AZ

Cənubi Qafqazda sülh və təhlükəsizliyi təmin edən mühüm faktor

Vaxtilə Ümummilli Lider Heydər Əliyev deyirdi ki, "Bizim qarşımızda duran əsas məqsəd, vəzifə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlamaq və inkişaf etdirməkdən ibarətdir".  Artıq bu, arzu deyil, biz gündəlik həyatda, ölkəmizin iqtisadi göstəricilərində, sosial sahədə əldə edilmiş nailiyyətlərdə görürük ki, Prezident İlham Əliyevin həyata keçirdiyi  islahatların çox böyük əhəmiyyəti var. Bu, həm də ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında da  öz əksini ifadə edir. Vətən müharibəsində parlaq Qələbə qazanaraq,  Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etdi. Torpaqlarımız erməni işğalından azad olundu. Buna bütün nəsillərin nümayəndələri öz töhfələrini verməklə, canları, qanları bahasına qəhrəmanlıq göstərərək tarixi Qələbəni qazandı. Bu Qələbə hər bir azərbaycanlıya  stimul verdi, ləyaqətini qaytardı, əyilmiş qamətini dikəltdi. Əlbəttə, bu, həm də aparılan uzaqgörən, düşünülmüş, müdrik siyasətin nəticəsi idi.   

Xalqımızın yaddaşında əbədi qalacaq 44 günlük Vətən müharibəsində parlaq qələbədən sonra Azərbaycan Ermənistana sülh və ikitərəfli münasibətlərin normallaşdırılmasını təklif etdi. Prezident İlham Əliyev İrəvanı bu tarixi fürsətdən istifadə etməyə, suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi bağlamağa çağırdı. Lakin Ermənistanın hərbi-siyasi rəhbərliyi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını tam şəkildə yerinə yetirmək əvəzinə, təxribatlar edir, üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırırdı. 2023-cü il sentyabrın 2-də Ermənistanın Baş naziri Nikol Paşinyan qanunsuz xunta liderlərini qondarma "müstəqillik günü" münasibətilə təbrik etdi. Bundan əlavə, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əldə edilmiş razılaşmalara baxmayaraq, 2023-cü il sentyabrın 9-da Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət daşıdığı ərazidə qondarma "seçkilər" keçirildi və nəticədə qondarma "prezident" seçildi. Eyni zamanda Ermənistan Azərbaycan ərazisinə canlı qüvvə, silah və hərbi  texnika göndərməkdə davam etdi. Bundan başqa, Rusiya sülhməramlı kontingentinin məsuliyyəti zonasında erməni tərəfi yeni istehkamlar tikməyə, mövqelərinin möhkəmləndirilməsi üçün mühəndis işləri aparmağa cəhd göstərir və minalar  basdırırdı.

Belə ki, 2023-cü il sentyabrın 19-da Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda erməni diversiya qrupları tərəfindən əvvəllər yerləşdirilmiş minanın partlaması nəticəsində iki mülki şəxs həlak oldu. Həmin gün Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan avtomobil minaya düşərək partladıldı, nəticədə 4 nəfər həlak oldu. Bütün bunlar Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, erməni birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, o cümlədən bölgədə konstitusiya quruluşunun bərpası məqsədilə lokal antiterror tədbirlərinə başlanılması üçün real zəmin yaratdı.

Nəhayət, Vətən müharibəsində Qələbəmizin davamı olaraq, 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri keçirildi, Azərbaycan öz suverenliyini tamamilə bərpa etdi. Xankəndi, Ağdərə, Əsgəran, Xocavənd və Xocalıda erməni separatizmi kökündən kəsildi. İstər 44 günlük Vətən Müharibəsi, istərsə də, 1 gündən də az davam edən antiterror əməliyyatı zamanı Azərbaycan Ordusu bütün dünyaya ləyaqətlə mübarizə apardığını bir daha nümayiş etdirdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərdi. 

Əməliyyat öncəsi hərbi birləşmələrə mülki şəxslərin qorunması ilə bağlı tapşırıqlar verilmişdi. Müdafiə Nazirliyi mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün müxtəlif xəbərdarlıq tədbirləri həyata keçirdi. Antiterror tədbirləri aparıldığı zaman mülki əhali hədəf alınmadı, mülki infrastruktura zərər vurulmadı, yalnız legitim hərbi infrastruktur və obyektlər sıradan çıxarıldı. Yaşayış yerlərini tərk etməmək barədə Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına, tətbiq etdiyi reinteqrasiya proqramına baxmayaraq, erməni sakinlər Azərbaycan ərazilərini tərk etmək barədə qərar verdilər. Bu onların azad seçimi idi və bütün bunlar dünyanın gözü qarşısında baş verdi. 

Azərbaycan tarix yazdı:  23 saat ərzində  Ermənistanın Qarabağda illərdir qanunsuz olaraq saxladığı 15-18 minlik işğalçı hərbi dəstələrini təslim olmağa  məcbur etdi. Qarabağda 100 ildən çox kök salmış separatizm tamamilə məhv edildi, ölkəmizin suverenliyi və konstitusiya quruluşu Qarabağın hər yerində bərpa olundu.

Sentyabr əlamətdar tarixlər ayıdır. Bu gün biz Azərbaycan Ordusunun 2023-cü il 19-20 sentyabr tarixlərində uğurla həyata keçirdiyi unikal antiterror əməliyyatının ildönümünü qeyd edirik. Sentyabrın 20-də ölkəmizdə və regionda müsbət proseslərin əsasını qoyan tarixi "Əsrin müqaviləsi"nin 31 illiyi tamam olacaq. "Əsrin müqaviləsi" müstəqil Azərbaycan üçün təkcə iqtisadi nailiyyət deyil, həm də möhtəşəm siyasi və diplomatik uğurdur. 27 sentyabr Qələbəyə aparan yolun başladığı gündür.  Həmin gün biz Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların hamısını yad edirik. Prezident İlham Əliyevin sərəncamı ilə hər il sentyabrın 20-si Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü və Dövlət Suverenliyi Günü kimi qeyd edilir.  Bu tarixlərin hər biri ölkənin müasir tarixinə qızıl hərflərlə yazılıb. Və fəxr edə bilərik ki, təqvimimizdə belə tarixlər var. 

Cəmi beş il əvvəl Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasını, eləcə də Ermənistanın, dünya ölkələrinin, beynəlxalq təşkilatların da bu reallığı qəbul edəcəyini təsəvvür edə bilərdikmi? Doğrudur, biz inanır və ümid edirdik ki, gec-tez ədalət bərpa olunacaq. Ancaq, düzünü desək, belə sürətli qələbəyə inananlar az idi. Yalnız Azərbaycan Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bunu qəti şəkildə bilirdi. Dövlətimizin başçısı hər gün, hər saat öz tarixi missiyasını həyata keçirmək üçün bütün qüvvələri səfərbər edirdi. Azərbaycan yeganə dövlətdir ki, öz ərazi bütövlüyünü bərpa edib, incəliklə "dondurulmuş" adlandırılan, "həll olunmaz" kimi göstərilən münaqişənin ədalətli həllinə nail oldu. 

Ötən 80 il ərzində heç kim torpaqlarının azad edilməsi, işğalçının təslim olması ilə müharibədə tam qələbə qazana bilməyib. Prezident İlham Əliyev qarşıya qoyduğu bu məqsədə uğurla nail oldu. 

Bakı sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Təşəbbüsün müəllifi Azərbaycan Prezidenti İlham Əliyev idi. Ölkəmizin, xalqımızın yaşadıqları bütün faciələrə, işğalın Azərbaycana vurduğu bütün zərərlərə baxmayaraq, Azərbaycan rəhbəri keçmiş işğalçıya Ermənistanı aşağılayacaq sənəd deyil, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə əsaslanan və iki xalq üçün uzunmüddətli sülhü təmin edən saziş imzalamağı təklif edib. Bu, Azərbaycanın ruhunu, onun rəhbərinin müdrikliyini göstərən çox humanist addım idi. Qalib ölkə məğlub olan düşmənə ədalətli sülh üçün bərabər şərait təklif edir.

Avqustun 8-də Vaşinqtonda imzalanan birgə bəyannamə sülh müqaviləsi istiqamətində atılan ən mühüm addımdır. Vaşinqtonda  əldə olunan tarixi nəticələr:  sülh sazişinin paraflanması, ATƏT-in Minsk qrupunun ləğv edilməsi, Zəngəzur dəhlizinin (TRIPP) açılması üçün razılığa gəlinməsi  onu göstərir ki, Cənubi Qafqaz  bir neçə il əvvəl qeyri-mümkün görünən tektonik dəyişiklikləri yaşayır. Bu gün region uzun sürən münaqişənin davamlı sülh və mehriban qonşuluq mərhələsinə qədəm qoyur. Bu yeni reallığın baş memarı hərbi-siyasi vasitələrlə ölkənin ərazi bütövlüyünü bərpa edən və bununla da bütün regional arxitekturanı yenidən yaradan Prezident İlham Əliyevdir. Dövlət başçısı, bir daha bütün dünyaya, hətta Azərbaycanın haqlı mövqeyinə qarşı çıxan siyasi dairələrə, revanşist qüvvələrə, Azərbaycanı daxildən parçalamağa çalışan təşkilatlara, dövlətimizin inkişafını, bütövlüyünü qəbul etmək istəməyən antimilli qruplara, özünü radikal müxalifət adlandıran, lakin Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına, bu tarixi ərazilərdə aparılan tikinti-quruculuq işlərinə, öz doğma yurdlarına qayıdan insanların xoşbəxtliyinə sevinməyən şəxslərə sübut etdi ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, ərazi bütövlüyünü və suveren hüquqlarını təmin edib və davamlı inkişaf edərək Cənubi Qafqaz regionunun lideri statusunu qazanıb.

İndi sülhün və təhlükəsizliyin təmin olunması üçün mühüm vəzifə və öhdəliklərin başa çatdırılması istiqamətində düşünülmüş, ardıcıl işlər aparılır. Biz inanırıq ki, bu məqsədə də nail olacağıq!  Çünki  Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Azərbaycan indi keçmiş Azərbaycan deyil. Azərbaycan dünya birliyində öz yerini tapıb və hər yerdə nəinki tanınır, hər yerdə öz sözünü deyir, öz siyasətini həyata keçirir. Bu gün  Azərbaycan qarşısında dayanan taleyüklü məsələləri həll edərək, daha da inkişaf edir, beynəlxalq aləmdə özünü təsdiqləyir, haqqını qoruyur. İndi dövlətimizin təkcə bölgədə deyil, dünyada nüfuzu artır. Ölkəmiz qlobal təşəbbüslər irəli sürür, bütövlükdə dünyanı düşündürən məsələləri səsləndirir, təkliflər irəli sürür, sülh, təhlükəsizlik, harmoniya, bərabərlik, ədalətlilik naminə öz layiqli töhfələrini verir.  Azərbaycan Prezidentinin siyasi uzaqgörənliyi, xalqla birliyi və qətiyyətli mövqeyi bütün ölkələrin liderləri tərəfindən hörmətlə qarşılanır. Hər kəs aydın şəkildə görür ki, onun üçün xalqımızın və dövlətimizin maraqları birinci yerdədir. O, təkcə siyasi baxımdan deyil, eyni zamanda şəxsi keyfiyyətləri - uzaqgörənliyi, prinsipiallığı və xalqına bağlılığı ilə dünya liderlərinin, eləcə də beynəlxalq ictimaiyyətin dərin hörmətini qazanmışdır. Bəli, Azərbaycan sübut etdi: Cənubi Qafqazda  sülh yalnız ədalətin bərpasından sonra mümkündür.

Hicran HÜSEYNOVA,

Milli Məclisin Komitə sədri, professor 

Seçilən
35
azerbaijan-news.az

1Mənbələr