AZ

Gözdən düşən erməni kilsəsi

Baş nazir Nikol Paşinyan bütün ermənilərin katolikosunun ölkədən çıxarılması planını təsdiqləyib

Ermənistanda kilsənin dövlət işlərində təsiri, rolu həmişə diqqətdə olub. Dünyanın müxtəlif ölkələrində məskunlaşan erməni diasporunun yardımları hesabına antitürk təbliğatında, müsəlmanlara qarşı əsrlərdən bəri aparılan etnik təmizləmə siyasətində və soyqırımlarda aparıcı qüvvə kimi qəddarlığını davam etdirən kilsənin din xadimləri daha çox terrorlara dəstək göstəriblər. Yeri gəldikdə erməni lobbisi ilə birləşərək hakimiyyətə qarşı təsir, təzyiq vasitəsi kimi istifadə olunan kilsələrdə ən qatı cinayətlərin planları belə hazırlanıb. Bu günlərdə işğalçı ölkədə yenidən alovlanan dövlət-din münasibətləri onsuz da mürəkkəbləşən ölkədaxili vəziyyəti daha da gərginləşdirib.

Ermənistanda korrupsiyanın çiçəklənməsində xüsusi rolu olan, Qarabağ münaqişəsində azərbaycanlılara qarşı aparılan soyqırımlarda iştiraklarını etiraf edən keçmiş prezidentlər Serjik Sarkisyanın və Robert Koçaryanın fəallaşdığı bir zamanda Erməni Apostol Kilsəsində baş verənlər, bu ölkənin baş naziri Nikol Paşinyanla bütün ermənilərin katalikosu II Qaregin arasındakı ziddiyətlərin kəskinləşməsi siyasi gərginliyi daha da artırıb. Din amilindən yararlanmaqla türkofob niyyətini həyata keçirmək üçün sonradan peyda olmuş, erməni lobbisinin planları əsasında əhali arasında anti-Azərbaycan təbliğatını qızışdıran Baqrat şousundan sonra II Qareginin də hakimiyyətin siyasətinə barmaq uzatması Nikolun səbir kasasını daşırıb. Məqsədinə nail olmaq üçün Tavuş arxiyepiskopu Baqrat Qalstanyandan istifadə etsə də məqsədinə nail ola bilməyən Qareginin «müqəddəslik» maskasının iç üzünü açan Paşinyan məlum arqumentlərdən istifadə etməklə baş keşişi istefaya çığırıb. Bundan sonra siyasi rəhbərliklə kilsə arasındakı ziddiyyət daha da dərinləşib. Kilsənin bölgədə sülhün formalaşmasına qarşı tutduğu antitürk mövqe sirr deyil. Qareginin hakimiyyətə «həvəsləndirdiyi» Baqrat Qalstanyanın «bəli, mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam» sözlərindən də bəlli olur ki, qətliamlar, terror, işğal düşüncəsi ermənilərdə hər zaman kilsə ideologiyasının ana xətti olub, bu ideya hələ də davam etməkdədir.

Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin ölkədən çıxarılması planını təsdiqləyib. Bu barədə Ermənistan mediası məlumat yayıb. “Hakimiyyət kilsə daxilində təzyiqlərdən və onların müxalifətin mitinqlərində iştirak etməyə məcbur edilməsindən şikayət edən keşiş Ter-Aram Asatryanın sözlərindən istifadə etmək niyyətindədir. Bu ssenaridə II Qaregin Ter Aramı tənbeh etmək və ya onu uzaqlaşdırmaq qərarına gəlsə, Paşinyan üçün əsl “hədiyyə” olacaq. Bu, növbəti cəza tədbiri kimi təqdim olunacaq və hakimiyyət bu məqamdan istifadə edərək Müqəddəs Eçmiədzinə hücum edəcək. Hökumət daxilində bu ssenari “Vətəndaş Müqaviləsi” Partiyasının rəhbərliyi seçildikdən sonra, lakin ümumi seçkilərdən əvvəl həyata keçirilməli olan böyük siyasi addım kimi qiymətləndirilir”, - məlumatda deyilib.

Elə əvvəlcədən də kilsənin ölkədə hər işə qarışmasından xoşlanmayan Paşinyanın dini məbədlərin standartlar əsasında fəaliyyət göstərməli olduğunu, ibadət yerlərinin əmlakına nəzarət mexanizminin formalaşdırılmasının vacibliyini rəsmi qaydada açıqlaması, kilsə əleyhinə ittihamlar səsləndirməsi Qareginin dindarları tərəfindən birmənalı qarşılanmayıb. Hər kəsə bəllidir ki, erməni kilsəsi tarixən dini məbəddən çox siyasi məsələlərlə məşğul olmaqla türklərə qarşı terror planlarının hazırlandığı mərkəzdir. Hakimiyyətə gəldiyi ilk gündən dini qurumların dövlət siyasətinə təsir imkanlarını məhdudlaşdıran Paşinyan dövlət tərəfindən məbədlərə ayırılan vəsaitləri belə azaltmışdı. Baş keşişə qarşı ittihamlarında kilsənin rəsmi deyil, vətəndaş nikahına üstünlük verməsinin yolverilməz olduğunu bildirən Paşinyan Qaregin başda olmaqla kilsənin digər xadimlərinə dəfələrlə barmaq silkələyib. Artıq sirr deyil ki, Ermənistana gətirilən silah-sursatların alış-verişində, saxlanılmasında kilsələrin rolu böyükdür. II Qaregindən tutmuş, digər keşişlərin dini ayinlərə yaraşmayan, bəzi hallarda əxlaqsız hərəkətləri barədə ictimaiyyətdə məlumatların yayılması kilsəyə etimadı azaldıb. Dini ayinlər zamanı belə ermənilər arasında anti-Azərbaycan təbliğatı aparan, gəncləri islamofobiya ruhunda tərbiyə edən, türkçülüyə qarşı mübarizəyə çağıran Apostol Kilsəsinin Tanrıya deyil, şeytana xidmət etdiyini təsdiqləyən faktlar da yetərincədir. Yaranan vəziyyətdən çıxış yolu kimi baş katolikosu hədəfə alan Paşinyan bu vasitə ilə gələn il keçiriləcək parlament seçkilərində mövqeyini möhkəmləndirmək üçün sabiq prezidentlər Serjik Sarkisyana, Robert Koçaryana yaxınlığı ilə diqqətçəkən kilsənin cəmiyyətdə mövqeyini xəfiflətmək planlarını da unutmur. Hakimiyyətləri dövründə əsas dayaq hesab etdikləri kilsədən yararlanmaqla korrupsiya əməllərini pərdələyən sabiqlərə qarşı mübarizəsini davam etdirən Paşinyan dini qurumların siyasi proseslərə təsirinin azaldılması istiqamətində fəaliyyətini davam etdirir. Özünə qarşı qüvvələri bəri başdan tərksilah etməyə çalışır.

Təbii ki, Qaregin də sakit durmur. Paşinyanın Qərbə deyil, daha çox Ankaraya və Bakıya loyallıq nümayiş etdirməsi isə xalqa xəyanət kimi qələmə verilir. Maraqlı dairələr, Paşinyanın istefasını tələb edənlər isə din-hakimiyyət qarşıdurmasından istifadə edərək ölkədə daxili gərginliyi daha da qızışdırmaq üçün alternativ platforma yaratmağa çalışırlar. Ermənistan müxalifəti Paşinyanın kilsəyə qarşı bu addımlarının yaxın perspektivdə baş verə biləcək geosiyasi hadisələrlə əlaqələndirir. Bildirilir ki, baş nazir yeni münaqişə dalğası yaranacağı təqdirdə bunun məsuliyyətini kilsə də daxil olmaqla müxalifətin üzərinə yıxmaq üçün dini islahatlar adı ilə indidən özünü sığortalamağa çalışır. Bu cür təcriddən əsəbiləşən II Qaregin və tərəfdarlarının İkinci Qarabağ müharibəsində məğlub olan Paşinyanı istefaya çağırmaları təsadüfi deyildi. Göründüyü kimi, həmişə din xadimlərindən şəxsi məqsədləri naminə istifadə edən rəqiblərinə siyasi təsir göstərən, “bir güllə ilə iki dovşan vurmaq” prinsipinə söykənən Paşinyan kilsəyə və “eks”lərə qarşı mübarizəsini paralel şəkildə aparır.

Sevinc Azadi, “İki sahil”

Seçilən
36
ikisahil.az

1Mənbələr