AZ

Azərbaycanın yeni neft-qaz strategiyasının təməl daşı

1994-cü il sentyabrın 20-də imzalanan, sonralar "Əsrin müqaviləsi" adını alan  möhtəşəm saziş Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli"(AÇG) yataqlarının tammiqyaslı işlənməsini nəzərdə tutur. AÇG dənizdə, Bakıdan təxminən 100 kilometr şərqdə yerləşir. Bu meqastruktur Xəzər dənizinin altında 2000-3500 metr dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir. 

"Əsrin müqaviləsi"nin imzalandığı vaxt  torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan dünyada riskli ölkə sayılırdı. Belə bir vəziyyətdə xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana sərmayə qoymağa cəlb etmək mürəkkəb məsələ idi. Ölkənin xəzinəsinin boş olması isə xarici investisiyanın cəlb edilməsini gündəmə gətirmiş, demək olar ki, zərurətə çevirmişdi. 

Məhz belə çətin dövrdə Ulu Öndər Heydər Əliyev növbəti tarixi missiyasını yerinə yetirdi. Ümummilli Liderin uzaqgörənliyi, səyi və mübarizəsi, dünyadakı siyasi nüfuzu sayəsində Azərbaycanın yeni neft strategiyasının təməl daşı olan "Əsrin müqaviləsi" imzalandı. Bu da bir həqiqətdir ki, keçmiş sovet respublikaları arasında xarici neft şirkətləri ilə beynəlxalq müqavilə imzalayan ilk dövlət məhz Azərbaycan olub. Başqa sözlə, "Əsrin müqaviləsi" postsovet məkanında xarici neft şirkətləri ilə imzalanan ilk beynəlxalq sazişdir.

AÇG-nin işlənməsi bir neçə mərhələdə həyata keçirilib. Belə ki, "Çıraq" yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca "Azəri" layihəsinin birinci mərhələsi - "Mərkəzi Azəri" gəlir. Buradan hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı ikinci faza - "Qərbi Azəri" və "Şərqi Azəri" platformalarını əhatə edib. Onlardan isə hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında alınıb. AÇG-nin işlənməsinin növbəti üçüncü fazası çərçivəsində "Dərinsulu Günəşli" platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra "Qərbi Çıraq" platformasını əhatə edən "Çıraq Neft Layihəsi" reallaşıb. Bu platformadan ilk neft 2014-cü il yanvarın 28-də əldə edilib. AÇG yataqlarının işlənməsi ilə əlaqədar ən sonuncu layihə "Azəri Mərkəzi Şərqi"dir (ACE). Bu layihə AÇG-nin müddətinin 2050-ci ilə qədər uzadılması barədə Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci il sentyabrın 14-də imzalanmış yeni sazişə - "Yeni əsrin müqaviləsi"nə əsasən işlənir. Layihəyə 2019-cu ildə sanksiya verilib. Bundan sonra tikilən ACE platformasından ("Yeni əsrin müqaviləsi" çərçivəsində) ilk neft keçən  il aprelin 16-da çıxarılıb.

Hazırda AÇG üzrə iştirak payları belədir: BP (Böyük Britaniya) - 30,37 faiz, SOCAR (Azərbaycan) - (31,65 faiz), MOL (Macarıstan) - 9,57 faiz, İNPEKS (Yaponiya) - 9,31 faiz, "EksonMobil" (ABŞ) - 6,79 faiz, TPAO (Türkiyə) - 5,73 faiz, İTOÇU (Yaponiya) - 3,65 faiz, ONGC Videş (Hindistan) - 2,92 faiz. Yeri gəlmişkən onu qeyd edək ki, Azərbaycan dünyanın bir çox aparıcı enerji şirkətləri ilə uğurlu, qarşılıqlı maraqlara əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq platforması yaradıb. AÇG-nin və bir sıra önəmli neft, qaz və ixrac layihələrimizin operatoru BP şirkətididir. 2017-ci il sentyabrın 14-də AÇG üzrə  yenilənmiş saziş imzalanarkən Prezident İlham Əliyev demişdir:"Bu gün mən xüsusilə bizim əsas tərəfdaşımızın - BP şirkətinin fəaliyyətini qeyd etmək istəyirəm… BP bizim bütün əsas layihələrimizdə əsas tərəfdaş və investor kimi fəaliyyət göstərir. Həm "Azəri-Çıraq-Günəşli"də, Bakı-Tbilisi-Ceyhan layihəsində, "Şahdəniz" layihəsində, "Cənub qaz dəhlizi" layihəsində. Yəni bu strateji tərəfdaşlıq artıq böyük sınaqlardan çıxıb. Bizim aramızda - SOCAR ilə BP arasında yaranmış çox gözəl işgüzar münasibətlər, qarşılıqlı etimad o cümlədən bugünkü mərasimi mümkün etmişdir. Çünki sirr deyil ki, - mən də bunu qeyd etdim, - "Azəri-Çıraq-Günəşli" yatağının çox böyük potensialı var. Bir daha qeyd etmək istəyirəm, bugünkü hesablamalara görə 1 milyard ton neft ehtiyatı var. Bu gün imzalanan saziş 1994-cü ildə imzalanan sazişdən daha da böyük miqyaslıdır". 

Bu il sentyabrın 18-də, "Əsrin müqaviləsi"nin imzalanmasının 31-ci ildönümü ərəfəsində dövlətimizin başçısı İlham Əliyevin BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Counz Robert Qərini "Şöhrət" ordeni ilə təltif etməsi də bütövlükdə əməliyyatçı şirkətə burada misilsiz layihələri gerçəyə çevirən insanların əməyinə verilən yüksək qiymətdir.

Bu gün AÇG-dən hasilat fasiləsiz və təhlükəsiz halda davam edir. İndi buradan gündə təxminən 327 min barel neft alınır. Əlbəttə, hasilatın pik vaxtında çıxarılan neft həcmləri bundan xeyli çox olmuşdu. Hazırda AÇG nefti dünya bazarlarına əsasən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC)  kəməri ilə ixrac edilir.

Neft həcmlərinin Azərbaycana gətirdiyi faydalar da misilsizdir. Bu barədə çox deyilib, çox yazılıb. Dövlətimizin başçısı dönə-dönə vurğulayıb ki, ölkəmizin əsas gəlir mənbəyi "Azəri-Çıraq-Günəşli" yataqlarıdır və bunu hamı bilməlidir. Bu gün Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır, kifayət qədər valyuta ehtiyatları var, iqtisadiyyatı dinamik şəkildə inkişaf edir, iqtisadi şaxələndirmə, neft-qaz amilindən asılılığının azaldılması istiqamətində önəmli addımlar atır.

31 il əvvəl kontrakt imzalanarkən Ulu Öndər Heydər Əliyevin dediyi sözlər yada düşür: "Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk".

İndi bu sazişin təcrübəsindən özümüz də bəhrələnirik, qonşularımız və dostlarımız da. "Əsrin müqaviləsi" elə möhkəm özülə, elə davamlı platformaya çevrilib ki, onun üzərindən yeni möhtəşəm layihələrə yol açılıb. Üçüncü minilliyin nəhəng mühəndis qurğusu olan, Ümummilli Lider Heydər Əliyevin adını şərəflə daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri çəkilib, Azərbaycanı qaz ixracatçısı kimi tanıdan Bakı-Tbilisi-Ərzurum kəməri inşa edilib. Ölkəmizi pan-Avropa qaz təchizatçısına çevirən 3500 kilometrlik "Cənub qaz dəhlizi" yaradılıb. 

Nailiyyətlərimiz daha da artır. Ən başlıcası isə mənfur düşməni zəbt etdiyi doğma torpaqlarımızdan qovmuş, erməni faşizmi üzərində tam qələbə çalmışıq. İndi Qarabağı və Şərqi Zəngəzuru cənnətə çeviririk. Prezidentimiz bu zəfərlər üçün neft layihələrindən iqtisadi güc aldığımızı dəfələrlə vurğulayıb.

Bəli, bu gün "Əsrin müqaviləsi"nin imzalanmasının 31 ili tamam olur. Bu gün həm də qəhrəman Azərbaycan neftçilərinin peşə bayramı günüdür. Avropanın enerji xəritəsini dəyişdirən "Cənub qaz dəhlizi"nin təməli də sentyabrın 20-də qoyulub (2014-cü ildə). İki il əvvəl isə sentyabrın 20-də Azərbaycan öz suverenliyini tam bərpa edib. Bütün bu mühüm hadisələrin arasında görünən və görünməyən möhkəm bağlar var. Qısaca desək, bayram bayrama qovuşub və qoy həmişə belə olsun!

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
24
azerbaijan-news.az

1Mənbələr