BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Senatına Rusiya və Belarus ilə həmsərhəd olan ölkələr də daxil olmaqla, bir sıra Avropa ölkələri ilə hərbi əməkdaşlığın gücləndirilməsi və Ukraynaya daha çox yardım göstərilməsi haqqında qanun layihəsi təqdim edilib.
Teleqraf xəbər verir ki, qanun layihəsinin müəllifləri senatorlar Cin Şahin (demokrat, Nyu-Hempşir ştatından) və Rocer Vikerdir (respublikaçı, Missisipi ştatından).
Sənəddə deyilir ki, ABŞ ilə Şimali Atlantika alyansının şərq cinahındakı NATO müttəfiqləri arasında strateji müdafiə əməkdaşlığı gücləndirilməlidir. Qanunvericilər bu ölkələrə Bolqarıstan, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya, Slovakiya, Finlandiya və Estoniyanı aid ediblər.
Şahin və Vikerin fikrincə, Vaşinqton administrasiyası bu dövlətlərlə hərbi sahədə qarşılıqlı fəaliyyəti prioritet hesab etməli və ilk növbədə məhz onlara təhlükəsizlik sahəsində yardım göstərməlidir. Bura birgə təlimlərin keçirilməsi də daxil olmalıdır.
Bundan əlavə, senatorlar hesab edirlər ki, ABŞ hərbi yardım da daxil olmaqla, Ukraynaya dəstəyini davam etdirməlidir.