiymətinin aşağı düşməsi Rusiya-Ukrayna müharibəsinə son qoya ola bilər. Siyasi şərhçi Abutalıb Səmədov Metbuat.az-a açıqlamasında bildirib ki, D.Tramp hələ prezident seçkiləri ərəfəsində, seçkiqabağı kampaniya dövründə Ukrayna müharibəsini neftin qiymətini aşağı salmaqla bitirəcəyini vəd edirdi. Ekspertin sözlərinə görə, bu yanaşma tam haqsız sayıla bilməz: “Çünki Rusiya neft və qaz satışından böyük gəlir əldə edir və bu gəlirlər hesabına hərbi sənaye kompleksini işlədərək müharibəni davam etdirir. Məlumdur ki, bəzi hallarda Rusiya neftinin maya dəyəri 50 dollardan yuxarıdır. Trampın planına görə isə neftin qiyməti 40 dollar səviyyəsinə düşməlidir. Bu, Rusiya iqtisadiyyatına və dövlət büdcəsinə ciddi zərbə vura bilər. Digər tərəfdən, Avropa müharibənin ilk üç ilində Ukraynaya təxminən 132 milyard dollar yardım göstərib. Eyni zamanda Rusiyadan aldığı neft və qaz üçün isə 240 milyard dollar ödəyib. Bu da faktiki olaraq Rusiyanın müharibəni maliyyələşdirməsinə xidmət edib. Tramp isə haqlı olaraq bildirir ki, əgər həqiqətən müharibənin dayanmasını və Rusiyanın işğalçılıq siyasətindən əl çəkməsini istəyirsinizsə, Rusiya neftini almayın. Hələ qazından danışmır, baxmayaraq ki, Avropa ildə 50 milyard kubmetrdən artıq qaz alır”. A.Səmədov Trampın həmçinin Rusiyadan əsas neft alan ölkələrlə bağlı planlarından da danışıb: “O, birinci növbədə Çin, Hindistan və təəssüf ki, Türkiyəyə qarşı da sanksiyalar tətbiq olunmasını və rüsumların qaldırılmasını təklif edir. Əks halda, Ukraynanın üstünlük qazanması mümkün deyil. Tramp həmçinin vurğulayır ki, Ukraynaya yardımlar artırılmalıdır. Müharibənin ilk illərində ABŞ və Avropa ildə təqribən 80 milyard dollar yardım edirdilər. İndi ABŞ bu yardımı dayandırıb. Deməli, Avropa ən azı əvvəlki səviyyədə – 80 milyard dollar həcmində yardım göstərməli, hətta bir qədər də artırmalıdır. Lakin Avropanın buna gücü çatmır, nə tələb olunan yardımı verir, nə Rusiyaya dəstək olan ölkələrə qarşı sanksiya tətbiq edir, nə də Rusiya neft və qazından tamamilə imtina edir. Belə şəraitdə Tramp deyir ki, müharibəni dayandırmağın yeganə yolu Ukraynanın Rusiyanın şərtlərini qəbul etməsidir. Nə qədər ki, Avropa və NATO ölkələrinin bir qismi bu mövqedə qalacaq, Ukraynanın əlverişli şərtlərlə sülh imzalamaq imkanı olmayacaq. Gec-tez Avropa da, ABŞ-yə qoşularaq, Ukraynanı ədalətsiz sülh sazişinə məcbur edəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
12
1
metbuat.az

2Mənbələr