Musavat.com xəbər verir ki, bu axşam İstanbul Boğazında qorxulu qəza baş verib.
Beşiktaş–Üsküdar marşrutu üzrə hərəkət edən “Kamil Sayın” adlı sərnişin gəmisi ilə “Artvin” adlı Panama bayraqlı yük gəmisi saat 20:30 radələrində Üsküdar Salacak açıqlarında toqquşub.
Hadisə ilə bağlı dərhal əraziyə polis, yanğınsöndürən və təcili tibbi yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində 8 nəfər sərnişin xəsarət alıb. Yaralılar hadisə yerində ilkin tibbi yardımdan sonra ətrafdakı xəstəxanalara yerləşdiriliblər.
İstanbul Valiliyinin yaydığı açıqlamada bildirilib: “Qəza nəticəsində yaralanan 8 vətəndaş xəstəxanalara yerləşdirilib. Qəzaya qarışan gəmilər Boğaz trafik xəttindən çıxarılıb. Hadisə ilə bağlı istintaq başladılıb”.
Hadisə zamanı zədələnən sərnişin motoru Paşalimanı İskələsinə, yük gəmisi isə təhlükəsiz əraziyə aparılıb.
Musavat.com