AZ

“Dövlət proqramı məzunlarının öhdəliklərdən yayınması artıb” - Məzahir Məmmədli

“Azərbaycanlı abituriyentlərin xaricdə təhsil alma yolları bir neçə kateqoriyaya bölünür. Birincisi, universitetlərə könüllü qəbul olunan tələbələrdir. İkincisi, SET proqramı çərçivəsində qəbul edilənlərdir. Nəhayət, dövlət proqramı vasitəsilə xaricdə bakalavr və magistr təhsili almaq üçün xüsusi imtiyazlardan faydalanan tələbələr mövcuddur. Dövlət proqramı çərçivəsində xaricdə təhsil alan tələbələr müəyyən öhdəliklərə malikdir: təhsilini başa vurduqdan sonra ölkəyə qayıtmalı və ən azı üç il işləməlidirlər. Lakin son dövrlərdə bəzi məzunlar digər vasitələrdən istifadə edərək bu öhdəlikləri yerinə yetirmədən xaricdə qalırlar”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Qeyd edək ki, xaricdə təhsil üzrə dövlət proqramına qəbul prosesində dəyişikliklər gözlənilir. Elm və Təhsil Nazirliyi proqram üçün qəbul meyarlarını daha da sərtləşdirməyi planlaşdırır. Bu dəyişikliklər abituriyentlərin və valideynlərin diqqətindədir, çünki yeni tələblər gənclərin xaricdə təhsil imkanlarına təsir göstərəcək.

Ekspert bildirib ki, bu vəziyyət məcburi olmasa da, dövlət tərəfindən ciddi nəzarət və tədbirlər tələb edir.

“Elm və Təhsil Nazirliyində artıq bu istiqamətdə təşəbbüslər mövcuddur. Təhsil proqramlarının prosedurları dəyişdirilərək, tələbələrin ölkəyə qayıdaraq təhsil müddətində əldə etdikləri bilikləri tətbiq etməsi öhdəliyi ciddi şəkildə təmin ediləcək. Əgər bu tədbirlər həyata keçirilməzsə, proqramdakı dəyişikliklərin heç bir əhəmiyyəti olmayacaq. Hazırda Azərbaycandan beyin axını kütləvi şəkildə müşahidə olunur, xüsusilə istedadlı gənclər xaricdə qalmaq meyli göstərir. Məsələn, Almaniyada 2000-dən artıq azərbaycanlı gənc həkim fəaliyyət göstərir və onların çoxu ölkəyə qayıtmaq niyyətində deyil. Buna görə, Təhsil Nazirliyi qarşıdakı dövrdə belə halları nəzərə alaraq, xaricdə təhsil almaq üçün yeni şərtlər və prosedurlar tətbiq etməyə hazırlaşır. Mətbuata veriləcək açıqlamalarla isə xaricdə təhsilin hansı şərtlərlə təmin ediləcəyi dəqiqləşəcək”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
14
aznews.az

1Mənbələr