Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Diabetli şəkər xəstəsi dövlət tərəfindən verilməli dərmanlar və başqa preparatları ala bilmədiyini iddia edir. O, bununla əlaqədar məhkəməyə müraciət edərək, illərdir ala bilmədiyi dərman və dərmanların əvəzini hesablayıb, onların pulunu tələb edir.
Bizimyol.info xəbər verir ki, şikayətçi 2006-cı ildən şəkər xəstəsi kimi qeydiyyatdadır. O, əvvəllər 8 saylı, indi isə 1 saylı poliklinikada II tip diabetli şəkər xəstəsi kimi qeydiyyatdadır.
Nazirlər Kabinetinin 13 may 2005-ci il tarixli qərarında şəkərli diabet xəstələrinə dövlət tərəfindən pulsuz verilməli olan dərman və özünənəzarət vasitələrinin illik miqdarı göstərilib. Həmin qərarla təsdiqlənmiş qaydalara görə, II tip şəkər xəstələrinə 2 aya 1 qutu qanda şəkəri təyin etmək üçün vizual test çubuqları (1 qutuda 50 ədəd olmaqla), sidikdə şəkəri təyin etmək üçün 3 aya 1 qutu (1 qutuda 50 ədəd olmaqla) vizual test çubuqları verilməlidir.
Şikayətçi bildirir ki, təkcə bir dəfə - 2009-cu ilin avqustunda ona 1 qutu qanda şəkəri təyin etmək üçün test çubuqları verilib.
“Hazırda 25 ədədli test çubuqlarının 1 qutusu 12 manat 50 qəpikdir. 50 ədədli test çubuqlarının qiyməti 25 manatdır. Qaydaya görə, iki aydan bir 50 ədədli bir qutu verilməli olduğunu nəzərə alsaq, bu, il ərzində 6 qutu və yaxud da 150 manat deməkdir. 2006-cı ildən – 17 il ərzində mənə qanda şəkərin miqdarını müəyyənləşdirmək üçün verilməli olan 2550 manatlıq test çubuqları verilməyib”.
Şikayətçinin sözlərinə görə, ölkədəki şəkərli diabet xəstələrinin qeydiyyatda olan sayına uyğun olaraq, dövlət büdcə vasitələri hesabına aldığı şəkər salıcı dərman vasitələrini xəstələrə pulsuz verilməsi üçün poliklinikalara bölüşdürür. O bildirir ki, dövlət tərəfindən ayrılmış dərman onun əmlakı hesab edildiyi üçün ona çatdırılmalı idi. Pensiyaçı olduğuna görə tibb müəssisəsinə getmədiyi hallarda “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 20-ci maddəsinə əsasən, dərmanlar yaşadığı ünvana göndərilməlidir:
“Pulsuz verilməsi nəzərdə tutulmuş, lakin verilmədiyi üçün o dərmanları öz pulumla əldə etdiyimə görə indiyə qədər mənə vurulmuş zərərin ümumi məbləği 5590 manatdır”.
Şikayətçi əlavə edib ki, bu illər ərzində ona vurulmuş zərərin könüllü ödənilməsi barədə 1 nömrəli poliklinikanın rəhbərliyinə, TƏBİB-ə təkliflər göndərsə də, onlar tərəfindən heç bir addım atılmayıb. Bu səbəbdən ona vurulmuş zərərin - 7750 manatın qarşı tərəfdən tutulub ödənilməsi üçün məhkəmədə iddia qaldırıb.
Birinci instansiya onun iddiasını təmin etməyib.
Apellyasiya məhkəməsi isə belə nəticəyə gəlib ki, işin tam və düzgün həlli məqsədi ilə Səhiyyə Nazirliyi bu işə cəlb olunmalı, iddianın əsl cavabdehə qarşı verilməsi məsələsinə hüquqi qiymət verilməlidir.
Apellyasiya məhkəməsi iddianı təmin etməsə də, şikayətçiyə izah edilib ki, əsl cavabdehə qarşı yenidən ümumi qaydada iddia qaldırıb, məhkəməyə müraciət edə bilər.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.