AZ

Dövlət suverenliyi və iqtisadi müstəqillik

2023-cü ilin 19-20 sentyabrında həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı  Azərbaycan dövlətçiliyinin tarixində yeni mərhələ açdı. Belə ki, bu əməliyyat nəticəsində separatizmə son qoyuldu və dövlət suverenliyinin tam bərpası öz məntiqi sonluğuna çatdı. Bu münasibətlə Prezident İlham Əliyev tərəfindən Dövlət Suverenliyi Gününün təsis edilməsi müstəqil, ləyaqətli və qətiyyətli dövlət siyasətinin təntənəsidir.

Dövlət suverenliyi dünyanın bütün siyasi sistemlərində ali prinsip hesab olunur. Bu, sadəcə beynəlxalq-hüquqi status deyil, eyni zamanda iqtisadi məzmun daşıyan bir anlayışdır. İlk baxışdan suverenlik atributlarla - bayraq, gerb, himn və konstitusiya ilə təzahür etsə də, real məzmun yalnız bu simvolların arxasında dayanan siyasi və iqtisadi güclə, müstəqil siyasətlə formalaşır.

Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıq da göstərdi ki, suverenliyin bərpası real güc tələb edir. Onun bərpası uzunmüddətli və mərhələli proses olmuşdur və əsası 1990-cı illərin ortalarından Ulu Öndər tərəfindən qoyulmuşdur.

Suverenliyin mahiyyəti

Suverenlik dövlətin öz ərazisində və beynəlxalq münasibətlərdə müstəqil qərar vermək hüququ və imkanlarıdır. Bu, daxili və xarici siyasətdə qərarvermə azadlığı, daxili resurslara əsaslanan idarəetmə, xalqın iradəsi ilə formalaşan ali hakimiyyət və ərazi bütövlüyünü qoruma bacarığı deməkdir. Əsl suverenlik yalnız hüquqi status deyil, həm də real gücdür və heç bir halda güzəştə getməyəcək prinsipial dəyərdir. Bu yanaşma Azərbaycanda dövlət siyasətinin əsasının təşkil etmişdir. 

Heydər Əliyev mərhələsi: dövlətçilik və iqtisadi quruculuq

Ulu Öndər Heydər Əliyev dövlətçiliyi qorumaq ənənəsinin əsasını qoyaraq müstəqil idarəetmə aparatını formalaşdırdı. Onun rəhbərliyi ilə vahid dövlət siyasəti quruldu, ictimai-siyasi sabitlik təmin edildi və ölkə inkişaf yoluna çıxarıldı. "Əsrin müqaviləsi"nin imzalanması və Dövlət Neft Fondunun yaradılması dövlət suverenliyini iqtisadi əsaslarla gücləndirən mühüm addımlar oldu.

Dövlət suverenliyi və iqtisadi müstəqilliyin qarşılıqlı əlaqəsi

Dövlət suverenliyi və iqtisadi müstəqillik arasında sıx əlaqə mövcuddur. İqtisadi müstəqillik olmadan real siyasi suverenlikdən danışmaq mümkün deyil. Xarici iqtisadi asılılıq siyasi qərarvermə azadlığını məhdudlaşdırır, güzəşt riskləri yaradır. Güclü iqtisadi baza isə dövlətə diplomatik manevr imkanları qazandırır və milli maraqları qorumağa xidmət edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlət siyasəti daha da möhkəmləndi. Ərazi bütövlüyü bərpa olundu, enerji təhlükəsizliyi dövlət siyasətinin mərkəzi istiqamətinə çevrildi, strateji layihələr suverenlik baxımından yeni imkanlar yaratdı. Dövlət başçısının siyasətində suverenlik yalnız siyasi bəyanat deyil, milli strateji hədəf kimi müəyyənləşdirildi. Müstəqil dövlət siyasəti qətiyyətlə həyata keçirildi. Siyasi və iqtisadi müstəqillik uğurlu bir şəkildə uzlaşdırıldı. Enerji təhlükəsizliyi dövlət suverenliyinin  əsaslarını möhkəmləndirdi. 

Suverenliyi möhkəmləndirən iqtisadi amillər

Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi aşağıdakı bir sıra amillərə söykənir:

* Strateji resursların dövlətin öz nəzarətində saxlanılması;

* Aşağı xarici borc səviyyəsi;

* İnkişaf proqramlarının daxili resurslar hesabına həyata keçirilməsi;

* Yüksək valyuta ehtiyatları (78,4 milyard dollar);

* Enerji və nəqliyyat layihələri (TANAP, TAP, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars) vasitəsilə regional təsir imkanlarının genişlənməsi.

Bütün bunlar Azərbaycanı regionda enerji və nəqliyyat sahəsində mühüm oyunçuya çevirib.

İlham Əliyevin baxışları

Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır:

* "Azərbaycan müstəqil siyasət aparan dövlətdir və heç bir dairənin təsiri altına düşmür".

* "İqtisadi cəhətdən müstəqil olmayan ölkə heç vaxt siyasi cəhətdən tam müstəqil ola bilməz". 

* "İqtisadi müstəqillik bizim milli təhlükəsizliyimizin əsas dayağıdır".

* "Müstəqillik bizim ən böyük sərvətimizdir. Biz onu qoruyacağıq, gücləndirəcəyik və əbədi edəcəyik".

* "Bizim heç bir beynəlxalq təşkilat qarşısında öhdəliyimiz yoxdur ki, o, suverenliyimizi məhdudlaşdırsın".

* "Neft Fondu Azərbaycanın iqtisadi suverenliyinin əsas dayaqlarındandır".

Bu baxışlar göstərir ki, iqtisadi müstəqillik həm milli təhlükəsizliyin əsas dayağıdır, həm də siyasi suverenliyin təminatçısıdır.

Dövlət suverenliyi yalnız hüquqi atributlarla deyil, iqtisadi güc və təhlükəsizliklə qorunur. Azərbaycan təcrübəsi göstərir ki, iqtisadi müstəqilliyin möhkəmləndirilməsi dövlət suverenliyini təmin edən ən etibarlı yoldur. Bu yol həm milli maraqların müdafiəsini, həm də ölkənin beynəlxalq aləmdə müstəqil və güclü oyunçu kimi mövqeyini təmin edir.

Azər ƏMİRASLANOV,

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr