AZ

Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir” mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları dövlət müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxış edənlər Azərbaycanın müstəqillik yolunda keçdiyi tarixi yola, xalqımızın azadlıq iradəsinə və dövlətçiliyin əhəmiyyətinə diqqət çəkiblər.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Hüseyn Bağırov və komitənin əməkdaşları çıxış edərək vurğulayıblar ki, müstəqillik Azərbaycan xalqının ən böyük sərvətidir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur.

Tədbirdə, həmçinin dövlət qulluqçularının peşə bayramı münasibətilə bir sıra əməkdaşlar təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orucov Rəşad Lətif oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Bundan əlavə, səmərəli fəaliyyətlərinə görə Nəcəfova Günel İsa qızı “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı, Məmmədova Səkinə Mübariz qızı “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər. Komitənin digər əməkdaşlarından Tağıyev Rza Vasif oğlu və Zeynalov Rəşad Məhəmməd oğlu isə komitə sədri tərəfindən  Fəxri Fərmanla mükafatlandırılıblar.

Çıxışlarda bildirilib ki, Naxçıvan Dövlət Statistika Komitəsinin aparat və yerli idarələrində son iki ildə 5 nəfər olmaqla, ümumilikdə, 14 əməkdaş müxtəlif orden və medallarla təltif olunub. Bu fakt komitə əməkdaşlarının dövlətə sədaqətinin və nümunəvi fəaliyyətlərinin yüksək qiymətləndirilməsinin göstəricisi kimi dəyərləndirilib.

Daha sonra Hüseyn Bağırov çıxış edərək Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunduğunu diqqətə çatdırıb. O bu qərarın müstəqilliyin əbədiliyinə verilən dəyər və dövlət suverenliyinin möhkəmlənməsinin simvolu olduğunu qeyd edib.

Tədbirdə vurğulanıb ki, Azərbaycanın müstəqilliyi yalnız tarixi fakt deyil, həm də xalqımızın gələcəyinə yönəlmiş milli strateji xəttdir. 44 günlük Vətən müharibəsində qazanılan zəfər və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün isə Azərbaycanın dünya arenasında güclü, nüfuzlu və söz sahibi dövlət kimi çıxış etməsi müstəqilliyimizin ən böyük uğurudur.
Tədbirin sonunda təltif olunanlar dövlətimizə dərin minnətdarlıqlarını bildiriblər.

Seçilən
14
ikisahil.az

1Mənbələr