ƏDV-dən gəlirlərin artması dövlət üçün büdcə təminatı deməkdirsə...
2026-cı ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 23,9%-i (9,18 mlrd. manat) əlavə dəyər vergisinin (ƏDV) payına düşəcək. Bu, 2025-ci illə müqayisədə 10,3% çoxdur.
Dövlət Vergi Xidmətinin 4,43 mlrd. manat (48,3%) – 2025-ci ilə nisbətən 18% az, Dövlət Gömrük Komitəsinin isə 4,75 mlrd. manat (51,7%) – 2025-ci ilə nisbətən 4% çox ƏDV gəlirlərinə malik olacağı təxmin edilir.
ƏDV-nin 10 faiz proqnoz artımı sahibkarlığın və biznesin inkişafına hansı mənfi təsiri göstərə bilər?
Baki-xeber.com nəşrinə görə, əlavə dəyər vergisinin (ƏDV) proqnoz artımı dövlət büdcəsi üçün müsbət hal olsa da, sahibkarlıq və biznes mühitinə bir sıra mənfi təsirlər göstərə bilər. Amma bu da mütləq iddia sayıla bilməz.
ƏDV istehsalçı və idxalçı şirkətlərin məhsul və xidmətlərinin maya dəyərinə əlavə yük yaradır. Bu da, xüsusən kiçik və orta sahibkarların rəqabət qabiliyyətini zəiflədə bilər.
Sahibkarlar, təbii ki, toplam vergini qiymət artımı vasitəsi ilə son istehlakçıya ötürür, nəticədə bazarda mal və xidmətlərin qiyməti bahalaşır. Bu da alıcılıq qabiliyyətini azaldır, tələbatı zəiflədir.
ƏDV yükü artdıqca bəzi sahibkarlar rəsmi uçotdan yayınmağa meyllənə bilər. Nəticədə həm vergi intizamı zəifləyir, həm də dövlət büdcəsində potensial itkilər yaranmağa başlayır.
Gömrük orqanları üzrə ƏDV yığımının artması idxal mallarını bahalaşdıracaq.
Əgər yerli istehsal kifayət qədər güclü deyilsə, bazarda mal qıtlığı və qiymət artımı müşahidə edilə bilər. Çünki ƏDV-nin artımı idxalı bahalaşdırır ki, bu da mal idxalına marağı azaldır.
Yüksək vergi yükü yeni bizneslərin yaranmasını və mövcud sahibkarların genişlənməsini ləngidə bilər.
Xarici investorlar üçün də vergi yükünün artması bazara daxil olma qərarlarını çətinləşdirə bilər.
Alıcılıq qabiliyyətinin azalması nəticəsində satış həcmləri aşağı düşür. Bu da sahibkarların gəlirlərini məhdudlaşdırır, iş yerlərinin azalmasına gətirib çıxara bilər.
Yəni ƏDV-dən gəlirlərin artması dövlət üçün büdcə təminatı deməkdirsə, biznes mühitində əlavə maliyyə yükü yarada və iqtisadi aktivliyi zəiflədə bilər.
ƏDV-dən gəlirlərin artması qaçılmaz olsa da, dövlət və sahibkarların balanslı şəkildə fəaliyyətini təmin etmək üçün yumşaldıcı tədbirlər tətbiq oluna bilər: məsələn, kiçik və orta sahibkarlıq (KOS) üçün güzəştlər nəzərdə tutula bilər.
Belə ki, kiçik müəssisələr üçün sadələşdirilmiş vergi rejiminin qorunması və ya genişləndirilməsi mümkündür. Yeni yaranan bizneslərə ilk illərdə ƏDV-dən azadolmalar və ya güzəştlər tətbiq edilə bilər.
ƏDV qaytarma mexanizminin sürətləndirilməsi mümkundür. Sahibkarların ödədiyi ƏDV-nin geri qaytarılması (xüsusən ixracatçılara) daha operativ və şəffaf aparılmalıdır. Bu, onların dövriyyə kapitalını rahatladar və likvidlik çatışmazlığının qarşısını alar.
Seçilmiş sektorlar üçün güzəştlər nəzərdə tutula bilər. Kənd təsərrüfatı məhsulları, dərman vasitələri, təhsil, İKT və startap sektoru kimi strateji sahələrdə ƏDV dərəcəsinin endirilməsi nəzərdə tutula bilər. Bu, həm sosial təsirləri azaldar, həm də istehsalın genişlənməsini stimullaşdırar.
ƏDV-nin mərhələli tətbiqi nəzərdə tutula bilər. ƏDV artımının birdən-birə deyil, mərhələli şəkildə həyata keçirilməsi sahibkarların uyğunlaşmasını asanlaşdırar.
Elektron qaimə-fakturaların sadələşdirilməsi və sahibkar üçün əlavə bürokratik yük azaldıla bilər. Bütün bunlar kölgə iqtisadiyyatına qarşı güclü nəzarət tədbirləridir ki, rəsmi sahibkarlar rəqabətdə uduzmasın.
ƏDV siyasəti hazırlanarkən biznes assosiasiyaları, sahibkar birlikləri və iqtisadçı ekspertlərlə məsləhətləşmələr aparmaq vacibdur. Bu, həm siyasətin qəbulunu asanlaşdırar, həm də sahibkarların maraqlarını nəzərə almağa kömək edər.
Nəticə olaraq vurğulayaq ki, ƏDV gəlirlərinin artması dövlətin büdcə sabitliyi üçün vacibdir, amma paralel olaraq sahibkarlıq mühitinin dəstəklənməsi üçün güzəşt, şəffaflıq və çeviklik mexanizmləri tətbiq olunmalıdır.
Akif NƏSİRLİ