Azərbaycanın hərb tarixinin qürurdoğuran səhifələrindən biri olan antiterror tədbirlərindən iki il ötür. Qarabağdakı erməni separatçılarına qarşı 2023-cü il sentyabrın 19-20-də keçirilən bu əməliyyat Vətən müharibəsindən sonra respublikamızın növbəti möhtəşəm zəfəri oldu. Bunun nəticəsində Qarabağda erməni separatçılığına birdəfəlik son qoyuldu, Azərbaycan Respublikasının konstitusiya quruluşu bərqərar edildi, bütün ərazilərimiz üzərində dövlətimizin milli suverenliyi təmin olundu.
2020-ci ildə Vətən müharibəsinin başa çatmasından sonra rəsmi Bakı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Qarabağ iqtisadi rayonunda Azərbaycanın suverenliyinin və konstitusiya quruluşunun bərpa edilməsi üçün geniş siyasi-diplomatik fəaliyyət həyata keçirdi. Lakin 2020-2023-cü illərdə dövlətimizin bu istiqamətdə atdığı addımlar Ermənistan tərəfindən qeyri-konstruktiv qarşılandı. Həmin dövrdə sülh prosesindən müxtəlif bəhanə, spekulyasiya və hərbi təxribatlarla yayınan İrəvan Azərbaycan dövlətinin yaratdığı şansı dəyərləndirə bilmədi.
Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə düşən öhdəliklərini də kobud şəkildə pozaraq, qoşunlarının qalıqlarını Qarabağdan çıxarmadı. Qarabağdakı erməni separatçılar isə tərk-silah edilmədilər. Bunun nəticəsi kimi 2023-cü ilin sentyabr ayına qədər Qarabağdakı separatçılar tərəfindən Azərbaycan Ordusunun mövqelərinə, habelə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərində çalışan mülki vətəndaşlarımıza qarşı davamlı şəkildə təxribatlar törədildi. Üstəlik, Laçın yolu ilə Ermənistandan Qarabağa silah-sursat daşınır, ərazilərimiz minalanırdı. Bunlarla yanaşı, separatçılar Qarabağın təbii sərvətlərini talan edərək Ermənistana daşıyır, respublikamızın ekosisteminə zərər vururdular.
Buna qədər ordumuz tərəfindən uğurla həyata keçirilən Fərrux və Qisas əməliyyatları, 2023-cü ilin aprelində Laçın rayonunda Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsinin yaradılması ermənilər üçün, əslində, xəbərdarlıq idi. Bütün bunlar onu göstərirdi ki, ərazilərimizdə separatçılığa son qoyulacağı, Qarabağ torpaqlarında Azərbaycanın konstitusiya quruluşunun bərpa ediləcəyi gün uzaqda deyil. Cənab Prezident İlham Əliyev çıxışlarında, Qarabağ və Şərqi Zəngəzura köçən vətəndaşlarımızla görüşlərində bir neçə dəfə Qarabağdakı separatçılara xəbərdarlığını etmişdi. 2023-cü ilin may ayında Laçın şəhərinə qayıdan vətəndaşlarımızla görüşdə Prezident İlham Əliyev bildirmişdi ki, o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. 2023-cü il iyunun 23-də Müdafiə Nazirliyinin komando hərbi hissəsində hərbçilər qarşısında çıxış edən Prezident İlham Əliyev bir daha xəbərdarlığını edərək demişdi: "Biz hələlik özümüzü təmkinlə aparırıq. Son iki il yarım ərzində biz bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə öz gücümüzü göstərmişik, birincisi, onların hərbi təxribatlarına cavab olaraq. İkincisi, onlara bir siqnal göndərmişik ki, özlərini yaxşı aparmasalar, öz imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq".
Lakin Qarabağdakı separatçılar bu xəbərdarlıqlardan, Vətən müharibəsində aldıqları acı dərsdən nəticə çıxarmaq istəmədilər. Əksinə, Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatlar həyata keçirir, Ermənistandan silah daşıyır, yolların terror məqsədilə minalanmasını həyata keçirir, mülki təyyarələrin uçuşlarına radioelektron vasitələrlə problemlər yaradırdılar. Bütün bunlar separatçılara qarşı təsirli tədbirlərin həyata keçirilməsini zəruri edirdi. 2023-cü il sentyabrın 19-da separatçılar tərəfindən polislərimizə və mülki vətəndaşlarımıza qarşı həyata keçirilən terrorçu hücumlar isə Azərbaycan Ordusu tərəfindən təxirəsalınmaz tədbirlərin görülməsini qaçılmaz etdi. Üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən 2023-cü il sentyabrın 19-da başladılan lokal xarakterli antiterror tədbirləri cəmi 23 saat çəkdi. Bir sutkadan da az davam edən və Qarabağdakı separatçıların darmadağın edilməsi ilə nəticələnən antiterror tədbirləri Azərbaycan Ordusunun düşmənə vurduğu növbəti "dəmir yumruq" oldu. Bu hadisə Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli siyasətin növbəti təntənəsi oldu, ordumuzun malik olduğu yüksək döyüş qabiliyyətini bir daha nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinin ardınca növbəti tarixi zəfərimizin müəllifinə çevrildi.
Antiterror tədbirləri nəticəsində Azərbaycan ərazilərində hələ 19-cu əsrdən başlanmış erməni separatçılığına son qoyuldu. Bununla dünya erməniliyinin, başda Fransa olmaqla, erməni təəssübünü çəkən siyasi dairələrin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi çirkin planları iflasa uğradıldı.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda erməni separatizminə son qoyulması nəticəsində regionda sülhün əldə edilməsi üçün əlverişli şərait formalaşdı. Məhz bundan sonra Ermənistan rəhbərliyinin Azərbaycanın şərtləri ilə razılaşmaqdan başqa yolu qalmadı. Avqust ayında sülh sazişi layihəsinin Ermənistan tərəfindən paraflanması göstərdi ki, cənab İlham Əliyev qalib lider kimi həm də regionda sülhü bərqərar edir.
2023-cü il sentyabrın 20-də uğurla başa çatan antiterror tədbirlərinin əsas nəticələrindən biri də odur ki, bununla Azərbaycan dövləti Qarabağda respublikamızın konstitusion əsaslarını və suverenliyini bərpa etdi. Bu hadisə Azərbaycanın müasir tarixində dövlət suverenliyinin təşəkkülü prosesinin mühüm mərhələsidir. Ona görə "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd olunur.
Suveren dövlət daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Prezident İlham Əliyevin sözügedən sərəncamında qeyd olunduğu kimi, Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Qarabağda erməni separatizminə son qoyulması, Azərbaycan Respublikasının qanunlarının aliliyinin təmin olunması və beləliklə, milli suverenliyimizin tam təmin edilməsi Prezident İlham Əliyevin "Nəyi necə nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Azərbaycan xalqı mənə inanır. Mən də bu inama arxalanaraq bütün lazımi tədbirləri görürəm" sözlərinin növbəti təntənəsi və təsdiqi oldu.
O da reallıqdır ki, ziddiyyətli və gərgin qlobal konyunkturanın mövcud olduğu, beynəlxalq hüququn tapdalandığı bir şəraitdə dövlətlərin öz milli hüquqlarını təmin etmək imkanları da nəinki məhdud, demək olar ki, mümkün deyil. Lakin tarixə ekskurs edərək prosesləri bir daha nəzərdən keçirəndə görürük ki, Prezident İlham Əliyev uzaqgörən və düşünülmüş siyasəti ilə təmkinlə dövlətimizi öz milli hədəflərinə uğurla çatdırıb, Azərbaycanın hüquqlarını layiqincə təmin edib. Artıq dövlət suverenliyimiz və ərazi bütövlüyümüz bərpa olunub, sərhədlərimiz isə toxunulmazdır.
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı