AZ

ABŞ Əfqanıstana görə Azərbaycanın logistika imkanlarına yenidən möhtac qaldı...


Məlumdur ki, bu əsrin əvvəlindən beynəlxalq təhlükəsizlik gündəliyində əsas mövzulardan biri Əfqanıstan olub. ABŞ və müttəfiqlərinin bu ölkədə apardığı hərbi əməliyyatlar, terrorizmə qarşı mübarizə və sabitlik quruculuğu prosesində müxtəlif region dövlətlərinin dəstəyi mühüm rol oynayıb. Bu kontekstdə Azərbaycanın mövqeyi və imkanları xüsusilə önə çıxıb.

ABŞ-ın Əfqanıstana uçuşları üçün Azərbaycan hava məkanından istifadə etməsi həm ikitərəfli münasibətlərdə, həm də beynəlxalq təhlükəsizlik əməkdaşlığında xüsusi əhəmiyyət kəsb edirdi.

Xatırladaq ki, 2001-ci il 11 sentyabr terror aktlarından sonra ABŞ rəhbərliyi Əfqanıstana genişmiqyaslı hərbi əməliyyatlara başlamışdı. Bu zaman logistika və nəqliyyat məsələləri böyük əhəmiyyət daşıyırdı. Əfqanıstanın coğrafi mövqeyi, əhatəsindəki mürəkkəb siyasi mühit ABŞ-ı alternativ marşrutlar axtarmağa məcbur etmişdi. Azərbaycan bu məsələdə vacib tərəfdaş kimi ön plana çıxdı. Azərbaycan ilk gündən terrorizmə qarşı beynəlxalq koalisiyanı dəstəklədi. Bakı Vaşinqtonla təhlükəsizlik əməkdaşlığı çərçivəsində hava məkanını ABŞ hərbi və yük təyyarələrinin istifadəsinə açdı. Bu, yalnız rəsmi dəstək yox, həm də real əməliyyat dəhlizinin yaradılması demək idi. Azərbaycan hava məkanından uçuşlar ABŞ-ın Əfqanıstanda apardığı əməliyyatların sürətli və təhlükəsiz təminatına böyük töhfə verdi. ABŞ-da nəzərə alınır ki, Azərbaycanın coğrafi mövqeyi strateji baxımdan mühümdür. Cənubi Qafqazda yerləşən ölkə həm Avropa, həm də Yaxın Şərq istiqamətlərinə açıqdır. ABŞ üçün Bakı üzərindən keçən hava dəhlizi ən əlverişli marşrutlardan biri oldu. Çünki bu dəhliz vasitəsilə həm zaman, həm də maliyyət baxımından qənaət əldə edilirdi. Digər tərəfdən, Azərbaycan regionda sabitlik adası olduğu üçün ABŞ hərbi-nəqliyyat təyyarələri üçün təhlükəsiz tranzit zonası təmin edilirdi. Amma 2021-ci ildə ABŞ qoşunlarının Əfqanıstan ərazisindən çıxarılması prosesi başlandı. Kabildən kənarda yerləşən bütün hərbi bazalar Əfqanıstan Müdafiə Nazirliyinə və təhlükəsizlik qüvvələrinə təhvil verilib. ABŞ və NATO qoşunların rəsmi çıxarılması prosesinə 2021-ci il mayın 1-də başlayıb. Həmin vaxtadək Əfqanıstanda 3500 Amerika hərbi qulluqçusu və NATO-nun 7000 əsgəri qalmışdı. Əməliyyatların pik vaxtında isə ABŞ və müttəfiqlərinin bu ölkədəki hərbçilərinin sayı 150 mindən çox idi. İndi belə bir vaxtda bəlli olub ki, Birləşmiş Ştatlar Əfqanıstanda “Taliban” hakimiyyəti altında olan “Baqram” hərbi bazasını geri qaytarmağa çalışır. Bunu ABŞ prezidenti Donald Tramp deyib və bunu həm ekstremist qruplaşmanın ABŞ-ın yardımına ehtiyacı, həm də bazanın Çinin nüvə silahlarına yaxınlığı ilə izah edib: “Onu geri almağa çalışırıq, bu, bir qədər sensasiyalı xəbər ola bilər”. Trampın dediyinə görə, “Taliban” rəhbərliyinin onlardan istədikləri şeylər var. Amma bazanı qaytarmaq istəyinin əsas səbəblərindən biri odur ki, “Çin nüvə silahlarını oradan bir saatlıq məsafədə istehsal edir. Yəni, bir çox şeylər baş verir”.

Tramp hələ bu ilin mayında Kabilin 40 kilometrliyində yerləşən bu geniş aviabazanın itirilməsinə görə təəssüfünü bildirmişdi. O, bazanı Çinin ələ keçirdiyini iddia etmişdi. Tramp, digər rəsmilər bazanı “geri almaq” ifadəsinin arxasında nə durduğunu deməyiblər. Qeyd edək ki, “Taliban” hakimiyyəti ölkədə bir sıra problemlər, təbii fəlakətlər, yoxsulluqla üzləşib. Onlar beynəlxalq ictimaiyyətlə əlaqələri yaxşılaşdırmağa çalışırlar. Amma Rusiyadan başqa “Taliban”la diplomatik münasibətlər quran ölkə yoxdur. “Baqram” bazası vaxtilə Əfqanıstanda ən böyük ABŞ hərbi bazası idi. 2021-ci ilin iyulunda ABŞ qoşunları bu ölkədən xaotik şəkildə çıxdı, “Taliban” hakimiyyəti ələ keçirdi. Bundan sonra “Baqram” da “Taliban”a təhvil verildi. Bu bazanı 1950-ci illərdə Sovet İttifaqı tikib. Vaxtilə bu bazada 100 mindən çox ABŞ hərbçisi xidmət edib. İndi ABŞ-ın yenidən “Baqram” bazasını qaytarmaq niyyəti logistika baxımından Vaşinqtonun yenidən Azərbaycana ehtiyacını artıracaq. Azərbaycanın ABŞ-a göstərdiyi dəstək isə təkcə ikitərəfli münasibətlərin deyil, həm də NATO çərçivəsində əməkdaşlığın tərkib hissəsi olunur. Xatərladaq ki, Azərbaycanın sülhməramlı qüvvələri də uzun müddət Əfqanıstanda fəaliyyət göstərib. Beləliklə, Bakı həm hava məkanını açmaqla, həm də hərbi kontingent göndərməklə beynəlxalq təhlükəsizliyə öz real töhfəsini verib. Bu, Azərbaycanın beynəlxalq imicini gücləndirdi, ölkəni etibarlı tərəfdaş kimi tanıdıb. Ümumilikdə, ABŞ-ın Azərbaycan hava məkanından Əfqanıstana uçuşlar həyata keçirməsi hər iki ölkə arasında strateji tərəfdaşlığın mühüm elementlərindən biridir. Bu əməkdaşlıq beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə xidmət etməklə yanaşı, Azərbaycanın qlobal proseslərdə fəal və məsuliyyətli iştirakçı olduğunu göstərir. ABŞ üçün isə Bakı üzərindən hava dəhlizi həm əməliyyat üstünlüyü, həm də etibarlı tərəfdaşla uzunmüddətli əməkdaşlıq imkanları deməkdir.

Samirə SƏFƏROVA

Seçilən
71
baki-xeber.com

1Mənbələr