AZ

“DƏMİR YUMRUQ” VƏ SİYASƏT

İlham Əliyev istədiklərinə bir-bir və tələsmədən nail olur

Qarşıya çıxan problemin həllinin, hansısa mübahisəli məsələnin çözümünün iki yolu var:

Danışıb müəyyən razılığa gəlmək;

Yaxud yumruğa, gücə əl ataraq qarşı tərəfi məğlubiyyətə uğratmaqla güzəştə vadar etmək!

Birinciyə məsələnin dillə həlli, ikinciyə isə qol gücünə tabe edərək məcburetmə deyilir!

Bu, insanlar, ailələr, müəyyən qruplar arasında yaranmış mübahisəli məsələnin həlli üsuludur.

Dövlətlərarası münasibətlərdə, siyasətdə də belədir:

Ya danışıqlar yolu ilə mübahisəli məsələdə ortaq məxrəcə, yəni razılığa gəlirsən, yaxud da sözü orduya və silahlara verirsən!

Sivil dünya üçün birinci yol məqbuldur!

Lakin ikincisi də çoxişlənən vasitədir!

Əgər müasir dünyadakı proseslərə fikir versək, onda görərik ki, hazırda insanlar "dil"lə bərabər "qol"a, "əzələ"yə də yer verirlər.

Burada kiçik bir fərq də mövcuddur.

Bir var ki, mübahisə başlayan kimi yumruğunu işə salasan!

Bir də var xeyli danışıq aparasan, ağsaqqalları, diplomatik dildə desək, vasitəçiləri məsələnin həllinə cəlb edəsən və bütün səylər tükənəndən sonra yumruğunu işə salmaq məcburiyyətində qalasan!

Elə Azərbaycan kimi!

***

Son səksən ildə dünyanın heç bir dövləti Azərbaycanın 44 günlük Zəfər müharibəsində qazandığı möhtəşəm qələbə kimi hər hansı bir uğura nail ola bilməyib!

* Bu, işğalçı üzərində qazanılan qələbədir!

* Bu, özünü "məğlubedilməz xalq" və "məğlubedilməz ordu" adlandıran düşmən üzərində qələbədir!

* Bu, dünyanın bir neçə güclü dövləti tərəfindən müdafiə olunan, silah-sursatla təmin edilən və beynəlxalq təşkilatlarda arxalarında dayanılan dövlət üzərində qələbədir!

* Bu, separatizm üzərində tam qələbədir!

* Bu, bütün parametrlər üzrə mütləq və qəti qələbədir!

Bütün bunlar Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, müdrikliyi və "dəmir yumruğ"u sayəsində mümkün olub!

Ən əsası nəyi nə vaxt və necə etmək məharəti hesabına.

İlham Əliyev səbir etməyi də, əlverişli məqam seçməyi də, hansı vasitədən necə istifadə olunmasını da dəqiq müəyyənləşdirməyi məharətlə bacarır.

Dövlət başçısı seçildiyi ilk gündən sülh danışıqlarında daim iştirak etdi, münaqişənin dinc vasitələrlə həllinə daim dəstək verdi.

Xam xəyallara düşənlərə də daim xəbərdarlıq etdi:

* Azərbaycan bir qarış torpağını belə kimsəyə güzəştə getməyəcəkdir!

* Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verməyəcəkdir!

* Sülh danışıqları baş tutmasa, Azərbaycan münaqişəni digər vasitələrlə həll edəcəkdir!

Prezident İlham Əliyev böyük təmkin və uzaqgörənliklə "digər vasitə"dən istifadəyə də hazırlaşırdı.

* Tarixinin ən qüdrətli Azərbaycanını yaratdı!

* Müstəqil Azərbaycanı dünya birliyinin nüfuzlu üzvlərindən birinə çevirdi!

* Yeni gənclər nəsli tərbiyə etdi, onların da iştirak etdiyi qüdrətli ordu qurdu.

* Xüsusi təyinatlılardan, komandolardan ibarət hərbi hissələr yaradaraq onlara müntəzəm təlimlər keçirdi, ordunun peşəkarlığını yüksəltdi.

* Ordunu ən müasir silah-sursatla, yeni strategiya və taktika ilə təmin etdi.

* Azərbaycanın dostlarının, haqq işini müdafiə edənlərinin sayını artırdı.

Xalqın pozulmaz milli birliyinə nail oldu.

Vətən müharibəsi başlayarkən cənab İlham Əliyev yenə də təmkinlə və uzaqgörənliklə hərəkət etdi.

"Dəmir yumruq"la düşmən ordusunu məhv edərək qarşısında diz çökdürdü, qoyduğu şərtləri yerinə yetirərək kapitulyasiya aktını imzaladıqdan sonra hərbi əməliyyatları dayandırdı.

Havadarlarına güvənərək üçtərəfli Bəyanatın bir neçə vacib bəndini yerinə yetirmək istəməyən, Laçın dəhlizi vasitəsilə ərazilərimizə, əvvəllərdə olduğu kimi, yenə silah-sursat, mina, orduya təchizat daşınmasını davam etdirən düşmənə qarşı yeni bir əməliyyatla Xudafərin çayı üzərindəki körpünü ələ keçirdi, Azərbaycanın ərazi bütövlüyünü təmin etdi.

Düşmən yenə ağıllanmadı, separatçı əməllərini davam etdirdi.

Bu dəfə cəmi 23 saat çəkən lokal xarakterli antiterror əməliyyatı zamanı Dövlət suverenliyi və Konstitusiya əsasları da təmin olundu.

Ermənistana məxsus qanunsuz hərbi birləşmələr və terrorçu qrupları tərk-silah edildilər, Azərbaycan qanunlarını qəbul edib, Azərbaycan Konstitusiyası əsasında yaşamaq istəməyən haylar isə dinc şəkildə ərazilərimizi tərk etdilər.

Çox keçmədən İlham Əliyevin uzaqgörən siyasəti və müdrik addımları sayəsində daim ermənipərəst mövqeyində dayanan, əslində, görəcəyi bir iş qalmayan Rusiyanın sülhməramlı kontingenti də ərazilərimizdən çıxarıldı.

* Bu gün Azərbaycan ərazisində əcnəbi əsgər olmayan dövlətlərdəndir!

* Bu gün Azərbaycan dünyada separatizmə tam qalib gələn və bir nəfər belə separatçı yaşamayan dövlətlərdəndir.

Lakin ölkəmizin möhkəm və etibarlı sülh uğrunda mübarizəsi hələ də davam edir.

***

Kapitulyasiya aktına diz çökərək imza atan Ermənistan hələ də sülhdən yayınmağa çalışır.

"Dəmir yumruq" isə əvvəlkindən də yüksək səviyyədə hazır vəziyyətə gətirilmişdir.

Sülhyaratma prosesində gah Rusiyaya, gah Fransaya, gah da Avropa İttifaqına güvənən Ermənistan üçtərəfli Bəyanatın mühüm bəndlərini yerinə yetirmir, sülh müqaviləsinin imzalanmasını hər vəchlə uzadırdı.

Qətiyyətli mövqe nümayiş etdirən Azərbaycan erməni maraqlarının müdafiəçilərinə çevrilən vasitəçilərin hamısını danışıqlar prosesindən kənarlaşdırdı.

Ötən ayın əvvəllərində isə ABŞ Prezidenti Donald Trampın sülh yaradılmasında yardımçı olmaq istəyini qəbul etdi.

ABŞ-də Prezident D.Trampın iştirakı ilə keçirilən imzalanma mərasimində bir çox vacib sənədlər qəbul edildi, Cənubi Qafqazda möhkəm sülh yaradılması, ölkənin sülh və əməkdaşlıq məkanına çevrilməsi, Zəngəzur dəhlizinin (TRIPP) reallaşdırılması yönündə mühüm addımlar atıldı.

Kəlbəcərdə vətənə dönmüş keçmiş məcburi köçkünlərlə keçirilən görüşdə Azərbaycan Prezidenti İlham Əliyev mühüm qərarlar qəbul edilən və sənədlər imzalanan görüşün nəticələrini yüksək qiymətləndirərək dedi:

"Bəzi başqa ölkələr kimi, heç bir ölkənin torpağını zəbt etməmişik, etnik təmizləmə aparmamışıq, heç bir ölkənin şəhər və kəndlərini viran qoymamışıq. Biz öz torpağımızda döyüşmüşük, düşməni böyrü üstə qoymuşuq və ərazi bütövlüyümüzü bərpa etmişik, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında. Ancaq buna baxmayaraq, Ermənistana himayədarlıq edən ölkələr bizə qarşı daim hərəkətdə idi və Vaşinqton şəhərində, dünyanın bir nömrəli ofisində imzalanmış sənədlər bütün bu səylərə də son qoydu.

Yəni dünya birliyi, beynəlxalq aləm bizim Qələbəmizi və yeni reallıqları tam qəbul etmişdir və bu da özlüyündə tarixi hadisədir!"

Artıq Ermənistanın geriyə yolu yoxdur!

Sənədlərdə göstərilən bütün işlər görülməli, Azərbaycanın şərtləri tam təmin olunmalı, Zəngəzur dəhlizi (TRIPP) işə salınmalıdır!

***

Azərbaycan öz hədəflərinə doğru inamla addımlayır!

Qarabağda və Şərqi Zəngəzurda möhtəşəm və sürətli quruculuq işləri gedir.

Keçmiş məcburi köçkünlər uzun illər boyu həsrətini çəkdikləri doğma yurda böyük sevinclə qayıdır, dövlətin saldığı "smart" tipli yaşayış məntəqələrindəki bir-birindən yaraşıqlı və rahat evlərdə, mənzillərdə xoşbəxt günlərinə başlayırlar.

Erməni vəhşiliklərinin əlamətlərindən təmizlənən torpaqlarımızda dünyada tayı-bərabəri olmayan kəndlər, qəsəbələr, şəhərlər bir-birinin ardınca öz əbədi sakinlərini qəbul edirlər!

***

Otuzillik işğal dövründə erməni işğalçıları ərazilərimizi təkcə xarabalıqlara çevirməmişdilər, həm də özlərinə məxsus, niyyət və məqsədlərini əks etdirən "bina-abidələr" də yaratmışdılar.

Söhbət hayların təkcə bütün yaşayış məntəqələrində daş üstə daş qoymayaraq hər tərəfi viran qoymaqlarından, genosid, ekosid, urbisid törətmələrindən, dini abidələrimizi təhqir etmələrindən getmir.

Onlar həm də tarixi abidələri saxtalaşdırmış, soyqırımı aksiyalarında qəddarlıqları ilə fərqlənənlərin "xatirəsini əbədiləşdirmək üçün" müəyyən addımlar da atmışdılar.

Təbii ki, nə qondarma qurumların "yadigarları", nə də terrorçulara qoyulan "xatirə abidələri" müqəddəs torpaqlarımızda qala bilməzdi!

Onların da "dqr"ın statusunun ardınca göndərilməsi vacib idi!

Azərbaycan bunu da ədalətli və səriştəli şəkildə həyata keçirir.

***

ATƏT-in sülhyaratma missiyası dövründə ermənilər "artsax" adlı sarsaq bir qurum yaradaraq onu "müstəqil respublika" kimi qələmə verir, həmin "respublika"nın "fəaliyyəti"ni təmin edəcək "təsisatlar" təşkil edirdilər.

İşğal dövründə qondarma qurumlara hətta saxta "prezident" və "parlament" seçkiləri də keçirilirdi.

Dünya ölkələri bəyanat verərək seçkilərin nəticələrini tanımadıqlarını bildirsələr də, ATƏT bütün bunları nə görür, nə eşidir, nə də pisləyərək qəti tədbirlər görürdü.

Sanki gözləri kor, qulaqları kar, dilləri lal olmuşdu!

Ermənilər isə elə qudurmuşdular ki, daha Xankəndiyə sığışmırdılar...

Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşada saxta parlamentləri üçün yeni binanın inşasına başladılar.

Guya burada - təmiz havada işləyərək yeni "qanun"lar yaradacaq, sonda da Ermənistana birləşməkdən ötrü yeni "qanun" qəbul edəcəkdilər.

Qəhrəman Azərbaycan Ordusunun misilsiz Şuşa əməliyyatı hayların arzularını gözlərində qoydu!

Şuşa murdar ləpirlilərdən təmizlənərək paklaşdı, əvvəlki və əsl sahibinə qayıtdı.

Təbii ki, separatizmə xidmət edən və ölkəmizin ərazi bütövlüyünə zidd fəaliyyət göstərəcək qondarma parlament binası da gorbagor edildi!

"Dəmir yumruq" təkcə xəyanət təmsilçisi olan maddi nümunələrini deyil, separatizmin mənəvi nişanələrini də bir zərbəsilə yoxa çıxarmağı bacarır!

Şuşa 1993-cü ilin 8 mayında AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində işğala məruz qalmışdı.

Ermənilər bunu özlərinin ən böyük qələbəsi hesab edirdilər.

"İt damın kölgəsində yatar, elə bilər öz kölgəsidir" - Azərbaycan atalar sözüdür.

Ermənistanda təlim verilərək Azərbaycana göndərilən, Rusiyanın silah-sursatı, zabit kadrları ilə təchiz edilən Qarabağdakı terrorçu dəstələri və qeyri-qanuni silahlı birləşmələri özlərini yeni ərazilər "fəth etmiş" qəhrəmanlar kimi aparırdılar.

Azərbaycanlılara qarşı soyqırımlarında, mülki əhaliyə qarşı vandallıq aksiyalarında xüsusi qəddarlıqları ilə seçilənləri isə özlərinin milli qəhrəmanları təki təqdim edərək adlarına abidələr qoyurdular.

Belə psevdoqəhrəmanlara aid bina "Yerkrapa" terrorçu təşkilatının təşəbbüsü ilə Xankəndi şəhərində inşa olunmuşdu.

Şəhərin mərkəzi meydanında üç mərtəbədən ibarət, xaç formasında tikilən binanın açılışı 2013-cü ilin 8 mayında olmuşdu.

Bu münasibətlə təşkil olunan təntənəli mərasimdə ozamankı Ermənistan prezidenti S.Sarkisyan və qondarma rejimin ozamankı "prezidenti", hazırda Bakıdakı məlum ünvanda "çay içən" Bako Saakyan iştirak etmişdilər.

Erməni cəlladlarının vəhşiliklərini, terrorçuların murdarlıqlarını əks etdirən bu "muzey-bina" da "miatsum" ideyası kimi iflasa uğradığından Xankəndinin pak torpaqlarından silinərək yox edildi!

Separatçıların daha bir nişanəsi "artsax"ın "xarici işlər nazirliyi"nin binası idi.

Kasıb itinin adını "gümüş" qoyar - demişlər.

Artıq bunlar Azərbaycan ərazilərinə əbədi yiyələndiklərini düşünərək dünya dövlətləri ilə "əlaqələr" yaratmaq xülyasındaydılar.

Bu gün "həmkarları" ilə birlikdə Bakıdakı "çay qonaqlığı"nda iştirak edən David Babayan, gülməli də görünsə, "artsax"ın "xarici işlər naziri" təyin edilmişdi.

Doğrudur, Ermənistan özü də daxil dünyanın heç bir dövləti nə "dqr"ı, nə də "artsax"ı müstəqil dövlət kimi tanıdı və qəbul etdi!

Amma ermənilərin havadarları kimi çıxış edənlər qondarma qurumların "rəhbərləri"nin ABŞ Senatında, Fransa Milli Assambleyasında, Rusiya Dumasında qonaq kimi görüşlərini təşkil edirdilər, onlara "ürək sözləri"ni, açıqlamalarını söyləməyə imkan yaradırdılar.

Son sözü isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u dedi!

***

Erməni separatçılarının həyati fəaliyyətini mənəvi cəhətdən dəstəkləyən qurumlardan biri, bəlkə də birincisi ATƏT-in Minsk qrupu idi.

ATƏT-in Minsk qrupu işğalı aradan qaldırmaq, beynəlxalq hüququ təmin etmək üçün yaradılmışdı.

BMT-nin havada qalan və erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan ərazilərini tərk etməyə çağıran dörd qətnaməsinin icrasını, əslində, sülh və danışıqlar yolu ilə təmin etməli idi.

Yaradıldığı gündən Vətən müharibəsi başlayanadək ATƏT-in Minsk qrupu gəldi-getdi...

Saysız-hesabsız görüşlər keçirdi, danışıqlar apardı.

Həmsədr dövlətlərin nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri müntəzəm olaraq dəyişdi, yeniləndi...

* Hamısı uzun illər boyu ən yüksək əməkhaqqı aldılar.

* Azərbaycana gələndə doyunca plov, bozbaş yedilər...

* Ermənistana gedəndə tut arağı ilə donuz kababı "nuş" etdilər.

* Həm qazandılar, həm də istirahət etdilər.

Amma hansı məqsədlə yaradıldıqlarını unutdular...

İşğalçı ilə işğala məruz qalana heç bir fərq qoymadılar.

Əksinə, danışıqların müddətini uzatmaqla işğalın ömrünü uzatdılar!

Həm də şüurlu şəkildə!

Həm də erməni dəyirmanına su tökməklə!

Ermənilər də elə güman edirdilər ki, işğal müddəti uzananda Azərbaycan reallıqla barışmaq zorunda qalacaq, Qarabağı və I Qarabağ müharibəsini görməyən yeni nəsil yetişəndə daha torpaq uğrunda vuruşaraq qan tökən olmayacaqdır!

Öz ağılları, öz mənəviyyatları ilə ölçüb-biçirdilər.

Amma heç kim və heç nə Azərbaycan xalqının iradəsini qıra bilmədi!

Azərbaycan xalqı heç zaman torpaq itkisi ilə barışmadı!

Yeni yetişən nəsil "dəmir yumruğ"un ətrafında sıx birləşərək atalarının qisasını aldı.

***

44 gündə işğala da, bütün siyasi oyunbazlıqlara da son qoyuldu!

Müzəffər Ali Baş Komandan İlham Əliyev əvvəlcə hərb meydanında, diplomatiya sahəsində və informasiya müharibəsində düşməni biabırçı məğlubiyyətə uğratdı, diz çökdürərək kapitulyasiya aktını imzalatdırdı!

Sonra isə danışıqlar apararaq qoyduğu şərtlər əsasında sülh müqaviləsinin tələblərinin ardıcıllıqla yerinə yetirilməsinə nail oldu.

8 avqust Vaşinqton sülh danışıqları isə müharibədən sonrakı ən böyük uğurlardan birinə çevrildi!

Dünyanın bir nömrəli ofisində bir nömrəli prezidentin iştirakı və vasitəçiliyi ilə aparılan danışıqlar, imzalanan sənədlər Azərbaycanın bütün istəklərinin ifadəçisinə çevrildi.

Artıq Ermənistanın Baş naziri N.Paşinyanın Azərbaycanın şərtlərini yerinə yetirərək paraflanmış sülh müqaviləsinin imzalanması üçün zəruri addımlar atmaqdan başqa yolu yoxdur!

Trampın adını daşıyan Zəngəzur dəhlizinin (TRIPP-in) işə salınması da zaman məsələsidir.

***

Uzun illər boyu arabanın beşinci təkəri, habelə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "həll simvolu" sayılan ATƏT-in 44 günlük Zəfər müharibəsindən sonra görəcəyi iş qalmamışdı...

Amma onun "təcrübəsi"ndən bəhrələnməyə çalışanların, artıq həll olunmuş münaqişəni yenidən hansısa formada beynəlxalq miqyasa çıxarmaq istəyənlərin gizli və mənfur istəkləri də vardı...

Odur ki, bu yarıtmaz qurumu hər vəchlə saxlamağa, yeni bir qiyafədə xortlatmağa çalışanlar çox cəhdlər göstərirdilər...

Lakin Azərbaycan Prezidenti İlham Əliyevin möhkəm iradəsi və qətiyyəti ilə qarşılaşdıqlarından onu konservləşdirilmiş vəziyyətdə saxlamağa çalışırdılar.

Cənab İlham Əliyev Vaşinqton görüşündə bu niyyətlərə də son qoydu!

Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in hazırda fəaliyyətdə olan sədrinə birgə məktub imzaladılar.

Sentyabrın 1-də Minsk prosesi və əlaqədar strukturların bağlanması barədə ATƏT Nazirlər Şurası qərar qəbul etdi.

Strukturun bağlanmasından irəli gələn təşkilati və texniki məsələlərin 1 dekabr 2025-ci ildən gec olmayaraq yekunlaşdırılması ATƏT katibliyinə tapşırılmışdır.

Bununla da fərsiz bir qurum kimi tanınan ATƏT-in Minsk qrupu tarixin arxivinə verildi!

Göründüyü kimi, hələlik "dəmir yumruq" gücünü və qüdrətini saxlamaqla öz funksiyasını ikitərəfli formatda keçirilən sülh danışıqlarına vermişdir.

Qısa müddətdə bu sahədə görülən işlər, xüsusən, Vaşinqton razılaşmaları isə göstərir ki, artıq Cənubi Qafqaz sülh və əməkdaşlıq məkanına çevrilir və kimsə burada sabitliyi pozmaq niyyətinə düşə bilməz!

Bəli, İlham Əliyev istədiklərinə bir-bir və tələsmədən nail olur.

Azərbaycanın yeni tarixi, Zəfər tarixi yazılır!

Bəxtiyar SADIQOV

Seçilən
73
azerbaijan-news.az

1Mənbələr