AZ

Pullu qul

Öncə uca millətimizi bir-birinə qarışmış iki əziz bayramı münasibətiylə təbrik edirəm. Şübhəsiz, neftçilər günümüzlə suverenlik günümüz sıx surətdə əlaqəlidir. Əgər bunlardan birincisi olmasa, çətin ikinci də olardı. Ya da tərsinə - baxır siz hardan baxırsınız. 

Ümumiyyətlə, sentyabr bir çox başqa aylara nisbətən yaxşı bayramlarla doludur. Bunlardan biri də 18 sentyabrda qeyd olunan musiqi günümüz idi. Dərindən (məsələn, qara zurnanın deşiyindən) baxsan, hazırda musiqimiz də neftlə bağlıdır. Buruğun biri az işləsə, xalq artistləri səhərdən axşama ancaq qoboy çalar. Neft, musiqi və suverenlik təxminən muğam üçlüyü, triosu kimidir, üçü birlikdə çalışır, xalq zövq alır. 

Sözgəlişi, neft deyilən bu şey necə yaranıb, bu haqda müxtəlif fərziyyələr var. Bir versiya belədir ki, neft ölmüş dinozavrlardır. Başqa mistik ideyaya görə neft torpağın qanıdır. Şairlərə görə o, qədim insanların göz yaşlarıdır. Mənim versiyama görə nefti yerin altında cinlərin laboratoriyası istehsal edir. Bu haqda dini kitabda da var, deyir “biz cinləri zəhərli atəşdən yaratmışıq”. Yəni, aşağı-yuxarı neft və cin eyni maddi tərkibə malikdir. Faktiki biz cinləri ram edib özümüzə işlədirik. 

Yaxşı yadıma düşdü, zalım sovet hökumətinin vaxtında bizim multik zəhmətkeşləri Allah heç qoymasa guya uşaqlar üçün bir animasiya çəkmişdilər, orda neftin çıxarılmasından bəhs olunurdu. Neftin simvolu qız idi, onun yer-dəniz altında ifrit valideynləri vardı, imkan vermirdilər nefti çıxarıb xoşbəxt olaq. Ordakı eybəcər səsləri indiyəcən xatırlayıram, uşaqlıq travmamdır. Bəlkə o multikə baxmasam indi neftçi işləyirdim. (İnternetdə var, “Şahzadə qara qızıl” adlanır, həvəsiniz olsa baxın. Amma uşaqlara göstərməyin, 18 plyusdur). 

Qayıdaq mövzuya, mövzu isə elm-təhsil sahəsində inkişafın zirvələrə qalxmasıdır. Təsəvvür edin, hətta 78 yaşında bir qarı peşə məktəbinə giribdir! Yəni, hamı oxuyub-öyrənməyə çalışır, daha kimsə pensiya, uşaq pulu, Soros fondu, USAİD, Yaponiya hökumətinin qrantı, Allahdan buyruq-ağzıma quyruq kimi vəsaitlərə ümid etmir. Bəlkə mən özüm də təzədən neftçilik oxudum, çünki belə baxıram əsas perspektivli sənətimiz yaxın illərdə bu olacaqdır. Neft olmasa heç maşın sürüb yarış keçirmək də mümkün deyildi. Əynimizdəki geyimlər neft məhsulu poliesterdən hazırlanır. Şair demişkən: “Sevgilim, neft olmasa varlıq bütün əfsanədir”. Bircə neftdən kabab çəkməyi də öyrənsək hər şey yaxşı olacaq.  

Lakin bəzi məktəb direktorları təhsilə, elmə, musiqiyə, neftə, dövlətçiliyə bu cür yüksək səviyyədə qayğını düzgün qiymətləndirə bilmir, siyasi savadsızlığa yol verən açıqlamalarla diqqət mərkəzinə gəlirlər. Bakıdakı məktəblərdən birinin direktoru, misal üçün, görün nə deyib: “Mən də burada qulam, pul almışam, yaxşı eləmişəm”. 

Pul nə qədər, kimdən, nə üçün alınıb, doğrusu mənə məlum deyil. Səhv etmirəmsə, valideynlərdən məktəbin remontu, dərs vəsaitləri, surətçıxarma aparatı və sairə üçün pul yığılırmış. 

Belə hal mümkündürmü? Əlbəttə. Amma guya kim pulsuz işləyir? Hərə hansısa istiqamətdə “sökür”. Ara yerdə direktorun yaxası əldə qalır. Kim düzgün yaşayırsa, buyursun, ilk daşı tolazlasın. 

Sözgəlişi, bir məktəb direktoru tanıyırdım, işə sürət qatarı ilə gəlib-gedirdi, axırda bu cür valideyn donquldanmalarından bezdi, işdən çıxıb getdi. İndiki direktorun “Prado”su var, hamı da alqışlayır, heç kim narazılıq bildirmir. 

Yeganə olaraq direktorun “mən də qulam” ifadəsi xoşagəlməzdir, ölkəmizdəki azadlığa yaraşmır. Məncə onu məhz buna görə işdən qovacaqlar. Axı harda görünüb qul pul yığsın? Qul pulsuz, maaşsız, yalnız geyim, yemək və yatacaqla işləyən məxluqa deyilir. 

Yox, əgər bu həqiqətdirsə, belə çıxır bizdə qulların da əli pulla oynayır. 

Seçilən
16
musavat.com

1Mənbələr